PDF Oxu

Sosial

  • 3 626

Əsrin fəlakətini yaşayan Türkiyədən duyğulu anlar… TƏRCÜMƏ

Əsrin fəlakətini yaşayan Türkiyədən duyğulu anlar… TƏRCÜMƏ

Fevralın 6-da Türkiyənin mərkəzi Kahramanmaraş olan 10 şəhərində yaşanan 7,7 və 7,6 bal gücündə zəlzələ minlərlə insanın həyatını nöqtələdi. Minlərlə insanın sağlığını əlindən aldı. Minlərlə insan xəstəxanalarda ölüm-qalım savaşı edir. Minlərlə insan evsiz-eşiksiz qalaraq sığınacaqlara sığınıb. Minlərlə uşaq hələ də nə baş verdiyini dərk etməyərək sadəcə isti yuvasını, isti ana qucağını axtarır.

Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığda baş verən zəlzələdən 12 gün ötür. Bütün dünyanı heyrətə gətirən bu müdhiş hadisə hələ uzun illər danışılacaq. Çünki vurduğu yaraların, acıların unudulması üçün də uzun illər lazımdır. Zəlzələnin yaddaşlardan silinməyəcək duyğulu anlarından…

Toy günləri ölüm günləri oldu

Zəlzələ baş verən gecədən saatlar öncə Hatayda evlənən Elif və Halil İbrahim Aksoy cütlüyü İskəndərunda yaşadıqları evdə dağıntılar altında qalaraq həyatlarını itirib.

Bacısını itirən böyük qardaşı 3,5 aylıq qızına onun adını verib. Bacısı Elif Aksoyun toy gecəsi dünyasını dəyişdiyini böyük kədərlə bildirən mərhum gəlinin qardaşı Murat Bilge: “Həmin gecə bura qar yağmışdı... Bacım qayınanasıgildən gecə saat 3.30 radələrində İsgəndəruna getdi. Bacımı aparan dost deyir ki, ikinci mərtəbədəki evə girdik, 30-40 metr irəlilədik, qiyamət qopdu. O, binaların bir-bir uçduğunu gördüyünü söylədi”.

Toy gecəsində həyatını itirən bəylə gəlindən geriyə qalan isə zəlzələdən saatlar əvvəl çəkilmiş fotoşəkillər və görüntülərdir. Görüntülərdə evli cütlüyün zala girərək rəqs etməsi əks olunub.

Bilge ailəsinin fotoşəkili ağrıları iki qat artırdı. Fotodakı 6 nəfərdən 5-nin öldüyü, bir qızın isə yaralı olaraq sağ qaldığı öyrənilib.

Adıyamanda dağılmış tövlənin dağıntıları altından qurtarılan inək

Episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 11 vilayətə təsir edən “əsrin fəlakəti” olaraq xarakterizə edilən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra Adıyamanda bir çox tövlə yararsız hala düşüb.

Adıyamanın Dərdağan kəndində Birgül və Əziz Tuncayın altı tövləli evləri zəlzələ nəticəsində dağılıb. Zəlzələdən yara almadan xilas olan cütlüyün 5 inək, 15 keçi və 30 toyuqdan 3-ü dağıntılar altında ölüb.

Birgül Tuncay 11 gündür ilişib qaldığı yerdən çıxa bilməyən inəklərindən birini dağıntıların arasından keçərək yemləməyə çalışıb.

Birgül və Əziz Tuncay cütlüyü xilasetmə qruplarının uzun səylərindən sonra zəlzələdə dağılmış tövlələrinin dağıntıları arasında qalan inəklərini alıblar.

Baytarlar yaralı inəyin müalicəsinə başlayıb.

“Bircan” adının verdiyi inəyini aldığı zaman duyğulu anlar yaşayan Birgül Tuncaya xilasedici qrup təsəlli verib.

Anadolu Agentliyinə (AA) dolanışıqlarının heyvandarlıq olduğunu izah edən Tuncay: 5 inək, 3 buzov vardı. İnəklərimdən biri ilə bir buzovu xilas etdim. Biri isə dağıntılar altında qaldı. Dağıntılardan keçdim,11 gün onu bəslədim. Onun xilasına heç bir ümidim yox idi. Xilasedənlər gəldi, inəyimi xilas etdi. Heyvanlarımı uşaqlarım kimi sevirəm. Südlərini sataraq dolanıram”.

Xeyriyyə təşkilatları ailəni yemək və paltarla təmin edib.

Zəlzələdə dağıntılar altından çıxarılan ana və körpəsi 8 gün sonra qovuşdu

Mərkəzi Kahramanmaraş olan şiddətli zəlzələlərin dağıntılara səbəb olduğu vilayətlərdən biri olan Qaziantepin Nurdağı rayonunda iki mərtəbəli bina uçub. Sözügedən binanın birinci mərtəbəsində yaşayan suriyalı Kinda İbrahim, həyat yoldaşı Əhməd və 7 aylıq körpəsi Mustafa Arac zəlzələdə uçan binanın altında qalıblar. Zəlzələ günü axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılan körpəyə xəstəxanada tibbi yardım göstərilib.

Oğlundan 15 dəqiqə sonra xilas edilən ana Kinda İbrahim əri və qardaşının altında qaldığı dağıntıları tərk etməyib. Təxminən 8 gün sonra xəstəxana rəhbərliyinə müraciət edən ana övladına qovuşdu. Zəlzələdə ərini və qardaşını itirən Kinda İbrahim verdiyi açıqlamada xarabalıqlar arasında çox çətin anlar yaşadıqlarını və heç vaxt sağ çıxacaqlarını gözləmədiklərini söylədi.

Təxminən 6 saat dağıntılar altında qaldıqlarını ifadə edən Kinda, “Əvvəlcə körpəmi çölə çıxardılar. Sonra mənə çatdılar, amma ərim və qardaşım rəhmətə getdilər. Mustafanı çıxartdıqdan 15 dəqiqə sonra məni çıxardılar. Zəlzələ zamanı hər şey üstümüzə çökdü. Sağ çıxmaq ümidimiz yox idi. İçəridə çoxlu travmalar yaşadıq. Zəlzələ baş verəndə ən son yadıma düşən o oldu ki, uşağımı yatağıma götürüb gözləməyə başladım”,- dedi.

Zəlzələdə həyat yoldaşını və qardaşını itirən kədərli ananın övladını qucaqladığı anlar hər kəsi ağladıb.

İki zəlzələ arasında həyat: Gölcük zəlzələsində doğuldu, Kahramanmaraş zəlzələsində həyatını itirdi

17 avqust 1999-cu ildə Gölcük zəlzələsində Qaziantepdə doğulan Osman Enes Baştürk Kahramanmaraşda baş verən fəlakətdə həyatını itirib. 3 gün əvvəl zəlzələdə yaxalandıqları evə köçən ailə sağ qalarkən, Osman Ənəs özünü qardaşına qarşı qalxan edib. Onunn 24 illik həyatı zəlzələ ilə başlayıb, növbəti zəlzələ ilə bitib.

Kahramanmaraşda 7,7 bal gücündə zəlzələdə qardaşını qorumağa çalışarkən yıxılan divarın altında həyatını itirən Osman Enesin həyat hekayəsini anası Asiya Baştürk danışıb. Kədərli ana bildirib ki, gecə saatlarında titrəyişlə oyanıb, ərini divara itələyib və uşaqlarının yanına getmək istəyərkən divar onun üstünə uçub.

Zəlzələ zamanı uşaqlarına yetişmək üçün qaçdığını, ancaq yetişə bilmədiyini ifadə edən Baştürk: “Osman güclüdür, dedim, qardaşını xilas edəcək. Oğlum qardaşını qorudu, amma özünü xilas edə bilmədi. Əlini çiyninə qoydu. Kiçik oğlum dağıntılar altından çıxdı, amma o, çıxa bilmədi”

Zəlzələdə xəsarət alan Emirhan Baştürk zəlzələ gecəsi qardaşı ilə eyni otaqda yatdığını bildirib. Çox qorxduğunu ifadə edən Baştürk o anları belə izah edib: “Zəlzələ olanda bir-birimizi qucaqladıq. Bu zaman 1-2 dəqiqə huşumu itirdim. Binanın uçma səsini eşitdim. Bina tamamilə uçdu. Qardaşım ölmüşdü. Atamın səsi çöldən gəlirdi, anamın səsi içəridən gəlirdi. Anama zəng etdim, o mənə cavab verdi. Anam məndən soruşdu ki, qardaşın necədir? Dedim ki, ondan heç bir səs gəlmir”.

Ata Mehmet Baştürk isə zəlzələdə yaxalandıqları evə 3 gün əvvəl köçdüklərini ifadə edərək deyib: “Cümə günü getdik, şənbə, bazar günü çox yorulduq. Zəlzələ olan gecə saat 03:00 radələrində namaza qalxdım. Sonra zəlzələ oldu. Birdən bina uçdu. Öz imkanlarımla bayıra çıxdım. Üşüdüm. Sürücü gəldi, paltosunu aldım. Sonra qohumlar gəldi, həyat yoldaşımı və kiçik oğlumu xilas etdik. Onlar gəlməsəydi, ailəm öləcəkdi”.

Tərcümə-Mətanət Məmmədova

Digər xəbərlər