Sosial

  • 3 323

“Ölməzlik haqqı” kitabının və “Ləyaqət işığında” filminin təqdimatı - Masallıda

image

Xəbər verdiyimiz kimi, dünən, 17 may 2023-cü il tarixdə Masallı şəhər Gənclər Evində rayonun tanınmış ictimai-siyasi xadimi İltifat Ağaverdi oğlu Məmmədovun 80 illik yubileyi qeyd edilib.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Dövlət Regional Kollecinin təşkilatı dəstəyi ilə baş tutan tədbiri “Masallı ziyalıları” İctimai Birliyin sədri, "Şərəf nişanı" ordenli, «Tərəqqi» medallı Qardaş Fətullayev açaraq Masallı rayonunda yüksək vəzifələrdə çalışan mərhum İltifat Məmmədov haqqında qonaqlara geniş məlumat verdi.

Qardfaş müəllim bildirdi ki,İltifat Ağaverdi oğlu Məmmədov 1943-cü ildə Masallının Qızılağac kəndində, müəllim ailəsində dünyaya göz açıb. 1960-cı ildə Qızılağac kənd orta məktəbini, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1968-ci ildə təyinatla rayonun Kalinovka kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi işləməyə gəlib.

Sonrakı vaxtlarda ictimaiyyətçiliyinə görə Azərbaycan KP Masallı Rayon Komitəsinin siyasi maarif kabinetinin (1976-1977), Azərbaycan KP Masallı Rayon Komitəsinin təbliğat və təşviqat şöbəsinin (1977-1981), Azərbaycan KP Masallı Rayon Komitəsi təşkilat partiya işi şöbəsinin müdiri (1981-1983), Azərbaycan KP Masallı Rayon Komitəsinin ikinci katibi (1983-1985), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1985-1989), Azərbaycan KP Masallı Rayon Komitəsinin birinci katibi (1989-1991) kimi yüksək və məsul vəzifələrdə çalışıb.

1976-1991-ci illərdə Masallı rayon Sovetinin və Masallı şəhər Sovetinin deputatı seçilib. 1989-cu ildə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1990-cı ildən 1995-ci ilə kimi XII çağırış Azərbaycan Respublikasının Xalq Deputatı seçilib. Müxtəlif illərdə Azərbaycan KP XXXI və XXXII qurultaylarının nümayəndəsi olub.
1999-2004-cü illərdə Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri işləyib.

Dövlət qulluqçusu İltifat Məmmədov 13 may 2021-ci ildə vəfat edib, doğulduğu kənddə torpağa tapşırılıb...
Tədbirdə sonra İltifat Məmmədovun ictimai-siyasi fəaliyyətindən, mənalı həyat yolundan və yaradıcılığından bəhs edən “Ləyaqət işığında” sənədli filminin nümayişi oldu. Filmin nümayişindən sonra yazıçı-publisist Nurəddin Ədiloğlunun İltifat Məmmədovun həyatından bəhs edən “Ölməzlik haqqı” kitabının təqdimatı oldu.
Kitabda İltifat Məmmədovun doğmalarının, dostlarının, onu sevənlərin ürək sözləri, xatirələri toplanıb. Müəllif yazıçı-publisist Nurəddin Ədiloğlu öz yaradıcılıq ənənələrinə sadiq qalaraq qəhrəmanının obrazını oxucuların gözü önündə canlandırmaq üçün essevari düşüncələrdən, maraqlı fraqmentlərdən və bədii-sənədli ştrixlərdən istifadə edib.

Kitabın ideya müəllifi yubilyarın gəlini, Masallı Dövlət Regional Kollecinin müəllimi Günay Məmmədova, redaktoru isə Masallı Dövlət Regional Kollecinin direktoru, «Tərəqqi» medallı Vidadi Nəzərovdur.
Çıxış edən ziyalılar — Nurəddin Ədiloğlu, Əməkdar Jurnalist, Mədəniyyət Universitetinin müəllimi Zakir Abbas, Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, “Cənub.az” saytının redaktoru Zahir Əmənov, Qızılağac kənd sakini, veteran müəllim Fərhad Abbasov, yazıçı Əlizaman Baxış, bacısı qızı, Göyəşöl kənd tam orta məktəbinin müəllimi Lalə İsrafilova ictimai-siyasi xadim İltifat Məmmədov barəsində xatirələrini bölüşüb, maraqlı ekran əsərinin və kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildirdilər.

Sonda 80 yaşı qeyd edilən mərhum yubileyarın oğlu Bəhruz Məmmədov çıxış edərək tədbirin təşkilinə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədova minnətdarlıq edib, atasının xatirəsini əziz tutub tədbirdə iştirak edənlərə ailələri adından minnətdarlığını bildirib.

Qeyd edək ki, “Nur” studiyasının istehsalı olan “Ləyaqət işığında” sənədli filminin ideya müəllifi Günay Məmmədova, ssenari müəllifi jurnalist Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər