Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, Nəsimi Rayon İcra Hakimiyyəti və “Bakı Tikiş Evi” ASC-nin birgə təşkilatçılığı ilə “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri təşkil olunub.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında yeni dərs ilinin başlanması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsləri isə gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Zahid Xəlilov tədbirin sosial dəstək yönümlü təşəbbüslərin bariz nümunəsi olduğunu deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" ifadəsi müasir inkişaf strategiyasında təhsilin əsas prioritetlərdən biri olduğunu göstərir: "Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və birinci xanım Mehriban Əliyevanın humanist təşəbbüsləri nəticəsində təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyaraq savadlı və vətənpərvər gənclərin yetişməsinə şərait yaradır",
“Bakı Tikiş Evi” ASC-nin sədr müavini Elnur Rəhimov isə təmsil etdiyi qurumun sosial layihələrə dəstəyini xüsusi olaraq diqqətə çatdırıb.
Tədbirdə çıxış edən şəhid atası Bağı Hüseynov bu kateqoriyadan olan şəxslərin adından ölkə rəhbərliyinə göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Sonda məktəbli formaları şagirdlərə təqdim olunub.