Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı inkişaf sahəsində qazandığı uğurların növbəti təsdiqidir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum 182 ölkədən 45 mindən artıq iştirakçını bir araya gətirərək urbanizasiya, sosial inklüzivlik, ekoloji təhlükəsizlik və müasir şəhər idarəçiliyi ilə bağlı ən aktual məsələlərin müzakirə olunduğu nüfuzlu qlobal platformaya çevrilib.
WUF13-ün Bakıda təşkili təsadüfi deyil. Son illərdə Azərbaycan beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya sahəsində etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2024-cü ildə COP29 kimi qlobal əhəmiyyətli iqlim konfransına uğurla ev sahibliyi edən ölkəmiz qısa müddət sonra daha bir mötəbər beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməklə özünün mükəmməl təşkilatçılıq imkanlarını və qlobal gündəliyin formalaşdırılmasına verdiyi töhfələri bir daha nümayiş etdirir. Bu baxımdan WUF13 COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir olmaqla ölkəmizin artan nüfuzunun parlaq göstəricisidir.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğuladı ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın və ölkəmizin beynəlxalq münasibətlər sistemində oynadığı fəal rolun təsdiqidir. Dövlət başçısı forumun nəticələrinin COP29 qədər uğurlu olacağına əminliyini ifadə edərək bildirdi ki, Bakıda toplaşan minlərlə qonaq ölkəmizin inkişafını, zəngin tarixi irsini və müasir şəhərsalma təcrübəsini yaxından görmək imkanı əldə edəcək.
Azərbaycanın şəhərsalma ənənələri qədim tarixə söykənir. Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qəbələ və Şəki kimi qədim şəhərlərimiz əsrlər boyu formalaşmış memarlıq məktəbinin və şəhər mədəniyyətinin daşıyıcılarıdır. Bu şəhərlərdə yerləşən tarixi abidələr, məscidlər, türbələr və yaşayış kompleksləri Azərbaycanın yalnız zəngin mədəniyyətə deyil, həm də yüksək şəhərsalma düşüncəsinə malik olduğunu sübut edir. Müasir dövrdə bu tarixi irsin qorunması ilə yanaşı, yeni urbanizasiya prinsiplərinin tətbiqi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Son onilliklər ərzində paytaxtda həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işləri şəhərin ekoloji vəziyyətini və memarlıq görünüşünü əsaslı şəkildə dəyişib. Bir vaxtlar neft hasilatının təsiri ilə çirklənmiş ərazilər bu gün müasir urbanizasiya nümunələrinə çevrilib. Xüsusilə Bakı Ağ Şəhər layihəsi sənaye zonasının ekoloji cəhətdən təmiz və yüksək komfortlu yaşayış məkanına çevrilməsinin uğurlu modelidir. Sea Breeze Resort isə sahilyanı urbanizasiya və müasir memarlıq həllərinin diqqətçəkən nümunələrindən biridir.
Şəhərsalma sahəsində Azərbaycanın təqdim etdiyi ən mühüm təcrübələrdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni yaşayış məntəqələri salınır, yollar, hava limanları, sosial obyektlər və müasir infrastruktur yaradılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan Ağdam, Füzuli, Zəngilan, Laçın, Şuşa və digər yaşayış məntəqələri postmünaqişə dövründə dayanıqlı inkişafın və innovativ şəhərsalmanın ən qabaqcıl nümunələridir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 30 ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqlarında Ermənistan tərəfindən genişmiqyaslı dağıntılar törədilib. Bir vaxtlar “Qafqazın Xirosiması” adlandırılan Ağdamın bugünkü dirçəlişi dövlətimizin siyasi iradəsinin, iqtisadi gücünün və strateji baxışının göstəricisidir. Hazırda on minlərlə insan öz doğma torpaqlarına qayıdır, yaşayır, çalışır və təhsil alır. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası deyil, həm də sosial ədalətin bərpası və insan ləyaqətinin təmin olunması deməkdir.
Azərbaycanın UN-Habitat ilə əməkdaşlığı da getdikcə dərinləşir. 2022-ci ildə Ağdamda, 2023-cü ildə Zəngilanda və 2025-ci ildə Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumları ölkəmizin topladığı təcrübənin beynəlxalq müstəvidə təqdim olunmasına geniş imkan yaradıb. Bu əməkdaşlıq Azərbaycanın urbanizasiya, ekologiya və şəhər idarəçiliyi sahəsində qlobal təşəbbüslərin fəal iştirakçısına çevrildiyini göstərir.
WUF13 çərçivəsində ilk dəfə Liderlər Sammitinin keçirilməsi Bakının yalnız şəhərsalma məsələlərinin deyil, həm də qlobal siyasi və humanitar dialoqun aparıldığı mühüm mərkəzə çevrildiyini təsdiqləyir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin və ekspertlərin Azərbaycan paytaxtında bir araya gəlməsi ölkəmizin sabitlik, əməkdaşlıq və həmrəylik məkanı kimi qəbul olunduğunu göstərir.
Bu forumun əhəmiyyəti yalnız müzakirələrlə məhdudlaşmır. WUF13 dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, investorlar və ekspertlər arasında yeni tərəfdaşlıqların qurulmasına, innovativ layihələrin təşviqinə və investisiya imkanlarının genişlənməsinə şərait yaradır. Urbanizasiya, iqlim dəyişiklikləri və sosial rifah kimi qlobal problemlərin həlli üçün praktiki addımların müəyyənləşdirilməsi forumun əsas məqsədlərindən biridir.
Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, müasir şəhərsalma sahəsində qazandığı uğurların və qlobal problemlərin həllinə verdiyi töhfələrin parlaq təzahürüdür. Bu mötəbər tədbir bir daha göstərir ki, Azərbaycan təkcə qədim tarixə və zəngin memarlıq irsinə malik ölkə deyil, həm də gələcəyin şəhərlərini quran, dayanıqlı inkişafın yeni modellərini yaradan və qlobal dialoqa mühüm töhfələr verən müasir dövlətdir. Bakı isə artıq dünyanın gələcəyi ilə bağlı strateji qərarların müzakirə olunduğu etibarlı beynəlxalq platforma kimi öz mövqeyini daha da möhkəmləndirib.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri