Yaxud, hədəf Cənubi Qafqaz və onun timsalında güclü Azərbaycandır...
ABŞ Konqresinin Nümayəndələr palatasının rəhbəri Nensi Pelosinin Ermənistana səfəri və orada açıq-aşkar Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatları özündə bir sıra düşündürücü məqamları ehtiva etdi. Fəqət, bu barədə tam mövzuya keçənə qədər digər mühüm xatırlatmaları etmək də yerinə düşərdi.Azərbaycan uzun onilliklər boyu ATƏT-in Minsk qrupuna (MQ) həmsədrlik edən ölkələr qarşısında BMT-nin çıxardığı dörd qətnamənin yerinə yetirilməsi barədə tələblərini irəli süruru. Lakin fakt budur ki, qeyd edilənlə paralel olaraq MQ-nun iki əsas həmsədr ölkələri – ABŞ və Fransa açıq-aşkar Ermənistanın davam etdirdiyi işğalçılıq və təcavüzkar siyasətinə bu və ya başqa donlar geyindirməklə açıq-aşkar ikili standartlarını ortaya qoyur, torpaqlarımızın işğaldan azad olunması istiqamətində ümumiyyətlə, heç bir əməli fəaliyyət göstərmir, əksinə, ötən müddət ərzində qəbul edilmiş bütün prinsip və qərarların kölgədə qalması üçün daha çox əl-ayağa düşürdülər.Təbii ki, Azərbaycan tərəfi dəfələrlə (!) bu kimi fəaliyyətsizlikləri önə sürməsi ilə yanaşı, son məqamda münaqişənin müharibə yolu ilə həll ediləcəyi xəbərdarlıqlarını da önə sürürdü. Ancaq bu qurum, daha dəqiq desək, MQ həmsədrləri rəsmi Bakının xəbərdarlıqlarını qulaq ardına vururdular. Nəticə isə bəllidir – işğalçı Ermənistan 44 günlük müharibədə layiqli cəzasını aldı və işğal altından çıxarılan torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu isə söz yox ki bəzi dairələri, xüsusilə ATƏT MQ-na həmsədrlik edən iki digər ölkəni – ABŞ-ı və Fransanı ciddi şəkildə narahat etməyə başlatdı. Yəni həmin reallıq məhz bu vasitə ilə regiona təsir edəcəklərini düşünən ermənipərəst dairələrin – ABŞ və Fransa dairələrinin həmin imkanlarını əllərindən alınmasını sübuta yetirdi, MQ-na isə ümumiyyətlə ehtiyac qalmadı. Əbəs deyil ki, artıq adıçəkilən “qurum” həm də haqlı olaraq “ölü qurum” kimi təqdim edilməkdədir.
Azərbaycan xalqı ABŞ siyasi dairələrinin, xüsusilə Demokratlar Partiyasında təmsil olunan ermənipərəst senator və konqresmenlərin zaman-zaman tətbiq etdiyi naqis siyasətlərinin çoxsaylı şahididir
İndi isə gələk Nensi Pelosinin səsli-küylü İrəvan səfərinə. Sirr deyil ki, bu yaşlı siyasətçi xanım heç də Ermənistan hakimiyyətinin qara gözünə aşiq deyil. Fakt budur ki, Nensi Pelosi öz siyasi ambisiyaları və lobbi maraqlarına xidmət etmək üçün həmin səfərini reallaşdırıb.Üstəlik, onun bədnam niyyətli səfəri ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəifləməsinə səbəblər yaradıb. Daha doğrusu, Azərbaycan xalqı ABŞ siyasi dairələrinin, xüsusilə Demokratlar Partiyasında təmsil olunan ermənipərəst senator və konqresmenlərin zaman-zaman tətbiq etdiyi naqis siyasətlərinin çoxsaylı şahididir. Təkcə 907-ci düzəlişin tətbiqi faktını xatırlatmaq yetər...Əlavə olaraq isə biz bu məsələdə, yəni Pelosinin İrəvan səfərində onun bir müddət əvvəl Çin-Tayvan gərginliyində qızışdırıcı mövqe tutması ilə paralelliklər göstərə bilərik. Məhz Nensi Pelosinin Çinə provokativ və qızışdırıcı səfəri və həmin regionda vəziyyəti gərginləşdirməsi də İrəvan səfəri ilə eyniləşdirilir – bu, açıq-aydın təxribatdır, özü də regional sabitliyin əldə olunmasına (!) qarşı və diplomatiyaya yaraşmayan bir olaydır. Sabah isə eyni halın Kubaya, Vyetnama, Türkiyəyə, digər müsəlman ölkələrinə, Rusiyaya – ümumiyyətlə, ABŞ-ın maraqlarından kənar olan istənilən ölkələrə qarşı tətbiq olunmayacağına kimsə zəmanət verə bilməz. Hələlik isə hədəf Cənubi Qafqaz və onun timsalında güclü Azərbaycandır.
