Bədii ədəbiyyatın gözəl nümunələri idrakın kainatla bağlı olduğu zamanda, insanın həyatı dərk etmək zamanı meydana çıxır. Yaradılın əsərlərin mahiyyəti o zaman işıqlı və dəyərli olur ki, orada insan dəyəri, bəşəri ideyalar ön planda meydana çıxır və bəşər övladının dünyanı dərk etmək prosesinə təsirini göstərə bilir. Ruhu incə, nəcib və səmimi olan şəxslərin yaradıcılıq dünyasından nəzmə və nəsrə köçürülən ideyalar sənət dünyamıza yeni nəfəs və çalarlar bəxş edir. Əlbəttə ki, bədii əsərlər düşünən qəlblərin ən isti və doğma yeridir. Oxucularla aralarında körpü salan və görüşlərini paylaşan qələm sahibləri də bu körpüdə bir rahatlıq tapır və cəmiyyətə əsərləri ilə ötürdüyü mesajları, əsas ideyanı boyaların rəngində, bədii təsvirdə, obrazlıqda çatdıra bilirlər. Bu gün söz qılıncının kəsəri ilə ədəbiyyatımıza yol açmış həkim-yazıçı Asif Kəngərli yaradıcılığına nəzər salıb, onun bu yaxınlarda işıq üzü görmüş və dövrümüz üçün ən aktual olan mövzulardan birinə həsr olunmuş "Bəla" kitabı ilə oxucularımızı tanış edəcəyik. Kitaba müəllifin məqalələri, pyesləri, hekayələri və lətifələri daxildir. Yazıçı tövsiyə edir ki, "Bəla"nı oxuyun ki, bəlalardan uzaq olasınız.İlk olaraq qısa da olsa Asif Kəngərlinin keçdiyi həyat yolunu vərəqləyək. Orta məktəbi müvəffəqiyyətlə başa vuraraq, həqiqi hərbi xidmətdə olmuşdur. Sonra Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə fakültəsində təhsil almış, internaturada ona psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika Xəstəxanasında metodist, sonra rayonlararası HƏEK-da ekspert-nevropatoloq və Naxçıvan RND-də baş həkim vəzifələrində çalışmışdır. 2003-cü ildə respublika baş narkoloqunun təkidilə Respublika Narkoloji dispanserinə işə dəvət olunmuş və həmin zamandan etibarən Asif Kəngərli Bakıda yaşayır və hazırda Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetində psixiatr-narkoloq işləyir. Bədii yaradıcılığa isə 2002-ci ildə, 48 yaşında ikən başlayıb. Bəlkə də qələmə sarılmağına səbəb onun işi və hər gün qarşılaşdığı insanların taleyinə laqeyd qalmaması isə əlaqədər olmuşdur. Qələmə aldığı ilk əsər "Bəla" pyesi olub və sonralar "Zəhrimar" və "Şər suyu", "Bela" (İstanbul, 2014), həmçinin "Tütünçəkmə barədə hər şey", "Alkoqol – sağlamlığın və sağlam həyat tərzinin düşməni", "Narkotik maddə – ailəvi qırğın "silahı" adlı kitabları işıq üzü görmüş, oxucular arasında böyük rəğbətlə qarşılanmışdır. Ədalət və vicdanın diqtəsinə, daxilindən gələn mənəvi səsə qulaq asaraq yazıb-yaradan yazıçı həyat hadisələrinə birmənalı olaraq yanaşaraq, dəyərli fikirləri ilə ədəbiyyat aləmində yaradıcılıq təxəyyülünə məxsus olan dəyərləri ortaya qoya bilmişdir. İrili-xırdalı əsərləri ilə qəhrəmanlarının simasında mənfi və müsbət tərəfləri göstərib, obrazları vasitəsi ilə cəmiyyətin xoşagəlməyən tərəflərini qələmə almışdır. Tabakomaniya, alkoqolizm və narkomaniyaya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Onun yaratdığı problemlər cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Bu günə qədər onun çap olunan əsərləri zamanın insan təfəkkürünə diqtəsindən yaranmışdır. Belə ki, yazıçının əsərləri birbaşa həyatla bağlı olan əsərlərdir. Onların hər birinin süjeti, məhz yaşanılan həyatın təsir gücündən qidalanıb. Öz qəhrəmanlarını yaşadığı həyatda axtarıb tapan və onların bədiiləşmiş tipini əsərlərində nəzərəçarpacaq bir səviyyədə təqdim edən yazıçı bütün bunları onu əhatə edən insanların, daha dəqiq desək, oxucu üçün marağa səbəb olacaq bir şəkildə qələmə alır. Qeyd edək ki, hələ 2006-cı ilə "Bəla" pyesinin teatr tamaşası anşlaqla keçmişdir. Həmçinin "Bəla" və "Zəhrimar" adlı pyesləri Azərbaycan Milli radiosunda radio teatrı kimi hazırlanmışdır ki, bunlar da dinləyicilərin marağına səbəb olduğu üçün vaxtaşırı efirdə səslənir. "Bəla" radionun qızıl fonduna daxildir və film-tamaşası da hazırdır. Onu da qeyd edək ki, müəllif baş həkim rolunda çəkilib, O, bir həkim-yazıçı kimi yeniyetmələrlə gənclər arasında tabakomaniya, alkoqolizm və narkomaniyaya qarşı təhsil ocaqlarında yorulmadan maarifləndirici iş aparan ziyalı kimi də tanınır. Yazıçı insanlarla dialoqa girərək, onları sağlam həyata dəvət edir. "Məndən söyləməkdir, sizdən …" başlıqlı yazıda qeyd olunur ki, həyatda olduğu kimi, bu aləmdə də hər şey sadədən mürəkkəbə, azdan çoxa doğru gedir: adam əvvəlcə siqaret çəkir, sonra nəsə çəkir, axırda iynə vurur... Narkotikə tərəf gedən o bəlalı yol, məhz siqaretdən başlayır. Ümumdünya Səhiyyə Təşkilatı bir araşdırma aparıb: onlar siqaret çəkməyə başlayan gəncləri on-on ayırıb yollarını izləyiblər. Məlum olub ki, hər onluğun beşi yalnız siqaret çəkməklə kifayətlənib, ikinci beşlikdən ikisi bir-iki dəfə, ikisi beş-on dəfə, biri isə daimi nəşə çəkən xəstəyə - nəşəxora çevrilir. Həmin xəstə isə beş-altı ildən sonra ağır narkotikə - heroinə keçir. Faciə də bundan sonra başlayır…"Narkomaniya - psixosomatik xəstəlikdir, beləsinin nə sağlam canı, nə də sağlam ruhu ola bilər", - deyə müəllif yazır. Müəllif kitabında onu da yazır ki, narkotik maddə, yaxud alkoqoldan sui-istifadə etmək insanın sanki qibləgahını dəyişdirir, o, Kəbəyə deyil, artıq Şeytana səcdə qılır, bütün çirkinliklər də elə buradan qaynaqlanır: "Əgər "içki bütün çirkinliklərin anası"dırsa, onda "narkotik də onun atası"dır. Mən Yer üzündə ikinci elə bir şey tanımıram ki, narkotik maddə qədər adamı hər şeydən belə total şəkildə məhrum edə bilsin. Vaxtilə sağlam olan bir gəncin narkotikə uyması bir əsgərin itirilməsi, yaxud bir qızın "boş" qalması deməkdir. Əgər o ailəlidirsə, onda o ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma təhlükəsi anbaan artar".Kitabda həkim-yazıçı Asif Kəngərlinin narkomaniya, alkoqolizm və tabakomaniya mövzusunda qələmə aldığı pyes və hekayələri toplanıb, Həmin nümunələrdə qeyd olunan problemlər həm bədii-sənədli, həm elmi-tibbi, həm də dini baxış bucağından çox gözəl təsvir olunur.
Nəzakət ƏLƏDDİNQIZI