PDF Oxu

Siyasət

  • 926

Azərbaycan–Çexiya münasibətləri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata birgə bəyanatlarla çıxış ediblər. Görüş iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan ilə Çexiya arasında münasibətlər dinamik şəkildə inkişaf edir və tərəflər arasında fəal siyasi dialoq mövcuddur. Dövlət başçısı vurğulayıb ki, həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

İqtisadi sahədə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub. Qeyd edilib ki, iki ölkə arasında ticarət dövriyyəsi artıq 800 milyon ABŞ dollarını ötüb. Bununla belə, tərəflər ticarət əlaqələrinin daha balanslı şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Bu məqsədlə müxtəlif sahələr üzrə yeni investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Çexiya üçün mühüm enerji tərəfdaşıdır və ölkənin enerji balansında Azərbaycan nefti əhəmiyyətli yer tutur. Eyni zamanda, Azərbaycanın təbii qaz ixracı coğrafiyası genişlənir və bu, Avropa ölkələri ilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu istiqamətdə uzunmüddətli əməkdaşlığın davam etdirilməsi və birgə istehsal layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Öz növbəsində, Baş nazir Andrey Babiş Azərbaycanı Çexiya üçün strateji tərəfdaş adlandıraraq, iki ölkə arasında mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O, Azərbaycanın Çexiyanın neft idxalında mühüm paya sahib olduğunu vurğulayıb və enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Səfər çərçivəsində Azərbaycana 50-yə yaxın Çex şirkətinin nümayəndələrinin gəlməsi iqtisadi əlaqələrin genişləndirilməsinə verilən önəmin göstəricisi kimi qiymətləndirilir. Biznes-forum çərçivəsində yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin icrası üçün əlverişli imkanların yaranacağı gözlənilir.

Beləliklə, Qəbələdə keçirilən görüş Azərbaycan–Çexiya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açır.

Kəmalə Məmmədova

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər