PDF Oxu

Siyasət

  • 1 205

Azərbaycan - Çexiya münasibətlərində yüksələn dinamika - ŞƏRH

image

2026-cı il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüş və sonrasında mətbuata verilən bəyanatlar iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlandığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində səsləndirilən fikirlər göstərdi ki, Bakı və Praqa arasında əməkdaşlıq artıq ənənəvi sahələrlə məhdudlaşmır, yeni istiqamətlər üzrə də dərinləşməkdədir.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Çexiya arasında münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq bildirdi ki, bu əlaqələr qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Dövlət başçısı xüsusilə qeyd etdi ki, enerji, iqtisadiyyat, nəqliyyat və humanitar sahələrlə yanaşı, müdafiə sənayesi istiqaməti də son dövrlərdə prioritet əməkdaşlıq sahələrindən birinə çevrilib.

Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulub və o vaxtdan etibarən əlaqələr davamlı inkişaf yolu keçib. Çexiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış və qısa müddət sonra diplomatik münasibətlər qurulmuşdur. İki ölkə arasında siyasi dialoq, qarşılıqlı səfərlər və imzalanmış sənədlər bu münasibətlərin sistemli şəkildə inkişaf etdiyini göstərir.

Bu gün Azərbaycan–Çexiya əlaqələri siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Həmçinin, iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrin praktiki müstəvidə inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin görüşü və səsləndirdikləri bəyanatlar göstərir ki, Azərbaycan–Çexiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsi bu əlaqələrin strateji xarakter aldığını təsdiqləyir.

Mövcud dinamika onu deməyə əsas verir ki, yaxın gələcəkdə Bakı və Praqa arasında əməkdaşlıq daha da dərinləşəcək, yeni layihələr və təşəbbüslər vasitəsilə tərəfdaşlıq daha geniş miqyas alacaq. Bu isə həm iqtisadi inkişaf, həm də regional təhlükəsizlik baxımından mühüm nəticələr vəd edir.

Məhərrəm Hacıyev

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər