Bir zamanlar elm, maarif yolunda nə kişilər mübarizə apardılar. Nə təqiblərlə üz-üzə qaldılar. Bilsəydilər ki, bu gün elmə, təhsilə, məktəbə və oxumağa belə qiymət veriləcək, əcaba yenədəmi bu savab əməllərini davam edərdilərmi?
Ey dünya, biz bu günlərə niyə qaldıq? Nə səhv etdik, nə əməli-cəzaya məhkum olduq ki, başımıza bunlar gəlir? Soruşsanız ki, bu nə gileydir, nə güzardır? Vallah bilmirəm zır-zır ağlayım, yoxsa sizə cavab verim.
Ey dünya, dağılardın gərək ki, bizi bu cür “məzadə” salmayaydın. Nə idi günahımız? Niyə belə oldu axı. Nəyi boş buraxdıq ki, başımıza gələn bunlar oldu...
Haradasan, ay Molla baba, barı arada bir sən gəlibən dərdimizə dava ol. Bir dinlə, ağıldan-huşdan ver bizə. Bir dərs keç. Denən, ey əhli-insan, oyan, qəflət yuxusundasan, oyan. Bax inan, Molla baba, gəlsən, görəcəksən ki, qəflət indidir, sizin dövrünüzdə qəflət-filan yox imiş...
Gəlsən, görərsən ki, o zülmi-billahla yaratdığınız təhsil, elm ocaqlarında nələr baş verir. Görsəniz, deyərsiniz ki, əcaba, biz bunu niyə yaradırdıq? Bəzi müəllim nə özünü müəllim kimi aparmağı bacarir, nə də bəzi uşaqlar. Dərsdən qaçan kimi, məktəbə getmək istəməyən kim... Müəllimi döyməyə çalışan kim. Müəllimin təhqir etdikləri kim...
Vallah, ay Molla baba, oxutmuram, əl çəkin, deyirdiniz ha, vallah bunu indi üçün demisiniz. Adam demək istəyir ki, ay qardaş, ay bacı, oxutmursunuz, oxutmayın da. Ta bu nə oyunlardı çıxarırsınız axı.
Hə, vay o gündən ki, müəllim uşağa, “ay uşaq, sakit dur, axı dərsi pozursan?”, “ay uşaq, o telefonu yığışdır, bura onun yeri deyil” deyə. Vəssalam, çəkil dur kənarda, ardına bax. Gör, bu uşaq müəllimin başına çıxır, ya çıxmır. Gedib dədə-nənəsini məktəbə gətirib biabırçılıq edir, ya yox. Hələ bu harasıdır? Gör, sinifdə olanları telefonla çəkib sosial şəbəkələrdə paylaşır, ya yox.
Molla baba, müəllimlər var ki, nə mən deyim, nə sən dinlə. Birdən elə hərəkətlərini eşidirsən ki, lap yerindəcə quruyursan. Uşaqla elə danışır, elə rəftar edir ki, elə bil müəllimi deyil, düşmənidir. Bax, buna nə deyəsən? Deyəsən ki, axı sən müəllimsən, bu nə ədadır, qayıdıb elə danışacaq ki, üzr istəməli olacaqsan. Amma ki, əslində heç də belə deyil.
Bilmirsən ki, uşaqdadır günah, yoxsa bu cür müəllimlərdə. Qalırsan çıxılmaz vəziyyətdə. Uşaqla danışırsan, and-aman edir ki, günahsızam, müəllimlə danışırsan, səni borclu çıxarır.
Hansını deyəsən, hansından danışasan, ay Molla baba. Dərd birdimi, ikidimi, vallah, çoxdur. Gəl otur, dinlə ki, dinləyəcəksən, günlərlə, aylarla. Nə başını ağrıdım, maariflənmək istəyən uşaqların da sayı azalıb. Maarif yaymaq istəyən müəllimlərin də.
Bir də eşidirsən ki, qonşuda uşaq dərsini öyrənmək istəmir, tapşırığını yerinə yetirməkdən imtina edir, aləm dəyir bir-birinə. Ana çığırır, uşaq çığırır, uşaq susur, ana başlayır, ana susur, uşaq başlayır. Bunu tək qonşuda görmürsən ey. Bütün sosial şəbəkələrdə ta bir dəbə çevrilib bu. Uşaqların tapşırıq həll etmədiyini valideyn çəkib yerləşdirir şəbəkələrə, hamı da baxıb uğunur. Valideyn deyir ki, oxuma, zibilçi olanda gününü görəcəyəm. Uşaq da deyir ki, oxumuram, mən zibilçi olmaq istəyirəm. Ana deyir, ay bala, gətir misalları yazaq, ərköyün uşaq da deyir ki, söz ver ki, mənə filan oyuncağı alacaqsan, yazım. Ana deyir ay uşaq, dərsini oxu, uşaq deyir, ay ana, sən qarışma.
Müəllimlər var, müəllim günü, 8 martda hədiyyə alma ona, gör başına nə oyun açır. Sənə bir minnət vursun ki, biri də üstəlik. Müəllim var ki, dərsi sinifdə yaxşı başa salmır ki, valideyn uşağı onun yanına hazırlığa qoysun. Müəllim var ki, sinifdə bir şagirdin hünəri nədir ki, başqa müəllimin yanına hazırlığa getsin. O uşağın gününü edər qara.
Hə, Molla baba, hansından danışım ki... Bu məktəb məsələlərindən hər dəfə danışanda, vallah, adamın ağlamağı gəlir. Deyirsən, bu günlərəmi də qalacaqdıq? Axı qalmalı deyildik. O məktəbləri yaradan kişilər vardı. Min bir çətinlik çəkənlər vardı. Budurmu onların əməyinə hörməti-izzət?..
Bağışla, Molla baba, başını dərd-sərimizlə ağrıtdım. Dedim bəlkə gəlib bizə bir ağıl-kamal verəsən. Yolumuz yaman səhv düşüb...
Mətanət Məmmədova