2026-cı ildə xarici turist sayı 4, yerli turist sayı isə 6 milyona çatdırılacaq
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün öləmiz perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir. Azərbaycanda müasir tələblərə cavab verən otellərin inşası da əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi dünyanın ən məşhur firma və şirkətlərinin, brendlərinin ölkəmizə diqqətinin artmasına səbəb olub. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib. Turizm fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğu, turizm ehtiyatları, ölkənin zəngin coğrafi landşafta malik olması, xalqımızın qədim mədəni-tarixi irsi, eləcə də onun fauna və florası bu sahənin sürətli inkişafına yol açan əsas amillərdir.
Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir.
Dünyanın 178 ölkəsindən 1602,3 min turist
Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını davam etməkdədir. Bunun nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ciddi irəliləyiş olmuşdur. Statistik məlumatlara istinadən deyə bilərik ki, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan, 3,8 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Ukrayna, 1,6 faizi Özbəkistan, 1,5 faizi İsrail, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 10,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.
Vurğulamaq yerinə düşər ki, 2022-ci ilin yanvar–noyabr aylarının ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə artım müşahidə edilib. Azərbaycana səfər edən xarici vətəndaşlar içərisində ilk yerlərdə ardıcıl olaraq Rusiya, Türkiyə və İran gəlir. Sonrakı sıralamada Səudiyyə Ərəbistanı, Gürcüstan, Hindistan, Pakistan, BƏƏ, Qazaxıstan və digər ölkələr növbələşir. Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan üzrə bərpa göstəriciləri 90 faizdən çoxdur. Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir.. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır.
Pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabər ziyarətçi
Ötən il Azərbaycan ümumilikdə 1,6 milyon xarici ölkə vətəndaşını ziyarətçi kimi qəbul edib və bu, pandemiyadan əvvəlki rəqəmlərin 50 faizinə bərabərdir. 2026-cı ildə xarici turist sayını 4, yerli turist sayını isə 6 milyona çatdırmaq hədəflənib.Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Rəsmi məlumatlara əsasən, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan - 5,0 dəfə, Özbəkistandan - 5,0 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3,0 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 faiz, Türkiyədən - 40,7 faiz, Ukraynadan - 19,8 faiz, İrandan - 15,6 faiz artıb.
2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49,0 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min, körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.Dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Ölkəmizdə mövcud olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq fəaliyyət göstərir. Qobustan Dövlət tarix-bədii qoruğu, Nardaran tarix-mədəniyyət qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir.
Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir. Bütün bunlar ölkəmizin turizm potensialını daha da artıracaqdır.
Zümrüd BAYRAMOVA