Azərbaycanın axtarış-xilasetmə qrupları "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdə dağıntılar altında qalan 45 nəfəri xilas edib. "Səs" qəzeti Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qruplar Kahramanmaraşda dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirirlər.
Açıqlamada, qrupların dağıntılar altında qalan 45 nəfəri xilas etdiyi, 269 nəfərin cəsədinin tapıldığı bildirilib.
Nazirlik axtarış-xilasetmə işlərinin görüntüsünü də paylaşıb. Sözügedən görüntülərdə dağıntılar altından çıxarılan qadın onu xilas edən zabitlərə "Canım Azərbaycanım, əziz qardaşlarım. Sağ olun. İlham Əliyevə də salamlar olsun" deyib.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə Azərbaycanın 725 əməkdaşı cəlb olunub.