PDF Oxu

Sosial

  • 5 608

"İrəvana qayıdacağımız gün oynayacağımız ilk tamaşa "Ata vəsiyyəti" olacaq" MÜSAHİBƏ

"İrəvana qayıdacağımız gün oynayacağımız ilk tamaşa "Ata vəsiyyəti" olacaq" MÜSAHİBƏ

Müsahibimiz C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevdir

- İftixar müəllim, illərdir ki, teatrınız İrəvandan uzaqda fəaliyyətini davam etdirir. Bu illər ərzində teatrın gündəlik (təbii ki, iz buraxan an və zamanı) həyatına nələr həkk olub və bunlar necə xatirələşib?

- Çox hadisələr... Qələmə aldığım "İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi" adlı elmi, tarixi, publisistik monoqrafiyada iyirmi üç ildə şahidi olduğum bütün tarixi anlar öz əksini tapır. Özünəməxsus yaradıcılıq strategiyası ilə – tamaşaçılarını hər gün sənət ovsunu ilə "tilsimləmək", özünə bağlamaq üçün dünyəvi problemləri ehtiva edən, bir-birindən maraqlı, yeni səhnə əsərləri yaratmaqla, ən çox isə vətənpərvərlik ruhu aşılayan, dövlətimizin və dövlətçiliyimizin ideyalarını tərənnüm edən əsərlərə can verməklə, siyasi motivli pyeslərin səhnəyə gətirilməsi ilə, milli-ideoloji ruhu yüksəldən tamaşaların hazırlanması ilə, böyük beynəlxalq layihələr hazırlayaraq həyata keçirməklə xarici ölkələrdə öz yaradıcılıq strategiyasını təbliğat etməklə, Qarabağ və irəvançılıq ideyalarını geniş arenaya çıxarmaqla və s. kimi dinamik yaradıcılıq fəaliyyəti qurmaqla tarixiləşib...
1988-ci ildən alovlanmağa başlayan, bütün Qərbi Azərbaycanı başına alan erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə nəticəsində İrəvan Azərbaycan Dram Teatrının əmlakı əlindən alınmaqla Ermənistan SSR Mədəniyyət Nazirliyinin məqsədli şəkildə, məcburi göndərişinə əsasən, Neftçala rayonuna qastrol səfəri adı ilə birdəfəlik olaraq, sözün əsl mənasında sürgün edildi. Sürgün ona görə deyirəm ki, İrəvana dönüşünə qadağa qoyuldu və beləliklə, başı bəlalı bu fədakar sənət ocağı 1989-cu ildən Azərbaycanın paytaxtı Bakı şəhərinə deportasiya olundu. Doğma vətənindən didərgin salınmasına baxmayaraq, prinsipial şəkildə İrəvana dönərək orada – öz dədə-baba yurdunda fəaliyyətini davam etdirmək eşqi ilə yaşayan bu sənət ocağının yaradıcılıq əzminin, onun deportasiya müddətində hazırladığı tamaşalarla bədxahlarına qarşı kəskin mübarizə müstəvisinə yüksəldiyini müşahidə edəcək fədakarlıq və qəhrəmanlıqla çalışdığının şahidi olduq. Ağır gərginliklərlə daim üz-üzə qalan, lakin həmişə öz gücünə inanan, yaradıcılıq imkanlarının geniş olduğunu yaxşı bilən, sənət fəaliyyəti prinsipindən heç vaxt dönməyən, mübarizə əzmini itirməyən İrəvan Teatrı çalışdıqca özündə elə bir yaradıcılıq ruhu formalaşdırmışdır ki, bu günə qədər də həmin ruh teatr kollektivinin inkişafdan geridə qalmamasına təminat verməkdədir.

- 1882-ci ildən fəaliyyət göstərən İrəvan Dövlət Azərbaycan Dram Teatrının keşməkeşli həyatı hər birimizə bəllidir. Zaqafqaziyada aparıcı teatrlardan birinə çevrilmiş sənət ocağının tarixində 1918-1920-ci illərdə ermənilərin İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppasının mühacirətə üz tutması, 1948-ci il, 1988-ci il hadisələrinin buraxdığı izlər teatrın yaradıcı kollektivinə həm mənəvi, həm də psixoloji anlar yaşatmış oldu. Bütün azərbaycanlılar kimi, onlar da öz yurd-yuvalarından qovuldular. Həmin dövrlərdə teatrın özünəqayıdışı və yenidən səhnə həyatı olmasaydı, bugünkü qocaman teatrdan söz aça bilməzdik.

- Təəssüflər olsun ki, ermənilər dəfələrlə bizə qarşı insana xas olmayan əməllər törədiblər. Bütövlükdə Qafqazda yaşayan türklərin ölümünə çalışıblar. İrəvan teatrının kollektivi də bu vəhşi əməllərdən həmişə əziyyət çəkib. Qürurla deməliyik ki, sənət ocağımız Qərbi Azərbaycanın paytaxtı İrəvan şəhərində elə bir mühitdə yaranıb ki, həmin mühit Qafqazda inkişafa qədəm qoyan milli ruhun dirçəldiyi, mədəni mühitin intibah etdiyi bir dövrə təsadüf edir. Yarandığı vaxtdan etibarən maarif və mədəniyyətin, elm və təhsilin, bədii yaradıcılıq və folklorun, eyni zamanda milli özünüdərkin oyanışına və dirçəlişinə təkan verən teatr sənətinə, yaranışı ilə bütün yaradıcılığı boyu, həm də ümumən Azərbaycan teatr sənətinin inkişafına xidmət göstərib. Bu da bir həqiqətdir ki, İrəvanda teatr sənətinin daha qədim tarixi köklərə malik olması faktına rast gəlinir. Həmin faktlara istinadən, hələ 1673-ci ildə əzəli torpağımız olan İrəvan xanlığının Sərdar sarayında oynanılan bir tamaşa Qafqaza gələn fransız səyyahı Jan Şardenin diqqətini çəkmişdir. Şarden həzz aldığı şeir, musiqi və rəqslərlə müşayiət olunan həmin tamaşanı Qərbin operasına bənzətmişdir. 1882-ci il 2 aprel tarixində, kasıb tələbələrə kömək məqsədi ilə, İrəvan şəhər məktəbinin müəllimi Məşədi İsmayıl Hacı Kazımzadənin müəllifi olduğu "Tamahkarlıq düşmən qazanar" əsərinin tamaşasını ikinci dəfə oynamaqla peşəkar fəaliyyətə başlayan İrəvan Teatrı Firudin bəy Köçərlinin Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1885-ci ildə İrəvan şəhərinə gəlişi ilə öz həyatında ciddi dönüş yaratdı, daha da zənginləşməyə başladı. 1903-cü ildə Yunis Nuri, Mirzə Cabbar Məhəmmədzadə, Mustafa Rəcəbov, Asif bəy Şəfibəyov və digər ziyalıların ciddi səyi ilə teatr truppası yaradılır və truppaya rəhbərlik görkəmli teatr xadimi Yunis Nuriyə həvalə olunur. Əzmkar sənət fədailərinin zəhməti nəticəsində bu sənət ocağı dirçəlməyə başladı. İrəvan Azərbaycan Teatrı çətin şəraitdə yaradıcılıq yolu keçməsinə baxmayaraq, zaman-zaman inkişaf edərək, formalaşdı, Qafqazda nüfuzlu teatrlar sırasında özünə yüksək yer tuta bildi. Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi, ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi, 1918-ci ilə qədər qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi və sair tarixi olaylar böyük səhv idi. Bu səhv nəticəsində Vətənimizin həmin bölgəsində yaşayan soydaşlarımız bu günə qədər əziyyət çəkməkdədir...
1905-ci ildən başlayaraq dinc əhalimizə qarşı törətdikləri vəhşiliklər əlbəttə ki, İrəvan teatrının yaradıcılıq prosesinə də mənfi təsirini göstərdi. Aktyor truppası pərən-pərən olub, Cənubu Azərbaycana mühacirət etmək məcburiyyətində qaldı. 1918-ci il 31 mart hadisələri xalqımızın zəngin tarixində unudulmayan qanlı səhifədir. Bu günlərdə xalqımıza, insanlarımıza qarşı ən ağır cinayət – soyqırımı törədildi. Bizim soyqırımı adlandırdığımız belə bir cinayət ermənilər üçün yeni bir iş deyildir. 1948-1953-cü illərdə Qərbi Azərbaycan ərazisində yaşayan əhalinin deportasiyası, 1988-1994-cü illər arasında baş verən məlum hadisələr, əlbəttə ki, İrəvan mədəni mühitinin tənəzzülünə səbəb oldu. İrəvan Teatrı 1989-ci ildən başlanan, deportasiya həyatı kimi tarixə keçən müasir dövrünün çətinliklərlə əhatə olunan ilk illərində formalaşmağa çalışmasına rəğmən dirçələ bilməsə də, 2000-ci ildən etibarən öz yeni inkişaf mərhələsinə qədəm qoydu. Uğurlarla əhatələnə bilən bir maştaba yüksəldi və bu yüksəliş mərhələsi bu gün də davam etməkdədir.

- Həmin çətin illərdə teatrın məskunlaşması, acı həyat yaşamış yaradıcı kollektivin soyuq otaqlarda hazırladıqları tamaşalar bu sənət ocağının səhifələrində necə əksinin tapır?

- 2000-ci ildən başlayaraq teatr təməlli yaradıcılıq prosesinə start verdi. Özünün tarixi-nümunəvi yaradıcılıq ənənələrini bərpa etdi. Daha sonra Azərbaycan teatr sənət ocaqları ilə zəncirvari yaradıcılıq prosesini formalaşdırdı. Görkəmli teatr xadimlərini teatra cəlb etdi, onlarla yaradıcılıq ünsiyyəti qurdu. Müxtəlif mövzulu əsərlərin ərsəyə gətirilməsinə, müxtəlif səpkili tamaşaların hazırlanmasına nail oldu və nəhayətdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Sənət ocağımız gənc istedadların teatra cəlb olunmasını, bununla da yeni yaradıcı mütəxəssislərin yetişməsini təmin etmək üçün teatrın səhnəsinin yaradıcılıq bazasına çevrilməsinə rəvac verdi. Teatrımız səhnə həyatı verdiyi yüksək bədii keyfiyyətli tamaşalarla öz yaradıcılığını genişləndirir. Geniş ictimaiyyətin diqqətini cəlb etmk üçün böyük təbliğat prosesi həyata keçirir. Ərsəyə gətirdiyi tamaşalarla və həyata keçirdiyi yaradıcılıq səfərləri ilə öz arxivini zənginləşdirir. Məskunlaşdığı məkanın qeyri-qənaətbəxş olmasına, tamaşalar hazırlamaq üçün şəraitsizlikdə çalışmasına rəğmən, daim dinamik fəaliyyət prinsipini qoruyub saxlamaqla və uğurlu sənət inciləri ərsəyə gətirməklə, həmin inciləri, əsasən respublika miqyaslı qastrol səfərlərində geniş təbliğ edərək sanballı sənət ocağı olduğunu isbata yetirməsi nəticəsində böyük nailiyyətlər əldə edən və diqqət çəkən İrəvan Teatrı bu səbəbdən də 2007-ci ildə Prezident Sərəncamı ilə 125 illiyinin təntənəli şəkildə keçirilməsi zirvəsinə yüksəldi, həmin dövrdə kollektivin bir qrup sənətkarları Dövlət tərəfindən fəxri adlarla təltif olundular. 125 illik yubileyimiz həm Azərbaycanda, həm də Türkiyə Cümhuriyyətinin Manisa, İzmir, Niğdə şəhərlərində dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası əsasında "Məşədi İbadın düyünü" və müəllifi olduğum "Müstəqil vətənin memarı" tamaşa-kompozisiyası ilə qeyd edildi. Qastrol günlərində Niğdə valisi əslən Qərbi Azərbaycandan olan Gümrüz Bədər Niğdə şəhərindəki "Qızıl alma" parkının adını dəyişdirərək, "Heydər Əliyev parkı" elan etdi və parkın uca yerində Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin abidələrinin ucaldılması qərarını verdi.
Ən sevindirici hadisə isə 125 illik yubiley münasibəti ilə Binəqədi rayonu ərazisində yerləşən bina ilə təmin olunmağımızdır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, hazırda həmin binada təmir işləri yekunlaşmaq üzrədir.
Müstəqillik dövrümüzdə istər Ulu Öndər Heydər Əliyev, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi istiqamətində neçə-neçə sərəncamlar verilmişdir. Azərbaycan teatrları Heydər Əliyevin gətirib çıxardığı müəyyən bir mərhələdən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla geniş miqyaslı inkişaf mərhələsinə qədəm qoydu. Teatrımızın 140 illiyi tarixinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar 2022-ci il iyul ayının 14-də Prezident Sərəncam imzalanmışdır ki, bu da qocaman sənət ocağı İrəvan Teatrının tarixinə, məzmunlu fəaliyyətinə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

- Teatrın Bakı dövrünün ilk tamaşası hansı oldu?

- Qərbi Azərbaycanda yaşayan soydaşlarımız öz yurd-yuvalarından didərgin salındıqdan sonra, İrəvan Dövlət Azərbaycan Dram Teatrının güclü repertuarı olmayıb. Truppa əsasən əvvəlki illərdə oynanılan tamaşaları bərpa etməklə məşğul olub. Teatrın Bakı dövrünün, yəni 1989-cu ilin ilk tamaşası G.Xuqayevin "Mənim qaynanam" ("Elbrus evlənir") əsəri olub.

- Əlbəttə ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının repertuarında Ulu Öndər Heydər Əliyev obrazının xüsusi yeri var. Heydər Əliyevin bu teatra olan münasibəti və Heydər Əliyev obrazının teatra gəlməsi "Qurtuluş dastanı"...

- Ulu Öndər Heydər Əliyev bütün teatrlara, xüsusən də qürbət nisgilli sənət ocaqlarına – Tiflis, İrəvan və Dərbənd teatrlarının taleyinə heç vaxt biganə qalmayıb, əksinə, ali nəzərlərlə diqqət yetirib. Gürcüstan – Tiflis və Dağıstan – Dərbənd mühitində teatr sənətinin inkişafı üçün və Tiflis və Dərbənd Teatrlarının inkişafı məqsədi ilə, İrəvan Teatrının Gürcüstana və Dağıstana bir neçə dəfə genişmiqyaslı və tam təmənnasız olan, Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən qastrol səfərləri də həmin qayğının davamının təzahürü idi. İrəvan Teatrının istər Qərbi Azərbaycandakı – İrəvan şəhərindəki fəaliyyət dövrü, istərsə də deportasiyadakı fəaliyyət prosesi isə məhz Ulu Öndər Heydər Əliyevin qayğıları ilə hər zaman əhatələnmişdi. Hazırkı deportasiya dövründə teatrımızın dövlət statusunun özünə qaytarılması da Ümummilli Liderimizin qayğısı ilə bağlıdır. 1978-ci ildə Dövlət statusu almasının əlli illiyi münasibəti ilə Bakıya dəvət olunması, bir ay Bakı tamaşaçılarını öz yaradıcılıq imkanları ilə tanış etməsi, həmin vaxtda Azərbaycanın fəxri adları ilə kollektivin təltif olunması, ali diplomlar verilməsi də məhz Heydər Əliyevin qayğısının təzahürüdür. Həmişə öz üzərində diqqətini və qayğısını hiss etdiyi Ümummilli Lider Heydər Əliyev fenomeni İrəvan Teatrının kollektivi üçün sönməz ilham qaynağı və həyat eşqi verən bir güc, qüdrət mənbəyidir. Məhz İrəvan Teatrının kollektivindəki bu sönməz və tükənməz məhəbbət, Ümummilli Liderimizin bədii obrazını öz səhnəsində əbədi yaşatmaq eşqini qoruyub saxlamaq üçün İrəvan Teatrına daim stimul verir. Bu stimul və sevgi ilə Ulu Öndər Heydər Əliyevin 90 illiyi yubileyinə həsr olunmuş, Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış "Qurtuluş dastanı" tamaşası 10 may 2013-cü ildə Akademik Milli Dram Teatrının səhnəsində oynanıldı. Tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, bu tarixin ən parlaq səhifələrini yaradan Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunmuşdur. "Qurtuluş dastanı"ndan əvvəl biz Aqşin Babayevin "Xilaskar" əsərini tamaşaya hazırlamışıq. Daha sonra isə görkəmli şair-dramaturq Hidayətin "Burdan min atlı keçdi", müəllifi olduğum "İşıqlı, nurlu sabah", "Nurlu ömrün anları", "Qalx ayağa Azərbaycan!", "Qurtuluş" tamaşalarında Ulu Öndər Heydər Əliyevin bədii obrazı ilə istər respublika miqyasında, istərsə də respublikadan kənarda tamaşaçıların görüşünə getmişik. Hər birində də böyük rəğbət və sürəkli alqışlarla qarşılanmışıq. İrəvan Teatrında 2009-cu ildə ilk dəfə "Xilaskar" tamaşasında Ulu Öndərimiz Heydər Əliyevin bədii obrazını yaratmaq missiyası mənim taleyimə nəsib oldu. Ondan sonra hazırlanan bütün əsərlərdə Ulu Öndərimizin bədii obrazı yaradıcılıq taleyimə yazıldı. "Xilaskar"ın hazırlanmasına törədilən qıcqanclıq maneələrinə baxmayaraq, həmin tamaşanı biz ümumən əlli üç dəfə Azərbaycanın, eləcə də, Türkiyənin, Gürcüstanın və Dağıstanın müxtəlif səhnələrində oynadıq. Hər oyundan sonra, həm baş qəhrəmanın ifaçısı olaraq mənim, həm də teatrın kollektivinin fəxri fərmanlarla təltif olunduğu bu möhtəşəm tamaşa hər dəfə tamaşaçıların böyük sevgisi ilə qarşılanırdı. "Xilaskar" tamaşası ilə Şota Rustaveli adına Gürcüstan Dövlət Dram Teatrının böyük səhnəsində açılış etdik. Gürcüstanın eks-Prezidenti, Ulu Öndər Heydər Əliyevin yaxın dostu Eduard Şevardnadze səhnə arxasına gələrək, kollektivimizi şəxsən təbrik etdi, tamaşa haqqında ürək sözlərini dedi: "Nə yaxşı ki, siz Heydər Əliyevin obrazını səhnəyə gətirmisiniz. Heç bir tərcüməyə ehtiyac duyulmayan bu tamaşada hər şey aydınca anlaşılırdı. Tamaşaya baxarkən mən sanki dostumu yenidən gördüm. Gözlərim önündə çox hadisələr canlandı. Siz isə mükkəmməl oynayırdınız. Heydər Əliyevə xas olan cizgilər, jestlər, yeriş, duruş, manera elə bil özüdür. səsiniz isə unikaldır. Dostumun səsi ilə birə birdir". Bu sözlərlə E.Şevardnadze qolunu boynuma doladı...
Teatrın bu layihəsində diqqəti cəlb edən ən yeni cəhət Ulu Öndərin bədii obrazının dolğunluqla, bədii vüsətlə canlandırılmasında idi. Cəsarətlə demək olar ki, bu tamaşa milli teatrımızın tarixində yeni səhifədir. Hidayətin "Burdan min atlı keçdi" dramında isə Ulu Öndərin obrazı Heydər Əliyevçilik – Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssiməsini tapır. Tale belə gətirdi ki, bu tamaşada da Ulu Öndərimizin bədii obrazının yaradıcısı kimi onun hisslərinin, duyğularının, yüksək insani keyfiyyətlərinin, həm övladlıq, həm valideyinlik missiyasının, həm sərkərdəlik qüdrətinin yaşantılarını ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə apardığı fəaliyyətində gərgin situasiyalara qarşı mübarizəsini məhz səhnədən təcəssüm etdirmək şərəfi nəsibim oldu. Əsərin müəllifi Heydər Əliyev obrazını erməni şovinistləri ilə daha gərgin, daha təhlükəli mübarizələr fonunda, həm də hələ o illərdə xalqımız üçün başlanan və gələcəkdə torpaq iddiaları adı altında soyqırım fəlakətlərinin, əzəli yurd yerlərimizdən deportasiyaların o dəhşət və vəhşətlərini öz iti ağlı, uzaqgörən siyasəti ilə duymasını çox böyük dərinliklə çatdırır. Tamaşa boyu zamanın, tarixin, dövrün konkret anı, məqamı, zamanın məhvəri öz predmet ifadəsini və obrazını tapa bilir. Bu obrazda başlıca məna və vurğu – şəxsiyyət və xalq, öndər və millət və onlar arasındakı münasibətlərin ifadə etdiyi tarixi qanunauyğunluqlardır.
Heydər Əliyev fenomeninə Aqşin Babayevin də, Hidayətin də şəxsimin də yaradıcılıq münasibəti o parlaq şəxsiyyətin mükəmməl obrazının cəlbedici xüsusiyyətindən qaynaqlanır. Təsadüfi deyil ki, İrəvan Teatrı 140 illiyi mövsümündə, əsərin baş qəhrəmanının Ulu Öndərimiz Heydər Əliyev olduğu "Burdan min atlı keçdi" və "Qurtuluş", "Nurlu ömrün anları" tamaşaları yeni redaktədə təkrar olaraq hazırlandı və tamaşalar anşlaqla oynanılır. Deməliyəm ki, bu əsərlər repertuarımızın ən aktual və baxımlı sənət nümunələrindəndir.

- Qərbi Azərbaycan deyəndə qədim Azərbaycan torpağı İrəvan göz önünə gəlir. Dərələyəz, Zəngibasar, Vedibasar, Göyçə, Dərəçiçək, Qərbi Zəngəzur, Mehri, Ağbaba bölgələri. O yerlər bizi gözləyir. Qərbi Azərbaycana, İrəvana qayıdacağıq. İftixar müəllim, o torpağa ayaq basanda teatrın rəhbəri olaraq ilk sözünüz nə olacaq? Hansı tamaşa oynanılacaq?

- Adlarını çəkdiyiniz o müqəddəs yurd yerlərimizi həmişə ürək göynərtisi ilə xatırlayırıq. O əziz yerləri biz heç vaxt ermənilərə buraxa bilmərik. Biz bütün ruhumuzla ömrümüzün sonuna qədər həmin doğma yudlarımıza qayıtmaq üçün mücadilə edəcəyik. Nə xoşbəxtik ki, ölkə rəhbərimiz də məhz belə mövqedədir və qarşımızda bu istiqamətdə aydın və cəsarətli imkanlar yaradır. Qərbi Azərbaycanı özündə ehtiva edən, hazırda fəaliyyətini Bakıda davam etdirən yeganə sənət ocağı olan İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz varlığı və yaratdığı sənət nümunələri ilə "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası"nın icrası kontekstində və tarixi ədalətin bərpa olunması yolunda aparılan geniş təbliğat işlərinin həyata keçirilməsi funksiyasının reallaşmasını təlqin edir. Prezident İlham Əliyevin qarşıya qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində qocaman sənət ocağı – İrəvan Teatrı Qərbi Azərbaycan həqiqətlərini öz varlığında və fəaliyyətində yaşadır və gələcəyə daşıyır. Azərbaycan üçün hazırda həyati əhəmiyyətli prioritet məsələ məhz əlbəttə ki, Qərbi Azərbaycana qayıdış məsələsidir. Azərbaycanlıların müxtəlif zamanlarda Qərbi Azərbaycandan zor gücünə çıxarılması və həmin ərazilərin erməniləşdirilməsi taleyimizin acı həqiqətləridir. Əzəli torpaqlarımıza qayıdış həllini gözləyən taleyüklü, ciddi problemdir. Biz, Azərbaycanın bugünkü inkişaf zamanında və siyasi meydandakı yüksək mərhələyə ucalmış mövqeyi istiqamətində özünün gələcək taleyini – yaradıcı fəaliyyətini İrəvanda davam edəcəyinə bir həqiqət kimi baxır və heç şübhə etmirik ki, belə gedişlə İrəvana dönüş həqiqəti öz həllini tapa biləcəkdir. İrəvan Azərbaycan Teatrı, əlbəttə ki, İrəvana qayıdacaq və yəqin ki, ilk sözümüz "Yaşasın Vətən!.. Vətən yaşasın!" ifadələri olacaq. İlk oynayacağımız tamaşa isə, qismət olsa, müəllifi olduğum "Ata vəsiyyəti" əsəri olacaq.

- Bu gün 140 ildən artıq fəaliyyəti olan teatrda əhvali-ruhiyyə necədir?

- İrəvan Azərbaycan Dram Teatrının 140 ildən artıq qədim tarixinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, teatrın yaradıcılıq potensialının məzmun və mahiyyətində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda, vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur. Bu teatrın kollektivi bütün yaradıcılıq tarixi boyu – həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Kollektiv müxtəlif beynəlxalq layihələrlə, dəfələrlə Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Rusiya Federasiyasında səfərlərdə olmuşdur. 2011, 2013, 2016, 2018-ci illərdə Türkiyə Cümhuriyyətində geniş miqyaslı qastrollar həyata keçirmişik. Səfərlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası çərçivəsində türk yazarı Zehni Papaqçının "Soyqırımı abidəsinin dastanı", müəllifi olduğum "Nurlu ömrün anları", "Soyqırımı tarixinin dastanı", türk yazarları D.Çizməli və P.Çələbioğlunun "Cümhuriyyətin ilk sədası", A.Babayevin "Xilaskar" tamaşaları ilə Türkiyə Cümhiriyyətinin İğdır, Ərzurum, Kars, Ankara, İzmir, Manisa, Muğla, İstanbul, Amasiya, Ədirnə, Çanaqqala, Samsun, Gerasun, Trabzon şəhərlərində uğurla çıxışlar etmişik. 2023-cü ilin iyun ayında "Heydər Əliyev ili" və Türkiyə Cümhuriyyətinin yüzüncü ildönümü çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə "Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi" devizi altında D.Çizməli və P.Çələbioğlunun "Cümhuriyyətin ilk sədası" tamaşası ilə növbəti səfərə hazırlaşırıq. Bu səfər həm də Prezident İlham Əliyevin "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası"na töhfə vermək missiyası ilə həyata keçiriləcəkdir. İstər regionlara səfərlər, istərsə də hər hansı xarici ölkələrdəki çıxışlar teatr kollektivi üçün mədəniyyətin təbliği, tanıdılması, sənətkarlıq səviyyəsinin nümayişi olmaqla yanaşı, həm də teatr kollektivinin özünütəsdiqi və məsuliyyəti anlamını daşıyır. Heç bir teatr öz divarları arasında inkişaf edə bilməz. Teatrın, səhnə sənətinin inkişafı, truppanın yaşaması onun başqa səhnələrdə oynadığı tamaşalarda formalaşır. Biz bu istiqamətdə daim çalışırıq. İrəvana dönmək eşqini hər zaman özündə yaşadan İrəvan Teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır. İnanıram ki, bu mövqe İrəvan Teatrı üçün hər zaman prioritet məsələ kimi aktiv qalacaqdır və kollektivimiz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində, respublikamızda gedən bugünkü parlaq inkişafın sabahımıza apardığı işıqlı yolda üzərinə düşən sahədə hər zaman öz işini aktiv fəaliyyət prinsipləri üzərində davam etdirəcəkdir. Hazırda kollektivimizdəki bu ruh bizi daim motivasiya edir.

Müsahibəni apardı: Zümrüd BAYRAMOVA

Digər xəbərlər