Havaların getdikcə isinməsi, yaz-yay mövsümündə insanların sərinləşdirici içkilərə tələbatının artması bu məhsulların bazarında da canlanma yaradır. Sərinləşdirici, enerji və alkoqollu içkilərə olan tələbat bazarda keyfiyyəti artırmaq əvəzinə azaldır. Dalandırıcı, rəngləndirici ekstraktlarla zəngin içkilər bizə nə verir, bizdən nə alır?
İçməli su içməlidirmi?
Təkcə paytaxtımızda keyfiyyətsiz məhsul istehsalı ilə məşğul olan yüzlərlə obyekt var. Yerli bazara girmək də çox asandır, istehlakçı cəlbedici xarici görünüşü olan istənilən məhsulu almağa maraqlıdır. Hətta ayrı-ayrı insanlar pərakəndə su satışı ilə məşğul olur, rayonlardan gətirdiyini iddia etdiyi suyu qapı-qapı gəzərək təklif edir.
Evlərə, ofislərə sifariş etdiyimiz hazır qablaşdırımış suların hamısını içmək olar, amma hamısını qaynatmaq olmaz. Ekspertlər tərkibində mineralların miqdarı çox olan suyu qaynatmağı doğru hesab etmirlər, qaynayarkən minerallar çaydandakı ərpə çevrilir. Ərp həmişə keyfiyyətsiz suyun nəticəsi deyil. Çaydanda ərp əmələ gəlirsə, deməli, siz tərkibində kalsim və ya başqa bir mineral çox olan sudan istifadə edirsiniz. Belə suyu qaynatmadan içmək lazımdır. Qaynatmaq üçün isə daha yumşaq sulardan istifadə etmək olar. Tərkibindəki kalsium, kalsium karbonat, xlorid və sulfatın miqdarı süni şəkildə sıfıra çatdırılan markaların suyu daha yumşaq olur, amma tamamilə faydasızdır.
Suların tərkibindəki minerallar faydalıdır. Kalsium, maqnezium, natrium mineralları içməli suyun tərkibində mütləq olmalıdır. Evdə su çeşməsini açarkən burnumuza xlor qoxusu gəlir bəzən, təhlükəli ola biləcəyini düşünürük, “içməli suda xlor nəyə lazımdır?” deyə düşünürük. Lakin xlor mikrobları öldürür, suyun tərkibində xloridlər, kalsium, maqnezium, natrium, sulfatlar, yəni bütün minerallar olmalıdır. Onların hər biri orqanizmə lazımdır. Doğrudur, Bakıya verilən içməli su əhaliyə paylamadan öncə təmizlənir, lakin sonradan suya hər hansı bir bakteriyanın düşmə ehtimalı da istisna edilmir, buna görə qaynadılmadan içilməsi məsləhət görülmür.
Kofein + şəkər = tədrici ölüm
Meyvəli, aromatlı, mineral, qazlı içkilərin hər çeşidi var. Aralarında bir çoxunun pis reputasiyası var. Xüsusilə kola, rəngli qazlı sular barədə olduqca çox iddia var. Tərkibində kofein olduğuna görə kolanın istehlakı məsləhət görülmür. Yaxşı, bəs kofein yeganə günahkardır?
Kolanın tərkibində kofeindən başqa ən yüksək miqdarda istifadə edilən əlavə şəkərdir. Tam tərkibinin kofein, şəkər, karbon dioksid, karamel rəngləndiricisi, fosfor turşusu, təbii olduğu iddia edilən aromatizatorlar və dadlandırıcılar olduğu bildirilir.
Məlumat üçün bildirim ki, kola və qazlı içkilərin bir litrində 56 ədəd bildiyimiz normal ölçülü qəndə bərabər olan 112 qram şəkər var. Bu məhsuldan bir stəkan, yəni 250 ml içildikdə orqanizmə 28 qram şəkər və ya 14 ədəd qənd qəbul edilir.
Soyuq çay, qarpız, şaftalı, limon, portağal, yaşıl çay ətirli qazlı içkilərdə şəkərin miqdarı məhsulun hər litrində şəkər miqdarı 44-84 qram arasında dəyişir. Bu məhsullardan bir stəkan içildikdə, təxminən 6-10 ədəd qənd yediyinizi hesablayın. Adi qazlı su, limon ətirli və ya portağal ətirli içkilərin bir stəkanında 11-15 ədəd qənd var.
Bir stəkan limonad 18 ədəd qəndə bərabərdir
Limonadlar tərkibindəki şəkər nisbəti ən yüksək olan içkilərdir. Bir stəkan limonadın tərkibində 18 ədəd qəndə bərabər şəkər var. Təcrübə üçün bir stəkan suya və ya çaya 18 ədəd qəndi həll edib içməyə çalışın. İçə bilməyəcəyinizi görəcəksiniz. Limonadları o şəkər nisbətinə rəğmən içməli edən tərkibindəki karbon qazı və turşudur.
Bu içkiləri alarkən etiketində şəkər və ya karbohidrat yazılıb-yazılmadığına diqqət edin. Hər ikisi eyni şeydir. Etiketdə adətən bir litr məhsulun və ya həmin məhsulun 100 millilitrində nə qədər şəkərin olması barədə məlumatlar var. Bir litr məhsul üçün şəkərin miqdarı göstərilibsə, həmin məhsuldan bir stəkan su içərkən nə qədər şəkər alınacağını müəyyən etmək üçün göstərilən şəkər miqdarını dördə bölmək kifayətdir. Əgər məhsulun 100 mililitrində şəkərin miqdarı göstərilibsə, o zaman bir stəkan suda alınacaq şəkərin miqdarı həmin dəyərin 2.5 dəfə çoxu götürülərək müəyyən edilə bilər.
Konservləşdirilmiş içkilərdə məhsulun bir şüşəsində şəkərin miqdarı göstərilibsə, biz onu birbaşa nəzərə alırıq. Yox, əgər 100 millilitr üçün bir dəyər varsa, o zaman şüşənin neçə ml olduğuna baxırıq. Bir qram şəkər bədənə daxil olduqda 4 kalori verir. Bir stəkanda 18 ədəd qəndə bərabər şəkər varsa o bir stəkan içkini içdiyimiz zaman bədənimizə 144 kalori daxil olur. Orta sürətlə 20-25 dəqiqə qaçmaqla bu kaloriləri yandırmaq mümkündür. Buna görə də tez-tez sərinləşdirici içkilər qəbul edən insanın kökəlməsi qaçılmazdır.
Alkoqollu içkilər bədəndə atom effekti yaradır
Spirt qoxulu, uçan, yanan, rəngsiz mayedir, C2H5OH, etanol, etil spirtdən ibarət içkidir. Alkoqol bədənimizdəki bütün orqanlara dağıdıcı təsir göstərir. Hər il dünyada 3,5 milyon insan alkoqoldan yaranmış xəstəliklər səbəblərindən ölür. Qaraciyərdən ağciyərlərə, ürəkdən beyinə qədər bütün orqan və sistemlərə ciddi ziyan vuran spirt orqanizmə qəbul edildikdən 3 dəqiqə sonra bütün hüceyrələrə çatır və dağıdıcı təsir göstərməyə başlayır. Alkoqol bədəndəki suyun miqdarını azaldır. Bədənin susuzlaşması səsə, danışmağa və oxumağa mənfi təsir göstərir. Alkoqol istifadəsi öskürəyə, səsin xırıltısına və batmasına səbəb olur. Onun istehlakı artdıqca damarların daralmasına səbəb olur.
Spirtli içkilərdən istifadə edən insanın yuxu rejimi və yuxu keyfiyyəti pisləşir. Alkoqol istifadəsi tez-tez oyanmağa və dərin yuxuya gedə bilməməyə səbəb olur. Alkoqol ağızda quruluğa, ağız qoxusuna, dad hisslərinin pisləşməsinə, ağız boşluğunda infeksiyalara və diş əti xəstəliklərinə səbəb olur. Alkoqol ürəkdə aritmiya, ürək çatışmazlığına səbəb olur.
Alkoqol müxtəlif mədə və həzm pozğunluqlarının əsas səbəblərindən biridir. Uzun müddətdə qastrit, xora və mədə iltihabına səbəb olur. Alkoqol qaraciyərə zəhərli təsir göstərir. Qaraciyər hüceyrələri spirtdən zədələnir və struktur dəyişikliklərinə məruz qalır. Alkoqolla əlaqəli qaraciyər xəstəlikləri, qaraciyərin yağlanmasına, hepatitə və nəticədə serroza səbəb olur.
Spirtli içkilərdən istifadə edənlərin vərəmə tutulma ehtimalı 28 dəfə çoxdur. Hamilələrin alkoqol qəbul etməsi körpənin beyin və ürəyinin inkişafına zərər verir. Körpədə böyümənin geriləməsi, beyin və sinir sisteminin zədələnməsi kimi anadangəlmə qüsurlara səbəb ola bilər. Alkoqol dölə hər mərhələdə mənfi təsir edir, lakin xüsusilə ilk aylarda çox daha ciddi zərər verir. Alkoqol beyin funksiyalarına mənfi təsir göstərir, təfəkkür, qərar vermə və hərəkət etmə qabiliyyətini pozur. Alkoqol istifadəsi kişilərdə cinsi gücü azaldır.
Ev üsulu limonad hazırlayın, xəstəlikdən uzaq qalın
Bacarmaram deməyin, hər kəs limonad hazırlaya bilər. Limonadı qazlı su ilə hazırlamaq barədə olduqca çox resept var, amma siz elə ən sadə suyu seçin, adi içməli su ilə hazırlanan limonad daha orqanikdir çünki. Əgər kəmşirin limonad sevirmirsinizsə və şəkərdən imtina edə bilmirsinizsə alternativ vasitədən – baldan istifadə edə bilərsiniz.
Yemək şərbəti. 200 ml su ilə 200 qram şəkəri qaynadın, şərbət hazırlayın. Limonadı şəkərlə deyil, təbii balla hazırlamağa qərar versəniz, qaynadıldıqda balın faydalı xüsusiyyətlərini itirdiyini bilmək vacibdir. Buna görə də çaydanda suyu qaynadın və soyudun, ilıq qaynadılmış 150 ml suya 3-4 xörək qaşığı bal əlavə edin. Bal həll olana qədər bir qaşıqla qarışdırın.
İstədiyiniz meyvənin suyunu sıxın. 2 litr limonad üçün 2 limonun suyuna ehtiyacınız var. 2 litr təmiz su götürün, sıxdığınız meyvə suyunu və hazırladığınız şərbəti ora əlavə edin və qarışdırın. Əlavə olaraq nanə yarpağı da gözəl dad verəcək. Meyvəsi qaynadılmadan hazırlanan lomonad, şərbət və kompotlar qazlı içkilərdən daha faydalı alternativdir.
Lalə Mehralı