PDF Oxu

Siyasət

  • 961

Strateji tərəfdaşlığa doğru - ŞƏRH

image

Çex Respublikasının Baş naziri Andrey Babišin aprelin 27-də Azərbaycana həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında mövcud münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər və aparılan danışıqlar əməkdaşlığın perspektiv istiqamətlərini müəyyənləşdirərək tərəflər arasında qarşılıqlı anlaşmanı daha da gücləndirdi.

Dövlət başçısı mətbuata verdiyi bəyanatda Azərbaycan ilə Çexiya arasında əlaqələrin uzunmüddətli qarşılıqlı hörmət və etimada əsaslandığını xüsusi vurğuladı. Qeyd olundu ki, yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında münasibətlərin dinamik inkişafına mühüm töhfə verir və bu səfər də həmin müsbət ənənənin davamı kimi çıxış edir.

Eyni zamanda bildirildi ki, Bakı ilə Praqa arasında əməkdaşlıq yalnız ikitərəfli müstəvidə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Bu əməkdaşlıq beynəlxalq hüququn prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə hörmət və ortaq dəyərlərin qorunması kimi əsaslara söykənir.

İqtisadi sahədə tərəfdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi önə çəkildi. Ticarət dövriyyəsinin artırılması üçün mövcud potensialın daha səmərəli istifadə olunmasının vacibliyi qeyd edildi. Sənaye, maşınqayırma, yüksək texnologiyalar, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları geniş müzakirə olundu. Bununla yanaşı, Çex şirkətlərinin Azərbaycanın sənaye zonalarında fəaliyyətinin təşviqi və birgə müəssisələrin yaradılması perspektivləri diqqət mərkəzində yer aldı.

Enerji sektoru görüşlərin əsas müzakirə mövzularından biri kimi xüsusi əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu qeyd edərək, ölkənin etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə nüfuz qazandığını bildirdi. Azərbaycanın enerji resurslarının ixrac coğrafiyasının genişləndirilməsi, xüsusilə Avropa bazarlarında mövqelərinin möhkəmləndirilməsi əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirildi. Bu çərçivədə tərəflər enerji sahəsində əməkdaşlığın daha geniş və uzunmüddətli xarakter daşıması barədə ortaq mövqe nümayiş etdirdilər.

Çex Respublikasının Baş naziri Andrey Babiš isə Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirdi. O, xüsusilə enerji və “yaşıl texnologiyalar” sahəsində əməkdaşlığın gələcək üçün mühüm istiqamətlərdən biri olduğunu diqqətə çatdırdı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın təşviqində fəal rol oynayır. Çexiya isə Avropa İttifaqının üzvü kimi bu regionla əlaqələrin inkişafında maraqlı tərəfdir. Bu baxımdan, Bakı ilə Praqa arasında əməkdaşlığın genişlənməsi Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Aparılan danışıqlar və qəbul edilən birgə qərarlar göstərir ki, Azərbaycan–Çexiya münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur. Formalaşan siyasi iradə və əldə olunan razılaşmalar gələcəkdə əməkdaşlığın daha da dərinləşəcəyinə, iqtisadi və strateji tərəfdaşlığın yeni məzmunla zənginləşəcəyinə əsas verir.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər