İkinci şans verilən keçmiş məhbusların adaptasiya problemi yarana bilər
Bir neçə gün öncə - mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
“Ciddi formada adaptasiya problemi yaşayırlar”
Əksəriyyət əfv ilə azadlığa çıxanların bir çoxunun islah və cərimə səbəbindən məhkum olunduğu üçün cəmiyyətə adaptasiyaları barədə çox böyük problemlər yaşamayacağını düşünür. Bəzi hüquqşünaslar isə həbsxanaların islahedici xüsusiyyətinin olmadığını bildirərək azadlığa çıxanların təkrar cinayət işlədiyini və bu səbəbdən məsuliyyətə cəlb olunaraq həbsxanaya qaytarıldığını iddia edirlər.
Psixiatr Araz Həsəovun fikrincə, uzun müddət həbsxanada qalan insanların ünsiyyət problemi ola bilər. Həmin şəxslər əfv edilərkən onların yenidən cinayət törədib-törətməyəcəyinə nəzarət etmək və bunun üçün psixoloji-sosial dəstək vermək lazım olduğunu düşünən psixiatr bu məsələdə ailələrin və yaxın çevrənin üzərində böyük məsuliyyət düşdüyünü deyir:
“Uzun müddət həbsdə qalanlarda empatiya azala bilər, yaşadıqları çətinlik səbəbindən inam, etibar, şəfqət və mərhəmət hisslərini itirə bilərlər. Ünsiyyətə qapalı olurlar, hətta şən, danışıb gülməyi sevən bir insanın da xarakterini dəyişə bilir məhbusluq həyatı. Bu səbəbdən qohumlarının keçmişi xatırladaq hər hansı sözü, hərəkəti onlarda aqressiya yarada, özünəqapalı həyata sövq edə bilər. Lakin aqressiyasına yenilib yenidən cinayət törədənlər və təkrara cəzaçəkmə müəssisələrinə göndərilənlər də olur”.
Həbsxanadan çıxan insanların cəmiyyətə inteqrasiyasının təmin edilməsində bu sahədə işləyən QHT-lərin üzərinə məsuliyyət düşür: “Dünya təcrübəsində də var ki, cəza müəssisələrindən çıxan insanları həftədə, ayda bir dəfə də olsa bir araya toplayıb sosiallaşmasına kömək edirlər. Ölkəmizdə belə bir reabilitasiya sistemi olmadığından keçmiş məhbuslar adaptasiya, uyğunluq problemləri yaşayır”.
Ən böyük problemləri iş olur
Uzun müddət həbsdə olanların bəzilərinin həbsdən çıxandan sonra getməyə evi, görüşməyə qohumu yoxdur. Onlar yaşamaq üçün iş tapmalı, pul qazanmalıdırlar, lakin indi bu, çox çətindir. Bəxt üzünə gülüb iş tapanlar isə əvvəllər məhkum həyatı yaşadığı bilindikdən sonra iş yerində stiqmaya məruz qala bilirlər. İş tapa bilənlər keçmiş məhkumlar da həmkarlarının reaksiyasına dözə bilmir və işdən çıxırlar. İşçilər keçmiş məhkumlarla eyni yerdə işləmək, eyni mühitdə olmaq istəmir, keçmiş məhkumlar isə “cəzamı çəkmişəm” deyərək haqlı olaraq ikinci şans istəyirlər. Bəzən o şans onlara verilir, bir çox hallarda isə yox.
“Həbsdən çıxanda dərhal işləyə bilmədim. Təhsilim var, əvvəlcə özəl bir şirkətdə mühasib işləmişəm, amma orada mənim məhkumluğumu bilirlər deyə getmədim, qınayan, söz atan çox olur. Həyatdır, başıma iş gəldi, mən də istəməzdim belə olsun, adi mübahisə böyüdü, dava oldu, bıçaqladım birini. Ölmədi yaxşı ki, amma mənim də bütün həyatım məhv oldu. İllərlə həyat yoldaşım həbsxanaya gəldi-getdi, uşaqlarım mənsiz böyüdü. İki ildir iş axtarıram, gündəlik fəhləlikdən başqa heç nə tapmıram. Təsəvvür edin, yaxşı iş şəraitim, qazancım, hörmətim vardı, indi isə tikintilərdə fəhəlik işini belə güclə tapıram”.
Bunlar keçmiş məhkum A.Məhəmmədəliyevin dediklərindəndir. O yaxın çevrəsindən narazılıq etmir: “Ailəm, qohumlarım bütün imkanları ilə mənə dəstək oldular, amma ata-anama, həyat yoldaşıma qarşı vicdan əzabım var. Onlara bunu yaşatdığım üçün utanıram. Bir anlıq qəzəb ömrümü məhv etdi".
Hüquqşünas: “Təkrar cəza müəssisəsinə dönənlər də olur”
Bəlkə də xəbər saytlarında, qəzetlərdə oxucunun da diqqətini çəkib. Bəzən həbsdən çıxıb yenidən həbsə qayıdanlar barədə yazırlar. “Həbsdən çıxdı, keçmiş arvadını öldürdü...”, “həbsdən çıxan gün həbsə qayıtdı” kimi xəbərlər də rastımıza çıxır. Maraqlıdır, niyə bu insanlar azadlığa çıxdıqdan sonra yenidən cinayət törədirlər? Azadlıq onlar üçün belə dəyərsizdirmi? Ekspertlər hesab edir ki, cəzaçəkmə müəssisəsindən çıxan keçmiş məhkumların eyni cinayəti törətmə nisbəti 30 faizdir.
Vəkil Vilayət Vəliev deyir ki, iş təcrübəsində belə hallara rast gəlib: “Bəzən hüquqlarını müdafiə etdiyim şəxsin ikinci, üçüncü cinayəti törətdiyinin şahidi oluram. Yüngülləşdirici səbəblər axtarıram, cəzasının azaldılması üçün yollar axtarıram, amma bir çox hallarda bu mümkün olmur. Həbsdən çıxdığı həftə cinayət törədənlər olur. Sanki həbsə qayıtmaq üçün qəsdən edirlər. Əksər hallarda da ağırlaşdırılmış cəza alırlar”.
Vəkilin sözlərinə görə, əfv vasitəsi ilə çıxanlar, adətən, təkrar cinayətə meyilli olmurlar: “Qəbul edirlər ki onlar bağışlanıbsa nümunəvi olmalıdırlar. Bağışlanmadan sonra həyatlarına bir növ nəzarət etməyə çalışırlar ki, təkrar məsuliyyətə cəlb olunmasınlar. Özlərini buna borclu hesab edirlər.”
Bağışlamaq bütün dövrlərdə və bütün cəmiyyətlərdə böyüklük hesab edilir, bağışlayan müdrik, bağışlanan səhvindən dərs alan kimi xarakterizə edilir. Azad cəmiyyətlərdə günahın cəzası da olur, cəzasından nəticə çıxaranların əfvi də. Günahkarların bağışlanması məsuliyyətli işdir, bu məsuliyyəti öz üzərinə götürəcək insanlar da azdır. Dövlət rəhbərliyi bu məsuliyyəti öz üzərinə götürərək dövlətçilik tarixinin ən böyük əfv qərarı ilə 801 ailənin ümidini işıqlandırdı. Ümid edirik ki, ikinci şans verilən keçmiş məhbuslar azadlığın dəyərini bilərlər.
Lalə Mehralı