“Hal-hazırda “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinin hazırlanması üzərində iş aparılır. Bu dəfə də uzunmüddətli müqavilənin imzalanması planlaşdırılır. Texniki şərtlərin üzərində iş başa çatdıqdan sonra bağlanacaq müqavilə və digər məsələlər ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.Yeni stansiyalar ilə bağlı danışarkən qurum rəsmisi qeyd edib ki, hazırda metropolitenin bənövşəyi xəttinin IV yeraltı və ümumən xəttin V stansiyası, metropolitenin 28-ci stansiyasının işləri davam edir: “Stansiya şərti olaraq B-4 adlanır. Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman Konsert Kompleksi yaxınlığında, 1 saylı şəhər Mərkəzi Klinik Xəstəxanasının arxasında yerləşir. Stansiya dörd səviyyədən ibarət olacaq. Hal-hazırda dördüncü səviyyədə qazma işlərinin tamamlanması istiqamətində tədbirlər görülür. Artıq qazılmış digər sahəsində isə platformaaltı səviyyədə texniki inşaatın norma və qaydalarına uyğun olaraq betonlama və başqa işlər həyata keçirilir. Digər üç səviyyədə isə üzləmə işlərinə hazırlıq mərhələsi davam edir”.B.Məmmədov sözlərinə davam edərək həmçinin tunellərlə bağlı məlumat verib. O bildirib ki, infrastruktur-quruculuq işləri davam edir: “Çünki bu üsulla stansiyanın inşaatı və tunellərin qazma prinsipinə uyğun olaraq stansiyanın inşası başlayana qədər tunellər hazır olunur. Hazırda hər iki tuneldə yol infrastrukturunun qurulması üzrə relslərin quraşdırılması və kommunikasiya xətlərinin çəkilməsi işləri tamamlanmaq üzrədir”.
Müəllif: Ləman Əlizadə