"Bu gün Amerika və Avropada maliyyə bazarlarında baş verən proseslərlə və böyük bankların iflası ilə bağlı müəyyən investorlarda qorxu yaranıb. Artıq dünya bazarlarında qızılın qiymətinin artması müşahidə olunur. Belə ki, investorlar daha çox valyuta və maliyyə alətlərindən qızıla investisiya yatırmaq həvəsindədilər. Çünki bunu daha sabit infestisiya aləti sayırlar". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.Onun sözlərinə görə, bu baxımdan artıq dünyada da ilin əvvəlindən qızılın qiymətində artım müşahidə olunur: "Sözsüz ki, bu da öz təsirini ölkəmizdə olan qızıla göstərir. Belə ki, biz zərgərlik məhsullarını əsasən xaricdə idxal edirik".Eyyub Kərimli sözlərinə belə davam edib: "Ölkəmizdə hal-hazırda toy mövsümüdür. Qızılın qiymətində də qızıla olan tələbatın artması nəticəsində artım müşahidə olunur. Düşünürəm ki, hələ də dünya bazarıyla əlaqədar olaraq qızılın qiymətində artım davam edəcək. Lakin qarşıdan Məhərrəm ayı gəldiyi üçün qiymət sabitlənə bilər".
Ayşən Vəli