Bu gün "Azəriqaz " İstehsalat Birliyinin mərkəzi iqamətgahında növbəti “Açıq Qapı” aksiyası keçirilib. Aksiyada media və qeydri-hökumət təşkilatlarının nüamyəndələri iştirak edib.
Tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxsləri qaz təchizatı ilə bağlı son rəqəmləri səsləndirib, suallara cavab veriblər.
"Azəriqaz " baş direktorun satış üzrə müavini Rəşad Cavadov bildirib ki, 2023-cü ilin 1-ci rübü ərzində 2 milyon 62 min abonent qazdan 12 qəpik tarifi ilə istifadə edib. Bu da ümumi abonentimizin 82,8 faizini təşkil edir. 397 870 abonent 20 qəpik tarifi ilə, 28.850 abonent isə 25 qəpik tarifi ilə qazdan istifadə edib.
Baş direktor müavini bildirib ki, yığım faizi 90 faizə çatıb: “Əhali kateqoriyasında qazdan istifadəyə görə haqqın yığımı daha çox artıb, lakin bəzi dövlət təşkilatlarında (53,9 faiz), xüsusən də “Azəristilik”də (31,6 faiz) ödənişlərdə problem var.
"Azəriqaz" İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev qaz sayğaclarına müdaxilə hallarının sayının artdığını da deyib: "2023-cü ilin 3 ayı ərzində qeyri-qanuni istifadə və qaz sayağaclarına müdaxilə hallarına görə yazılan dəymiş ziyan aktlarının sayında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 988 ədəd artım olub".
Onun sözlərinə görə, əhali sektoru üzrə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1197 ədəd artım olub, qeyri-əhali sektoru üzrə isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd azalma olub: "Qeyri-əhali sektoru üzrə 2023-cü ilin 3 ayı ərzində hesablanmış dəymiş ziyanın məbləği 0,54 milyon manat olub ki, bu da 2022-ci ilin 3 ayı ərzində hesablanmış 1,61 milyon manatla müqayisədə 1,07 mln manat artıb".
"Azəriqaz " İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bildirib ki, bəzi iri malikanə sahibləri sayğaca müdaxilə edir və ya qazdan qeyri-qanuni istifadəyə cəhd edirlər: “Son aylar ərzində paytaxt ərazisində yaşayan villa sahibləri bu üsullara əl atır. Bildirmək istəyirəm ki, bu halların qarşısı alınır və müvafiq olaraq cərimə tətbiq olunur. Vətəndaşları qanundan kənar işlərdən uzaq olmağa dəvət edirik".
Ölkə üzrə qazlaşmanın 96,3 faizə çatdığını deyən şöbə rəisi qeyd edib ki, il ərzində 150-yə yaxın yaşayış massivinə təbii qaz çəkilir. E.Vəliyevin sözlərinə görə, qaz təhlükəsizliyi ilə bağlı yaxın vaxtda başlayacaq yoxlamaları həyata keçirmək üçün 2024 nəfər çilingər ixtisası üzrə təlimlərə cəlb olunub və hazırda təlimlər davam edir.
Bəzi abonentlərə qaz pulu borcu haqda qəbz gəlməsi haqda sualımıza cavab olaraq bildirildi ki, bəzi sayğaclarda yaranan texniki problem nəticəsində balans bitdikdən sonra da qaz kəsilmir və bu da borc formasında yazılır.
Mart ayında əhalidən qazdan istifadə haqqının yığımının 100 faizi ötdüyünü deyən şöbə rəisi abonentlərə Azəriqaz İB adından təşəkkürünü bildirib.
Elçin