"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 18 oktyabr tarixində özünün rəsmi "Twitter" səhifəsində bildirmişdir.
Vətən müharibəsinin 22-ci günü. Hər gün qələbə xəbərləri alırdıq. Böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni - Xudafərini öz sahibinə qovuşdurdu. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü üzərindən də Azərbaycan bayrağı dalğalandırıldı. 44 günlük Vətən müharibəsi Zəfər tariximizi yazaraq, qısa zaman kəsiyində bizləri böyük tarixi qələbəyə apardı. Bu qələbəni qazanmağımız 44 gün ərizində olsa da, bu tarixə qədər Azərbaycan böyük yol keçmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qələbə sevincini bizlərə yaşatdı. Sentyabrın 27-dən başlayaraq vətən torpaqlarının müdafiəsinə hazır olan Azərbaycan oğulları işğalda olan torpaqlarımızı azad etdilər. Qələbə soraqları hər bir Azərbaycan övladını sevindirirdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi ordumuzda, əsgərlərimizdə böyük ruh yüksəkliyi yaratmışdı.
"ORDUMUZ ƏZƏLİ AZƏRBAYCAN TORPAQLARINI İŞĞALDAN AZAD ETMƏKLƏ MİLYONLARLA AZƏRBAYCANLININ ARZULARINI HƏYATA KEÇİRİR"
"Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir". Bu barədə iki il əvvəl 18 oktyabr tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" hesabında edilən paylaşımda deyilirdi: "Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir sox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
DÜŞMƏN ANLAYIR Kİ, ƏDALƏTİN SƏSİ YÜKSƏLİR, SUSMAQ NÖVBƏSİ ONLARDADIR
Həmin zamanda milyonlarla insanlara qələbə sevincini yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ölkəmizin hər bir yerindən, dünya ölkələrində yaşayan soydaşlarımızdan minnətdarlıq dorlu məktublar gəlirdi. "Cənab Prezidentim, Siz Azərbaycan tarixinin ən şanlı zəfərinin banisi kimi böyükdən kiçiyə milyonların qəlbində taxt qurmuş bir qəhrəmansınız" – deyə Kəlbəcər sakini yazırdı: "İllər ərzində apardığınız uğurlu xarici siyasətiniz, qətiyyətli addımlarınız, möhkəm iradəniz nəinki düşməni, hətta onun havadarlarını belə susmağa məcbur edib. Azərbaycan xalqının 27 illik susqunluğunu haqq səsinizlə dünya ictimaiyyətinə çatdırdınız. İndi düşmən anlayır ki, ədalətin səsi yüksəlir, susmaq növbəsi onlardadır. İndi hər kəs anlayır ki, Qarabağ Azərbaycandır. Mən də bir şəhid qardaşıyam, məzarına belə həsrət qaldığım qardaşımın qisasının alındığını gördükcə sanki qəlbimdəki sönməyən alova su çilənir. Ümidvaram ki, neçə belə oğulların uğrunda şəhid olduğu Vətən torpağının hər bir qarışında Sizin rəhbərliyiniz altında şanlı bayrağımız dalğalanacaq. İgidlərin narahat ruhları rahatlıq tapacaq. Eşq olsun Azərbaycan əsgərinə! Eşq olsun məğrur Ali Baş Komandanımıza!".Ali Baş Komandanının rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatlarını xalqımız diqqətlə izləyir, uşaqdan böyüyə bütün xalq Azərbaycan ordusunun, Cənab Prezidentin ətrafında sıx birləşmişdi.
XUDAFƏRİN MÜHÜM HƏRBİ-STRATEJİ ƏHƏMİYYƏT DAŞIYIR
Cəbrayıl rayonunda yerləşən bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir. Körpünü inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.1993-cü ildə mənfur ermənilərin ərazimizə soxulması nəticəsində körpüyə ciddi zərər dəyişmişdir, hazırda körpünün müəyyən hissəsi durur.
Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı.
Zümrüd BAYRAMOVA