PDF Oxu

Sosial

  • 3 294

Maşallah bu kişilərə FELYETON

Maşallah bu kişilərə FELYETON

Gözümüzü açıb özümüzü dərk edəndən gördük ki, ata-babalarımız əllərində bel, dırmıq, şana, kərənti sübhün qaranlığından evdən çıxıb gedir, bir də günəş qüruba enəndən xeyli sonra gəlirlər. Yorğun-arğın babalarımızın, atalarımızın, əmilərimizin, dayılarımızın əllərindəki qabarı da görürdük və buna ürəyimiz də sızlayırdı.

Hə, bu kişilər işdən gəlirdilər, bir tikə çörəkdən-çaydan yeyib-içib yatır, yenə də sübhdən qalxıb işlərinin ardınca gedirdilər. Halal zəhmətlə övlad böyüdür, eş-eşik tikir, həyət-baca salır, maşın alır, toy edir, uşaq oxudur, hələ bir ailə büdcəsinə pul da qoyurdular.

Günəşin istisi onların rəngini mis rənginə çevirirdi. Torpağa tər axıdırdılar. Torpaq da əvəzində onlara zər verirdi. İlin bütün fəsillərində bu kişilərin anbarları min bir nemətlə dolu olurdu. Çünki zəhmət adamı idilər. Torpağın altını üstünə çevirirdilər. Torpaq da nə deyir? Deyir ki, əz məni, əzizləyim səni.

Hə, bax belə kişilər vardı. Evdə-eşikdə tapılmırdılar ki... Bir gün su növbəsində, bir gün heyvan növbəsində, bir gün həyətdəki kərdi-külədə, bir gün sahədə, bir gün ot biçinində, bir gün ot daşımaqda... Bir gün bazara yem dalınca gedirdilər, bir gün məhsullarını satmaq üçün yollanırdılar. Bax belə kişilər vardı.

İndi bəzi kişiləri görəndə, necə deyərlər, adamın əti tökülür. “Yəni, bunlar adlarını kişi qoyublar”,- deyə fikir edirsən. İki gündən bir baxırsan ki, xəbərlərdə şəkilləri yan-yana düşülüb.. Elə bu şəkillərdən anlayırsan ki, hə, bunlar yenə nə isə ediblər, təzə xəbər var. Oxuyub görürsən ki, elə düşündüyün kimidir. Bunlar ya oğurluq etməklə məşğuldurlar, ya da insanların həyatını məhv edən narkotik vasitələrin satışı, təbliği ilə. Deyirsən, maşallah bu kişilərə. Əhsən.

Budur, fevral ayı ərzində 13 nəfər bir, 6 nəfər bir adlarını kişi qoyanlar narkotik vasitələr satarkən yaxalanıblar. Vallah, dəsmal götürüb ağlamaq istəyir adam. Əslində elə ağlamalıyıq da. Nəyə görə? Birincisi, baxın, bizim cəmiyyətimizin bu “maşallahlıq” kişilərinə baxın. İkincisi, deyirsən ki, İlahi, hanı o kişilər ki, bunları qapılarında nökər də saxlamazdılar. Üçüncüsü, ona görə ki, gör bu başdan xarablar bizim balalarımızın gələcəyini necə məhv etməkdədirlər.

Deyirəm, ölüm çox halda o qədər gözəl bir nemətdir ki. O qədər gözəl nemətdir ki, Allah-təala onu da hər kəsə nəsib etmir. Məsələn bax bu 19 nəfərə. Bizim igid, qəhrəman, gül kimi balalarımız gedib Qarabağda torpaq, Vətən uğrunda şəhid oldular, namusumuzu xilas etdilər. Bunlar da narkotik alveri ilə məşğuldurlar. Yəni bunlar bir təşəbbüslə çıxış edib deyə bilməzdi ki, biz də gedək Qarabağın quruculuq işlərində iştirak edək?

Niyə gedib orada əziyyət çəksinlər ki? Burada özləri kimi yüngül iş tapıblar da. Hələ bir durub bu soyuqda Qarabağa gedəcəkdilər? Yüngülcə bağlamadır, oradan-bura, buradan-ora aparıb verib xeyli pulu qatlayıb qoyurlar ciblərinə, sonra da küçədə sinələrini qabağa verib kişi-kişi yeriyirlər. Başlarını da elə uca tuturlar ki, deyirsən bəs, dağları bunlar yaradıb.

Bunların böyük əziyyətlə daşıdıqları bağlamalardan nə çıxır? Birinci 13 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Onlar utanmazcasına narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini də bildiriblər. Hələ üstəlik onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

O biri 6 nəfərin başlarının ağası ilə birlikdə bağlamasından isə 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib.

Maşallah bu kişilərə. İndi görün, kimlər ölür, kimlər yaşayır? Cəmiyyətin, ailənin, arvadın, nişanlının, övladın, qonşunun, qohumun üz qarası olanlar, nə olar, özünüzdə yoxdur, görün kimdən bir papaq tapırsınız, qoyun qarşınıza, bir fikirləşin. Fikirləşin ki, nə edirsiniz? Hansı yoldasınız? Hansı yolla pul qazanırsınız? Hansı yolla övlad böyüdürsünüz? Hansı yolla ailə saxlayırsınız? Bəlkə o papaqdan bir səs çıxa, elə bir söz deyə ki, yeddi qatınızdan çıxıb sizləri öldürüb dirildə. Bəlkə bu dəfə əsl kişi kimi yaşaya biləsiniz...

Mətanət Məmmədova

Digər xəbərlər