ABŞ siyasi dairələri Cənubi Qafqaz regionunda itirilmiş nüfuzlarını bərpa etmək niyyətini güdür, bunun üçün isə onlara məhz erməni kartından istifadə etmək ən rahat işdir
Maraqlıdır ki, ABŞ siyasi dairələri bunu guya Cənubi Qafqazda “sabitliyin” əldə olunması cəhdləri ilə əlaqələndirməyə çalışırlar. Halbuki ABŞ siyasi dairələri açıq-aşkar Cənubi Qafqaz regionunda itirilmiş nüfuzlarını bərpa etmək niyyətini güdür, bunun üçün isə onlara məhz erməni kartından istifadə etmək necə deyərlər, ən rahat işdir.Üstəlik, ABŞ-ın məhz Ermənistandakı Soros uşaqları üzərindən, yəni Nikol Paşinyan iqtidarı vasitəsi ilə regiona müdaxilə siyasətini MQ-nu bərpa etmək cəhdləri də belə bir nəticələrə gəlməyə zəmin yaradır. Amma bəri başdan deyək ki, bu da çox uğursuz, məntiqsiz və yersiz strategiyadır.
Sübuta yetirilməyən bir “soyqırımı” abidəsi önündə “ağlaşma” qurmağın arxasında isə daha nələr dayanmır ki..?!
Eyni zamanda, istəsək də, istəməsək də biz bu kimi nüanslarda “xristian klubu” anlayışını da unutmamalıyıq. Hətta bir az da irəliyə gedərək, Nensi Pelosinin qondarma erməni soyqırımı abidəsi önündə və yüksək professionallıq tələbləri kontekstində zorla çıxardığı “göz yaşları” konteksti ilə izah edə bilərik. Sübuta yetirilməyən bir “soyqırımı” abidəsi önündə “ağlaşma” qurmağın arxasında isə daha nələr dayanmır ki..?!Baxın, Ermənistan Azərbaycan torpaqlarını uzun illər əsarətdə saxlayıb, on minlərlə soydaşlarımız öldürülüb, terrora məruz qalıb, vandallıqlar törədib, tarixi və dini abidələrimiz yerlə-yeksan olunub, çapılıb, talanıb. Bu faktların heç biri Nensi Pelosi üçün təsir göstərmir, yəni o, bundan təsirlənib ağlamır, ümumiyyətlə isə vecinə belə almır!Amma mövzu təcavüzkar Ermənistana gəldikdə artıq hər şey 180 dərəcədə dəyişilir və səlibçilik funksiyasının mexanizmləri dərhal işə düşməyə başlayır. Maraqlıdır, Nensi Pelosi “Azərbaycanın vandallıqları” barədə dəm vurarkən ABŞ-ın ölkəmizdəki səfirinin nəyə görə Şuşada keçirilən mühüm tədbirə qatılmamasını xatırlamadı? Məlumdur..!
Reallığa qalanda bu kimi əməllər birbaşa körpülərin yandırılması deməkdir
Eləcə də eyni fikirləri və düşüncələri bilavasitə Fransanın da üzərinə qoya bilərik. Təkcə ardıcıllığa nəzər salaq. Pelosinin İrəvan səfəri Fransanın BMT TŞ-də sərhəd toqquşmasını gündəliyə gətirməsi ilə üst-üstə düşür (?!). Təsadüfdürmü, əlbəttə ki, bunu düşünmək sadəcə ağılsızlıq olardı!!!Bütün bunlardan sonra Azərbaycan dövləti və xalqı ABŞ-ın, yaxud Fransanın hansı sözlərinə, vədlərinə, təşəbbüslərinə və daha nələrinə etimad və etibar göstərməlidir? Reallığa qalanda bu kimi əməllər birbaşa körpülərin yandırılması deməkdir və körpüləri də məhz və məhz (!) Nensi Pelosi, onun hökuməti və Fransa yandırdı, üstəlik odun da üzərinə benzin səpildi ki, gur yansın, külü çıxana qədər.
ABŞ və Fransa Aİ Şurasının prezidenti Şarl Mişelin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşdılar
Suallar çoxdur və onlardan birini də önə sürə bilərik. Misal üçün, Fransa və ABŞ bu kimi faydasız və provokativ addımlar atmaqdansa, vəziyyətin gərginləşməsinə şəraitlər yaratmaqdansa hansı səbəblərdən Brüssel gündəliyini dəstəkləməlidirlər? Axı müxtəlif diplomatik təzyiqlər və Azərbaycanın siyasi iradəsi hesabına demək olar ki, sülhün əldə olunması üçün cəmi bir neçə addımlar qalmışdı.Lakin Fransa və ABŞ Ermənistanı qızışdırdı və sülh gündəliyinin irəliləməsi ehtimallarını sıfır həddinə çatdırdılar. Budurmu onların “humanizm və demokratik dəyərlər prinsipləri”?Gerçəklik budur ki, nəzarətin onların əllərindən çıxdıqlarını görən Amerika və fransız siyasi dairələri hətta Avropa İttifaqı kimi nüfuzlu qurumun sülh təşəbbüslərinə qarşı çıxmağa başladılar, Aİ Şurasının prezidenti Şarl Mişelin fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşdılar. Bəs bu ölkələr istədiklərinə nail olub-olmayacaqlarının fərqinə varıblarmı? Fakt budur ki, ABŞ və Fransa bir tərəfdən MQ-nu öz təbirlərincə “canlandırmağa” çalışır, digər tərəfdən isə Ermənistana əsassız ümidlər verirlər. Sübut və isbat ondan ibarətdir ki, elə də uzaqda olmayan 31 avqust tarixindəki Brüssel görüşündə real nəticələrin olunmaması məntiqli siyasətin nəticəsi idi. İndi isə həmin siyasəti Ermənistanı cəsarətləndirən başqa bir “siyasət” əvəzləməyə başladı.
“Nensi nənə” daha nələri bilməlidir?
Nəticədə isə bundan cəsarətlənən Ermənistan sülh gündəliyindən imtina etdi və növbəti dəfə təxribatlara əl atdı. Ermənistanın hərbi-siyasi rəhbərliyi öncədən planlaşdırdığı həmin yanlış addımı ilə artıq özü-özünə ölüm hökmünü kəsmiş oldu. İrəvanın isə son və bundan sonra heç vaxt əldə edə bilməyəcəyi şanslı qalır: bu ölkənin rəhbərliyi anlamalıdır ki, hal-hazırda siyasi-diplomatik təxribatlara alternativ gündəlik yaratmaq lazım deyil. Yeganə olan çıxış variantı isə belədir - Brüssel sülh gündəliyi dəstəklənməlidir və xüsusilə, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır, digər bütün fəaliyyətlər də bilavasitə həmin istiqamətə tərəf yönəlməlidir.Qaldı ki, siyasi çevrələrdə “qoca Nensi nənə” adlandırılan Pelosinin Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə əsassız ittiham etməsinə. “Nensi nənə” bilməlidir ki, birincisi, Ermənistan hələ Qazaxın yeddi kəndini, üstəlik Naxçıvandakı Arazdəyəni işğal altında saxlayır. İkincisi, Ermənistan Paşinyanın dili ilə dedi ki, bu kəndlərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur. Deməli, bütün sərhədyanı zona şərtidir və sual altındadır. Ona görə də hələ hara isə kimin ərazisindədir mövzusu ayrıca müzakirə olunmalıdır və müzakirə üçün də sülhə doğru təşəbbüslərə dəstək göstərmək gərəkdir. Yoxdursa, yaxud olmayacaqsa, onda sonradan baş verə biləcək hadisələrin bütün məsuliyyəti başda Ermənistanın hərbi-siyasi dairələri olmaqla onun ABŞ və Fransa kimi qızışdırıcı, təxribatçı havadarları daşıyacaqlar!
Rövşən RƏSULOV