2023-cü ilin fevral ayı Türkiyə üçün elə bir gözlənilməz hadisə ilə tarixin səhifəsinə həkk olundu ki, yüz illər sonra da XXI əsrin faciəsi kimi anılacaq, haqqında dəhşətlə, ürək yanğısı və göz yaşı ilə söhbət açılacaq. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığ şəhərlərində fevral ayının 6-da gecə saatlarında bir-birinin ardınca 7.7 və 7.6 bal gücündə baş verən iki böyük zəlzələnin qurbanlarının sayı artıq 45 min nəfəri ötmüşdür. Minlərlə insan hazırda xəstəxanalarda müalicə alır, minlərlə insan evini itirib. Minlərlə insandan isə, hələlik, xəbər yoxdur. Zəlzələlər sonsuz zərərlərlə müşahidə olunur...
Zəlzələnin zərəri 34 milyard dolları keçəcək
Dünya Bankının açıqladığı fövqəladə zərərin qiymətləndirilməsi hesabatına əsasən, fevralın 6-da baş verən iki böyük zəlzələ Türkiyədə təxminən 34,2 milyard dollar (646 milyard türk lirəsi) birbaşa fiziki ziyana səbəb olub. Hesabata görə, bu rəqəm 2021-ci il üçün ölkənin ümumi daxili məhsulunun (ÜDM) 4%-ni təşkil edir.
Dünya Bankının Fəlakətlərin Qiymətləndirilməsi Hesabatında həmçinin qeyd olunur ki, xilasetmə və yenidənqurma xərcləri daha böyük, potensial olaraq iki dəfə yüksək olacaq və iqtisadi pozulmalarla bağlı ÜDM itkiləri zəlzələlərin xərclərini artıracaq.
Hesabata görə, davam edən afterşoklar, ehtimal ki, zamanla bu zərərin hesablanmasını artıracaq.
Təxminən 1 milyon 250 min insan müvəqqəti evsiz qalıb
Zəlzələdən zərər çəkmiş 11 vilayətin Türkiyədə ən yüksək yoxsulluq göstəricilərinə malik olduğunu qeyd edən Dünya Bankı bu bölgələrin də Türkiyədəki ümumi suriyalı qaçqın əhalisinin təxminən yarısına-1,7 milyondan çoxuna ev sahibliyi etdiyini açıqlayıb.
Türkiyədə birbaşa fiziki zərərə diqqət yetirən Qlobal Fəlakət Sonrası Fövqəladə Zərər Təxmini Hesabatında (GRADE) yazıb ki, ən azı 1,2 milyon insan orta və ya ciddi ziyan və ya binaların tamamilə dağılması səbəbindən müvəqqəti evsiz qalıb.
Hesabatda həmçinin vurğulanıb ki, təxmin edilən zərərlərin yüzdə 81-i Türkiyə əhalisinin təxminən yüzdə 7,4-nün, yəni təxminən 6 milyon 450 min insanın yaşadığı Hatay, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman vilayətlərində baş verib.
Mənzillərə dəymiş ziyan ümumi zərərin 53 faizini təşkil edir
Hesabata görə, yaşayış yeri kimi istifadə edilən mənzillərə dəymiş birbaşa dəymiş ziyan 18 milyard dollar olmaqla, ümumi zərərin 53 faizini təşkil edib. Səhiyyə müəssisələri, məktəblər, hökumət binaları və yaşayış yeri kimi istifadə edilməyən özəl sektor binaları kimi strukturlara 9,7 milyard dollar dəyərində dəymiş ziyan ümumi zərərin 28 faizini təşkil edib. Yol, elektrik və su təchizatı kimi infrastruktura bağlı 6,4 milyard zərər ümumi zərərin yüzdə 19-u olaraq təyin olunub.
Ən az 15 xəstəxanada qismən və ya ağır ziyan meydana gəlib və zərərin qiymətləndirilməsi işləri davam edir. Dağılma riski olan xəstəxanalar və ya xəstəxana əlavələri təcili xidmət qrupları tərəfindən boşaldılıb, xəstələr ölkə daxilindəki müəssisələrə köçürülüb və baxımın davamlılığını təmin etmək üçün sahə xəstəxanaları yaradılıb.
Dünya Bankı bəyan edib ki, hesabatdakı zərər təxminlərinə Türkiyə iqtisadiyyatı üçün daha geniş iqtisadi təsirlər və itkilər daxil deyil. Hesabata həmçinin birbaşa zərərləri üstələyə bilən və daha dərin qiymətləndirmə tələb edən xilasetmə və yenidənqurma xərcləri daxil edilməyib.
Zəlzələdə vəfat edənlərin sayı 72 mini keçə bilər
Türkiyə Müəssisə və İş Konfederasiyası (TÜRKONFED) Türkiyənin cənub-şərqində baş verən zəlzələnin 72000-dən çox insan itkisinə səbəb ola biləcəyini və Ankaraya 84 milyard dollardan çox dağıntı gətirəcəyini proqnozlaşdırıb.
TÜRKONFED 2021-ci il dollar məlumatlarından istifadə edərək 1999-cu il Mərmərə və 2023-cü il Kahramanmaraş zəlzələlərinin məlumatlarını müqayisə edərək can itkisi və maddi ziyanla bağlı proqnozlar hazırlayıb.
“2023 Kahramanmaraş Zəlzələ Fəlakət Vəziyyəti Hesabatı” başlıqlı hesabatda, Mərmərə Zəlzələ məlumatlarından istifadə metodologiyasına əsasən Kahramanmaraş zəlzələsini 2021-ci il dollar məlumatları ilə sınaqdan keçirsək, 72,663 can itkisi və 84,1 milyard dollarlıq maddi ziyan hesablanır. Hazırkı mərhələdə əlimizdə olan məlumatlara görə, 193 399 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
15-i dağıntılar altından xilas edilən 2000-ə yaxın uşağa tibbi yardım göstərdik
Ege Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri Fundamental elm sahəsinin başçısı və müəllimi professor Ulaş Saz zəlzələdən sonra könüllü olaraq çalışdığı Hatayda 15-i dağıntılar altından xilas edilən 2000-ə yaxın uşağın müalicəsini 16 nəfərlik qrupla öz üzərinə götürdüklərini bildirib. Professor deyib: Ege Universitetinin həkimləri olaraq dərhal 6 qrup yaratdıq. Bu qruplar zəlzələ bölgələrindəki bütün vilayətlərdə işləməli idi. Ancaq növbəmiz gəlmədi, bizi ora istiqamətləndirmədilər. Sonra illik məzuniyyət götürüb rayona getdik. AFAD könüllüləri kimi qeydiyyatdan keçdik. Mustafa Kamal Universitetində pediatriya təcili xidmətini idarə etdik. Bundan başqa 16 çarpayılıq ümumi pediatriya xidməti olaraq xəstəxana qurduq, dağıntılar altından çıxarılan uşaqlara xidməti göstərdik. 16 həkim və 16 tibb bacısından ibarət heyətlə 6 gün orada çalışdıq. 2000-ə yaxın uşağa tibbi yardım göstərdik ki, onlardan 15-i dağıntılar altından xilas edilmişdi.
Zəlzələ bölgəsində çalışan professordan “yoluxucu xəstəlik” xəbərdarlığı
Bölgədə ən çox tənəffüs yolları və bağırsaq infeksiyalarının uşaqlarda müşahidə edildiyini bildirən Ulaş Saz, əgər profilaktik tədbirlər görülməsə, heç vaxt görmədiyimiz bağırsaq infeksiyalarından tutmuş vəba və digər xəstəliklərə qədər geniş perspektivdə görə bilərik, deyib: yoluxucu xəstəliklər və hətta maye itkisi nəticəsində ölümlər ola bilər.
Maye itkisi və şokdan ölüm ola bilər
Zəlzələ bölgəsində uşaqların narahatlığına toxunan professor Ulaş Saz bildirib ki, bağırsaq və tənəffüs yolları infeksiyaları ən çox yayılıb. Daha sonra sətəlcəm və yuxarı tənəffüs yolları infeksiyaları da müşahidə etdik. Gigiyena qaydalarının pozulması və su qıtlığı səbəbindən problemlər yaranıb. Əgər gigiyena qaydalarına əməl olunarsa, su, təmizlik, tualet kimi profilaktik tədbirlər həyata keçirilərsə, bunların qarşısını almaq olar.
Fəlakət sonrası stress bu xəstəliyi sürətləndirir
Xüsusilə zəlzələnin ilk ayından sonra mədə xorası tezliyinin 100 faiz arta biləcəyini ifadə edən qastroenterologiya mütəxəssisi doktor İsmail Acar vurğulamışdır ki, qanaxma halları da şiddətlidir. Bu səbəbdən qan banklarında kifayət qədər qan ehtiyatına ehtiyac var.
Təbii fəlakətdən sonra insanlar fiziki, psixososial və iqtisadi stress keçirirlər. Bu səbəblə mədə narahatlığının arta biləcəyi xəbərdarlığını edən doktor İsmail Acar deyir: “Xora tezliyi zəlzələnin 2-ci həftəsindən başlayaraq artır və zəlzələdən 1 ay sonra normal tezliyə görə 100 faizdən çox artım göstərir. Zəlzələdən cəmi 4 ay sonra normal tezliyinə qayıdır”.
Qastroenterologiya mütəxəssisi daha əvvəlki araşdırmalara görə mədə-bağırsaq xəstəliklərinin fəlakətlərdən sonra çox yayıldığını ifadə etib: “Zəlzələdən sonrakı ilk 3 gündə ortaya çıxan, sonrakı ilk 2 həftədə, xüsusilə ishal, qarın ağrısı, susuzluq, şişkinlik, ürək yanması və bağırsaq pozğunluqları kimi hallar müşahidə edilən xəstəlikdən qurbanların təxminən 50% -i əziyyət çəkir. Daha sonra davam edən psixososial stress səbəbiylə ağızdan və ya anusdan ani qanaxma ilə əlamətlər yaradan və müalicə edilmədikdə ölümə səbəb olan mədə xorası hallarında artım müşahidə olunur.
Müxtəlif stress vəziyyətlərinin həmişə xəstəlikdə relapslara səbəb olacağı məlumatını paylaşan Acar: “Zəlzələlərdə xoralı kolit, Crohn kimi iltihablı bağırsaq xəstəlikləri diaqnozu qoyulan insanlardan danışmaq lazımdır. Bu xəstəliklər qanaxma və ishal ilə irəliləyən, ömür boyu davam edən və dövri olaraq ağırlaşma epizodları olan xəstəliklərdir. Stress bu xəstələrdə relapslara səbəb ola bilər. Araşdırmada evi sökülənlərin yüzdə 15-i, müvəqqəti sığınacaqlarda yaşayanların yüzdə 6-sı, ailə üzvü və ya dostu vəfat edənlərin yüzdə 20-si, gündəlik qidalanma vərdişlərini dəyişənlərin, iş itkisi yaşayanların və ya ailənin maddi vəziyyəti narahatlığı keçirənlərin yüzdə 30-u xoralı kolit hücumlarına məruz qalıblar. Bu mənada dağıntıların daha çox olduğu bölgələrdə bu xəstəliklər daha çox görülür.
Doktor Acar son olaraq xəstəliyi olanların dərmanlarını vaxtında qəbul etmələrinin və qidalanmalarına fikir vermələrinin vacib olduğunu bildirib: “Əl gigiyenasına və yaxın təmaslara diqqət yetirməlidirlər. Duzlu, turşulu və mədəyə zərər verən bütün qidalardan uzaq durmalıyıq. Siqaret də xoraların sürətlənməsinə səbəb olan vasitədir, ondan istifadə etməməliyik”.
Mətanət Məmmədova