Əslsiz xəbərlər, təsdiqsiz məlumatlar, şayiələr və qarayaxmalar fonunda inkişaf edən sosial şəbəkə xəbərçiliyi peşəkar jurnalistikanın önünü kəsir
Biz elə bir dövrdə yaşayırıq ki, texnoloji dəyişiklik və transformasiya sərhəd tanımır, üstəlik günü-gündən sürətlənir. Yeniliklər həmişə həyəcanlıdır, maraqlıdır. Yeni bir ideya, edilən hər yeni kəşf həmişə ətrafına maraq dairəsi olan kütlə yığa bilir. Rəqəmsallaşan həyatda daha heç nə əvvəlki kimi deyil.
İnternet həyatımıza girənədək...
Ünsiyyət vasitələri insanın mövcud olduğu tarixdən bu günə qədər həm də sosial təkamül hesab edilir. Poçt göyərçinləri, günəşin doğması və batması vaxtına uyğun vədələşmək, teleqraf, teleqram, faks, teletayp, məktub kimi ünsiyyət vasitələri, əslində, sosiallaşmanın ilkin nümunəsidir. Rabitə texnologiyalarının inkişafı ilə bu sahədə yenilik durmadan artdı və günümüzdəki texnologiya əjdahası– internet yarandı.1990-cı illərin sonu internetin mülki vətəndaşların istifadəsinə verilməsindən sonra bu əsrarəngiz texnologiya möcüzəsi bütün insanların həyatında ən vacib element oldu.
Sosial şəbəkələr çox şeyi həm yazılı, həm görüntülü paylaşmağa imkan verən ən ideal mühitdir. Əvvəl kommunikasiya ənənəvi yollarla təmin edilirdisə bu gün sosial media bu işdə şəriksiz liderdir.
Sosial şəbəkələr ünsiyyət üsulu olaraq dözümlülüyə malikdir, sıradan çıxmır, köhnəlmir, davamlılığı itmir. İnsanlar dünyanın istənilən yerində istənilən şəxslə dostluq qura bilir. Xüsusilə məhdud fiziki imkanlara malik insanlar üçün sosial şəbəkələrin əhəmiyyəti böyükdür. Sosial şəbəkələr həm də ən böyük marketinq imkanları yaradan vasitədir, insan bu imkanlarla özünü inkişaf etdirə, istehsal etdiyi məhsulu tanıda, sata, ala bilir.
Rəqəmli sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra görüşür, sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Lakin indi bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsindəki tanışımızla ünsiyyət qura bilirik, mesajla, adi zənglə, görüntülü zənglə və s. Texnologiya o qədər sürətlə inkişaf edir ki bəzən özümüz də onun sürətinə yetişə bilmirik. Ən son modelini aldığımız telefonun menyusunu öyrənməmiş yeni versiyası satışa çıxarılır, 2 ay əvvəl son versiyasını aldığımız televizorumuz yeni versiyası çıxan kimi gözümüzdən düşür. Bu texnoloji yarışın fonunda həyatımız keçib gedir. Əvvəl texnoloji yenilikləri addım-addım izləyən bəzilərimiz indi bu qaçaqaçdan yorulub hər şeyi həyatın axarına buraxırıq. Çünki gec də olsa fərqindəyik ki, yeni istehsal edilən hər texnoloji alət bizi normal həyatdan bir qədər də uzaqlaşdırır.
Sosial şəbəkə xəbərçiliyi ənənəvi medianı qabaqlayır
Qəzet jurnalistikasını bir addım qabaqlayan sayt, televiziya jurnalistikası öz növbəsində sosial şəbəkə xəbərçiliyinə uduzur. İndi kütləyə ən sürətli nüfuzetmə liderliyi sosial medianın əlindədir. Əgər bir sosial şəbəkə hesabın varsa eyni zamanda həm qəzetin, həm saytın, həm televiziyan, həm də radion var deməkdir. Hər gün yeni funksiyaları yaradılan sosial şəbəkələrin sərhədsiz inkişafı jurnalistikaya da təsirsiz ötüşmür. Günün istənilən saatı, istənilən yerdən canlı yayım edə bilmək funksiyası isə sosial şəbəkələrin liderliyini bir daha təsdiqlədi.
Bütün bu inkişafın fonunda ənənəvi media da internet texnologiyası ilə dəyişdi. Əslində, dəyişdi demək bir qədər bəsit olardı, jurnalistikada inqilab oldu, çevriliş baş verdi desək yanılmarıq. İnternet jurnalistikasını yenicə qəbul etmişdik ki, “sosial media” anlayışı ilə tanış olduq. Sosial şəbəkələrin yaratdığı bu media növü peşəkar jurnalistikanı sıxışdırmaqla yanaşı qeyri-peşəkar bir media yaratmaqda israrlıdır. Fikrimcə, “sosial media” adlandırılması jurnalistikaya haqsızlıqdır, çünki əslsiz, təsdiqsiz, şayiələr, qarayaxmalar fonunda inkişaf edən sosial şəbəkə xəbərçiliyi peşəkar jurnalistikanın və medianın inkişafına mane olur.

Doğrudur, sosial şəbəkələr həyatımıza olduqca rahatlıq gətirdi, həm fikrimizi çatdırmaq, həm yeni fikirlərlə tanış olmaq üçün əlverilşli ünsiyyət vasitəsidir. Onun vasitəsi ilə sürətli informasiya axınına müdaxilə edə, informasiyanı istədiyimiz şəkildə manipulyasiya edə bilirik. Amma pis tərəfi də var ki, bizə özümüzü dəyişdirmək və virtual aləmdə olmaq istədiyimiz simanı yaratmaq imkanı da verir. Kim olduğunu gizlədənlər arasında siyasətçidən vəkilə, dindardan ateistə qədər hamı var. Xəyali adlar arxasında gizlənərək bir çoxunun, eləcə də özünün gerçək adı ilə deməyə cəsarət etmədiyi sözləri deyir, etirafları edir. Etiraf etmək lazımdır ki, sosial şəbəkələrin yaratdığı dəyişiklik, real həyatdan fərqli qaydalar və avatarların arxasında gizlənməyimiz gerçək “mən”imizi korlayıb. İndi biz fərqindəyik ki informasiyanı manipulyasiya edə bilməklə yanaşı, istədiyimiz şəkildə informasiya istehsal edə və istehsal etdiyimiz məlumatlarla kütlələri idarə edə bilirik.
Virtuallaşan sosiallıq və ya əsir həyatı
İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də müstəvi dəyişir. Real həyatdakı münasibətlərimiz indi bir-bir sosial platformalara keçir. Başqa sözlə desək sosiallaşmaq da zamanla virtuallaşdı.
“Smart Insights”in məlumatlarına görə, hazırda dünyada 4,62 milyard sosial şəbəkə istifadəçisi var, aktiv internet istifadəçisinin sayı isə 5 milyarda yaxınlaşıb. İstifadəçilərin sayı artdıqca insanların sosial şəbəkələrdə keçirdikləri vaxt da artır. Hesabata görə, insanlar gündə təxminən 2,5 saatını sosial platformalarda keçirirlər. Sosial şəbəkələrdən istifadənin sürətlə artması ilə paralel sistemin özü də yeni tendensiyalarla durmadan təkamül edir və dəyişir. Düşünün, üzv olduğunuz hər hansı bir sosial şəbəkənin ilk imkanları ilə indiki imkanları eynidir? Əlbəttə yox. Bizi o şəbəkələrdən asılı vəziyyətə gətirənədək dayanmadan dəyişiklik edildi, yenilik edildi və sonunca bunu bacardılar. İndi hamımız bu şəbəkənin əsiriyik.
Necə deyərlər, dəyişməyən tək şey dəyişikliyin özüdür. Dəyişmək həmişə yaxşı istiqamətdə baş vermir. Yeniliklər həyatımızda yaratdığı rahatlıqla bərabər həm də alışdığımız, öyrəşdiyimiz alışqanlıqlarımızı da əlimizdən alır. Getdikcə qəzet, kitab qoxusunu unuduruq, televiziya kanallarında proqram izləmirik, radionu açıb sevimlki proqramımızı həvəslə dinləməyə hazırlaşmırıq, hansısa kinonun, verilişin efir vaxtını gözləmirik. Əlimizdə “youtube” kimi nəhəng platformaya rahat giriş varsa bunlara ehtiyac görmürük. Beləcə həyatımız asanlaşdıqca qəlizləşir. Bizə rahatlıq yaratdığını düşündüyümüz hər yenilik həyatımızdan bir zərrə qoparır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb