Müasir cərrahiyyə, xüsusilə, mikrocərrahiyyə tətbiqlərində zəlidən çox istifadə edilir
Zəlinin orqanizmdəki zəhərli qanı əmmə bacarığı qədimdən bəri bilinir. Bir çoxumuzun görəndə iyrəndiyi, ürəyimizin bulanmasına səbəb olan bu kiçik varlıqların elmi dildə adı “Hirudo Medicinalis”dir. Zəli ilə müalicə alternativ tibbdə ən çox yayılmış müalicə üsuludur. Zəlinin elmə məlum olan 600-dən çox növü var, amma onlardan yalnız bir neçəsi səhiyyə məqsədli istifadə edilir. Zəli müalicəsinin tətbiqindən ilk dəfə Hipokrat dövründə bəhs edilir. Hind tibabətinin banisi olaraq qəbul edilən Dhavantari də bütün rəsmlərdə bir əlində bal, digərində zəli ilə təsvir edilir.
Zəli müalicəsi Çində və Misirdə də geniş tətbiq olunub. Firon məzarlarında zəli ilə müalicənin necə tətbiq ediləcəyini izah edən kitabələr də var. Zəli qədim yunan və Roma dövründə də ən yaxşı və effektiv müalicə üsulu kimi istifadə edilib. Qədim Romanın böyük tibb bilicisi Qalen itirilən sağlamlığın zəli ilə geri qazanıla biləcəyini yazırdı, İbn Sina isə zəli müalicəsinin faydalarının heç bir tibbi prosedurla qazanıla bilinməyəcəyindən bəhs edirdi. Qədim dövrlərdə zəlini daha çox açıq yaraların müalicəsində tətbiq edirdilər.
Balaca, sürüşkən, qara “həkim” nələr bacarmır ki?
Hazırda zəli müalicəsi iltihablı yaralar, çiban, oynaq ağrıları, sonsuzluq, qan və qan dövranı problemləri, habelə cinsi yolla yoluxan infeksiyalar, xroniki iltihab prosesləri, ürək qüsurları, ürəyin işemik ritmi, stenokardiya, maddələr mübadiləsinin pozuntusu, osteoxandroz (duzlaşma), uroloji, ağ ciyər, qara ciyər, mədə-bağırsaq, cinsi sfera, ginekoloji, cərrahi xəstəliklərdə (varikoz genişlənmə, babasil, hidradenit, çiban), revmatizm, dəri və hamısını yazası olsaq, qəzet səhifəsinə yerləməyəcək çox olan bir sıra xəstəliklər zamanı tətbiq edilir. Zəli-terapiya yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini də bərpa edir.
Elə müalicə üsulları var ki, o qədimdə qalır, müasir tibb onu qəbul etmir və faydasını yetərsiz hesab edir. Amma zəli müalicəsi alternativ tibbin ən vacib elementi hesab edilir. Müasir cərrahiyyə, xüsusilə, mikrocərrahiyyə tətbiqlərində də daha çox istifadə edilir. Rekonstruktiv cərrahiyyədə, qan dövranı kritik həddə olan toxumalarda və orqanlarda (məsələn, göz qapağı, barmaq, qulaq) qan dövranını nizamlamaq üçün zəliyə müraciət edilir. Çünki zəlinin tüpürcəyində qanı duruldan xüsusi maddə var və bunu hələ 1884-cü ildə araşdırmaçı John B. Haycraft kəşf etmişdi. Amma indi zəlini tək qanı durultması üçün yox, həm də laxtalanma yaratması üçün də tətbiq edirlər.
Müasir tibbin müalicə edə bilmədiyi miqrenə zəli şəfası
Müasir tibbin kökündən həll edə bilmədiyi miqren xəstəliyinin dərmanı da məhz zəlidədir. Adətən miqren xəstələrini incidən dəhşətli ağrılar beyinə normal qan axışı olmamasından qaynaqlanır ki, zəli bu problemi də həll edir. Belə ki, beyin damarlarını tıxayan kiçik qan laxtaları miqren ağrılarına səbəb olur, amma zəli bu laxtaları duruldur və normal qan dövranını tənzimləyir. Bir neçə dəfə tətbiq edilən zəli müalicəsi zamanı onun tüpürcəyindəki “hirudin” maddəsi qan laxtalarının təkrar yaranmasının qarşısını alır.
Miqren ağrılarını kəsmək üçün normal qan dövranı önəmli faktordur. Güclü ağrıkəsicilərə öyrəşən orqanizm getdikcə daha çox ağrıkəsici tələb edir və dərmanların tərkibindəki toksinlər orqanizmə daha çox zərər verir. Amma zəli miqren problemini bir tüpürcəyi ilə həll edə bilir.
Elm zəli tüpürcəyinin yalnız 20 faizini öyrənə bilib
Zəli ilə müalicə prinsipcə çox sadədir. Zəlinin ağız suyunun tərkibində 100-ə yaxın zülal komponenti və ya bioloji aktiv maddə var ki, bu da zəlinin müalicəvi təsirini gücləndirir. Zəli qan əmərkən bioloji və farmakoloji tərkibli xüsusi tüpürcək ifraz edir. “Hirudin” maddəsi bu tüpürcəyin əhəmiyyətli komponentlərindəndir. Bu tüpürcək başqa maddələr də ehtiva edir. Bu maddələrin ağrı kəsici, damar genişləndirici, laxtalanma önləyici, iltihab və iltihab fəsadlarını aradan qaldırıcı, immunitet nizamını qoruyan, mikrob və bakteriya düşməni olan antibiotik özəlliyi var. Qeyd edək ki, müasir elm zəli tüpürcəyində olan maddələrin yalnız 20%-ni öyrənə bilib.
Sovet hakimiyyəti illərində Azərbaycanda xüsusi zəli biofabriki də olub, burada istehsal edilən zəlilər bir çox ölkəyə də icrac edilirdi. Masallının Mollaoba kəndində yaradılmış zəliyetişdirmə kombinatında bu işlə geniş məşğul olunub. Lakin hazırda ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, ölkəmizdə zəlilər təbii surətdə artıb-çoxalır. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya institutundan biofabrikin niyə ləğv edilməsi barədə heç nə öyrənmək mümkün olmadı.
Zəli müalicəsi necə tətbiq edilir?
Zəli əvvəlcə dərini 1,5-2 mm dərinliyində dişləyir və qanı sorur. Bu balaca, qara və sürüşkən “həkim”lər bir dəfəyə 3-5 ml qan sora bilir. Bir prosedur zəli doyanadək, təxminən 20-60 dəqiqə arasında bir müddətə reallaşdırılır. Daha sonra zəli yaraya ağız suyundakı “hirudin” fermentlərini axıdır. Prosedur başa çatdıqdan sonra yaradan normal halda qan, limfa, maye toxuma axır. Axıntı 6-16 saat davam etməlidir. Zəlinin sorduğu yerdən axan qanın miqdarı normal halda 50-300 ml həcmində olmalıdır, qanaxmanın güclənməməsi üçün yaraya tampon tətbiq edilir. Dişləmə yerinə yod və ya başqa tibbi maddə sürtmək olmaz. Zəli ətirli və alkoqollu bədəndə qan sormur, onun bu qoxulardan, habelə siqaret iyindən xoşu gəlmir.
Zəlilər adətən bir dəfə istifadə edilir. Belə ki, tətbiq edildiyi zonada zəhərli qanı əmən zəli şişir və yararsız hala düşür. Zəlidən bir dəfə istifadə edildiyi üçün də başqa pasiyentlərin fərqli xəstəliklərə yoluxması təhlükəsi olmur. İstifadə olunmuş zəli xüsusi qaba qoyularaq atılır. Bunu bizimlə söhbətində Serotonin Psixologiya Mərkəzinin fizioterapisti, hirudoloq Aytac Məmmədova xüsusilə qeyd etdi. Müsahibimiz deyir ki, bəzi ölkələrdə zəlini ikinci dəfə istifadə etmək üçün mədəsini yuyurlar, xüsusi şəraitdə 8 ay qulluq edilir: “Bizim zəli ilə təminatımızda heç bir problem olmadığı üçün belə bir risk almırıq, istifadə edilmiş zəlini başqa bir pasiyentə tətbiq etmirik, xüsusi qabda atırıq. Zəliləri təbiətdən xüsusi bu işlə məşğul olan insanlar toplayır, biz də onlardan əldə edirik. Bir zəlini ötən il 1 manata alırdıq, amma hazırda 1.80 manatdan alırıq”.
Hansı zəli daha effektivdir?
Sadə gigiyena qaydalarına əməl edilməsə bu möcüzəvi qara həkim müalicə əvəzinə dərd də verə bilər. Xüsusilə də zəlinin bir pasiyentdən əmdiyi qanı başqa bir pasiyentə keçirə bilməsi məqamı bu müalicədə ən kritik nöqtə hesab edilir. İndi birdəfəlik istifadə edilən zəlilər keçmişdə hər prosedurdan sonra külün içinə atılaraq qusdurulur və yenidən istifadə edilirdi. Müsahimiz bunu normal hesab etmir, o birdəfəlik istifadənin tərəfdarıdır.
Aytac xanım deyir ki, dünyanın hər yerində olmayan bu kiçik “həkim”lərin ən yaxşı növləri məhz Azərbaycandadır. Üstəlik, indi ən yaxşı zəli hesab edilən Şərq zəlisi də (hirudo-orientalis) süni yox, təbii şəriatdə çoxalır. Aytac Məmmədova deyir ki, biofabrikdə yetişdirilən zəlilərlə təbiətdə təbii formada yaranan zəlilərin xeyrində də fərq olur: “Təbii formada yetişən zəlilər daha effektiv olur, amma biofabriklərdə təbii formada göl yaradılsa və ətrafdan sonra digər canlıların müdaxiləsi olmasa yararlı zəli yetişdirmək olar”.
“Çöldən-göldən yığılan zəlilər keyfiyyətsiz olur”
Hirudoloqun sözlərinə görə, Azərbaycanda əsasən zəlinin bir növündən – tibb zəlisindən istifadə edilir. Əczaxanalarda təklif edilən zəlilər, əslində, keyfiyyətli deyil, çünki əksəriyyəti sudan tutulmadır: “Fikir vermisinizsə əczaxanalardakı zəlilərin hərəsi bir rəngdədir. Amma biofabriklərdə yetişdirilənlər fərqlidir, sırf tibbi məqsəd üçün yetişdirilir. Orda mütəxəsislər işləyir, zəlini qidalandırmağı bilirlər, ordakı zəlilər təmiz olur. Hazırda Rusiyada, Ukraynada belə biofabriklər var. Bizdə də mini-fabriklər yaradıblar, onlar az sayda istehsal edirlər.
Zəlilərin keyfiyyəti harda olması ilə yox, necə yetişməsi ilə ölçülür. Azərbaycanda biofabrik olmasa keyfiyyətli zəli hardan yarana bilər? Yerli insanlar Lənkəran-Astara zonasında zəli yetişdirirlər, onlar da Rusiyaya ixrac edirlər, orada maz hazırlanır. Bu, çox qiymətli mazdır, xüsusilə varikoz damar xəstəliklərində əvəzsizdir”.
Bir dəfədən artıq istifadə edilən zəli Hepatit yaya bilər
Əczaxanalarda suyun içində saxlanan zəlilərin su ilə qidalanaraq öz keyfiyyətini itirdiyini deyən müsahibimiz bildirir ki, biofabrikdə saxlanan zəliləri bir dəfə qidalandırırlar və 6 ay o qida ona bəs edir. Bu müddət ərzində heç nə yeməyən zəli müalicə üçün yararlıdır. Həkim bir dəfə istifadə edilən zəlinin ikinci dəfə tətbiqini doğru hesab etmədiyini deyir. O bildirir ki, qan xəstəliklərinin bu vasitə ilə yayılması mümkündür: “Zəlini ikinci dəfə istifadə etmək mümkündür, amma ona xüsusi şəraitdə baxılmalıdır, qulluq edilməlidir. 6-8 aylıq bir müddət lazımdır, amma yeni zəli almaq istifadə edilmişə qulluq etməkdən daha sərfəlidir. Üstəlik, Hepatit viruslarının, yoluxucu xəstəliklərinin bu qədər yayılmış vaxtında bir zəlini ikinci dəfə istifadə etmək doğru deyil”.
Məlumat üçün qeyd edək ki, reyd etdiyimiz əczaxanalarda rastlaşdığımız zəli bankalarında su içində saxlanan və alıcılara təklif edilən zəlilər elə həkimin də dediyi kimi müxtəlif rənglərdə idi. Əczaçıların dediyinə görə, zəlini alıb evdə özünə tətbiq edənlər də var. Amma həkimlər bunu doğru hesab etmirlər, onların fikrincə, zəlini peşəkar tətbiq etməlidir. Çünki naşı tətbiqetmə şəfa əvəzinə dərd gətirə bilər.
Lalə Mehralı