PDF Oxu

Sosial

  • 6 592

Təhsildə əcaib eksperimentlərə son qoyulmalıdır! - KÜNCDƏN BAXIŞ

Təhsildə əcaib eksperimentlərə son qoyulmalıdır! - KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Problem nə müəllimlərdə, nə də şagirdlərdədir, problemin kökündə təhsil nazirliyi və valideynlər dayanır

Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi eksperimentlər, kurikulum adı ilə, “şagirdyönümlü təhsil proqramı” adı ilə tətbiq olunan naməlum sistem məktəblərdə tamamilə anarxiya və özbaşınalıq yaradıb. Digər tərəfdən valideynlər övladlarını tərbiyələndirmək xüsusiyyətini tərgidib. Psixoloqların təbliğatına görə, "Uşaqlara tərbiyə vermək lazım deyil, uşaqdır nə istəsə edə bilər" ilə uşaq hər şeyin mərkəzinə gətirilib. Heç bir tənbeh, cəza görməyən uşaqlar tamamilə qudurğan, harın, tərbiyəsiz hərəkətlər edirlər. Məktəblərdə baş verən insidentlərin 99 faizi uşaqların tərbiyəsiz hərəkətləri ilə bağlıdır.

Müəllimlər artıq bu kimi hallardan cana yığılıb. Onların əsəbləri dəmirdən deyil. Onlarla tərbiyəsiz uşağı idarə etmək çətindir. Müəllimlərin demək olar ki, səlahiyyətləri tamamilə əllərindən alınıb. Əvvəllər müəllimlər və təhsil müəssisələri təhsillə yanaşı tərbiyə də verirdi. Lakin hazırda onların tərbiyə etmək səlahiyyətləri yoxdur, onlar sadəcə təhsil verməklə məşğul ola bilərlər.

Uşaqlar isə öz növbəsində bu kimi fürsətlərdən istifadə edir. Artıq onlar bilirlər ki, müəllim onlara bu hərəkətlərinin qarşılığında heç nə deyə bilməyəcək. Uşaqların tərbiyəsiz davranışlarına qarşı müəllim tərəfindən görülən tənbehin sonu isə müəllimin cəzalandırılması, bəzən də onun işini itirməsi ilə nəticələnir. Buna görə də, bir çox müəllim bu kimi hallarında qarşısında səsini çıxara bilmir.

Mediada və sosial şəbəkələrdə mövzu ilə bağlı yazılarıma və çıxışlarıma gələn şərhlərdə müəllimlər görmədiyimiz daha dəhşətli faktların olduğunu yazırlar. Biz sadəcə işıqlandırılan, yayımlanan hadisələri görürük. Hazırda vəziyyət çox acınacaqlıdır. Bunun nəticəsi olaraq, tərbiyəsiz, qudurğan, özbaşına bir kütlə yetişdirilir. Onlar öz ailələrində ala bilmədikləri tərbiyəni məktəbdə nümayiş etdirirlər. Bu hallar valideynlərin uşaqlarına verdiyi “tərbiyə”nin məktəblərdəki inikasıdır. Onların mədəniyyət səviyyəsinin uşaqlar tərəfindən nümayişidir.

Bu məsələlər çox dərindir və uzun illər aparılmış "islahatların" nəticəsidir. Bəzi QHT-lərin nümayəndələri uşaqlara, onların hər cür hüquqlarının olduğunu, onlara heç kimin heç nə deyə bilməyəcəyini aşılayırlar. Onlara “istədiyinizi edə bilərsiniz, müəllim kimdir ki, sizə nəsə desin" tipli məlumatlar verirlər.

Sanki bu prosesləri həyata keçirmək üçün xüsusi şərait yaradılıb. Aparılan “islahatlar” nəticəsində müəllimlər tamamilə sındırılıb, onlara lazımsız əşya statusu verilib. Texniki prosedura uyğun olaraq, müəllim dərsini keçib, getməlidir. Uşaqlar istədikləri hərəkəti edə bilər, istədiyi sözü deyə bilər. Hətta sinif ortasında porno videolara baxa bilər. İrad tutan müəllimə cavab qaytarıb onu hədələyə bilər ki, belə hallar hazırda var. Bütün bunların qaşılığında müəllim heç nə deyə bilmir. Bəzi gənc qadın müəllimlər yuxarı sinif oğlanlardan qorxurlar, çünki onların cibindən bıçaq çıxır.

Elm və Təhsil Nazirliyi sanki qarşısına məqsəd qoyub- köhnə müəllimləri bütün mümkün vasitələrlə məktəbdən uzaqlaşdırmaq, didərgin salmaq. Guya köhnə müəllimlər bu yeni eybəcər proqramı həyata keçirməyə mane olurlarmış. Bəli, əslində də belədir- köhnə müəllimlər həyata keçirilən müasir zərərli hoqqabazlıqları qəbul edə bilmirlər. Zaman da göstərdi ki, onlar haqlıdırlar.

Hazırda vəziyyət daha da pisə doğru gedir, uşaqlar zombiləşir, köhnə ənənələrə sadiq müəllimlər təhsil sferasından uzaqlaşdırılır. Kişi müəllimlərin məktəblərdən yoxa çıxması da xeyli əlavə problem yaradıb. Hazırkı vəziyyətdə yaxın gələcəyi təsəvvür etmək o qədər də çətin deyil. Belə biabırçı hallara son qoyulmalıdır. Aparılan eksperimentlər dayandırılmalı, məktəblərin, müəllimlərin tərbiyə səlahiyyətləri bərpa edilməlidir.

Müəllimlərlə yanaşı, valideynlər də uşaqlara tərbiyə verməlidir. Belə yanaşmalar dəyişdirilməli, uşaqların tərbiyələndirmə üsulları üzərində iş görülməlidir. Tərbiyəsiz təhsil gələcəkdə kriminal ünsürlərin sayını olduqca artacaq, cəmiyyətdə mənəvi deqredasiya daha da sürətlənəcək. Biz hazırda bunu müşahidə edirik. Uşaqların çantalarını ağır kitablarla doldurub onların qəddini əyməklə nəsə əldə etmək olmur. Problemlərə kompleks şəkildə yanaşılmalı, fundamental şəkildə həll olunmalıdır.

Nazirlik bu sahədəki neqativ hallarla bağlı heç bir addım atmır. Əksinə, ağır dərs yükü ilə uşaqların psixologiyasını pozur. Başa düşməliyik ki, biz insan yetişdirməliyik, beyinləri müxtəlif biliklərlə doldurulan zombilər yox. Bizə tərbiyə görməmiş zombilər lazım deyil. Müasir təhsil sistemi isə bundan tamamilə kənardır. Tətbiq edilən hər bir qayda, hər bir yenilik ancaq zərər vurmaqla məşğuldur. Bu halların davamı yaxşı nəticələr vermiyəcək.

Nə valideynlər səsini çıxarmır, nə də nazirlik tərəfindən heç bir tədbir görülmür. Ortada yeganə müəllimlər qalır, onlar da bunu bacarmır. Bəziləri işini itirməkdən qorxur, bəziləri əsəb xəstəsi olur, dərmanlarla yaşayır.

Eyni zamanda, biz tərbiyədən əlavə olaraq, təhsil də verə bilmirik. Orta məktəblərin təhsil göstəriciləri biabırçı həddədir. Hətta 150-200 balla, yəni 5 ballı şkala üzrə 1-2 qiymətlə universitetlərə daxil olma səviyyəsinə qədər enmişik. Savadsız kütlənin ali məktəblərə daxil olunması prosesi dərinləşir və sabah bu ölkəni savadsiz kütlə idarə edəcək. Təhlükənin fərqindəsinizmi?

Digər xəbərlər