“Azərbaycanlılar qorxaq millətdir” ifadəsini utanmadan “TV Müsavat”ın efirindən söyləyən, hazırda Amerikada yaşayan Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev öz xahişi ilə yenidən həmin efirə qayıtmalı və işlətdiyi təhqiramiz kəlmələr üçün Azərbaycan xalqından üzr istəməlidir.
Necə yəni azərbaycanlılar qorxaq millətdir? Hansı düşüncənin və təfəkkürün sahibi olmalısan ki, bu ifadəni çıxıb efirdən söyləyəsən? Efirdən söyləmək nədir, bunu öz-özünə pıçıldamaq belə qəbahətdir, Rəsul “bəy”.
Azərbaycanlılar nə üçün qorxaq millətdirlər? Hansı qənaətlə bu ifadəni işlətdiniz? Aparıcının müdaxiləsinə baxmayaraq yenə dediyiniz sözün üstündə durdunuz və “döyüşçülər deyil, Azərbaycan əhalisi qorxaqdır” söylədiniz. Bu videoya bəlkə 4-5 dəfə qulaq asdığım üçün əsla yanılmaram.
Soruşmaq ayıb olmasın, o döyüşçüləri kimlər dünyaya gətirib? Qorxaq ata-anadan cəsur övlad, oğul, əsgər necə doğula bilər? Bəs onları belə cəsur, qəhrəman, igid, vətənpərvər kim yetişdirib? Əlbəttə ki, dediyiniz Azərbaycan əhalisi yetişdirib. Uşaq ailədə aldığı tərbiyəni sonrakı mərhələdə cəmiyyətdə davam etdirməklə əsgər, döyüşçü, ziyalı olur, bunu bilsəniz, yaxşı olar.
Deyirsiniz ki, azərbaycanlılar 90-cı illərdə erməni tankını görən kimi qorxub qaçırdılar. Azərbaycanlılar hara qaçmışdı, bunu kim görmüşdü? Qaçmışdılarsa, nə üçün Birinci Vətən müharibəsində 15 mindən artıq şəhidimiz, minlərlə qazimiz olmuşdu? Nə danışdığınızın heç fərqinə vardınızmı? Danışdıqca, özünüzü batırdınız, xalqın gözündən bir daha saldınız. Zatən illər öncədən gözdən düşmüş biri idiniz.
90-cı illərin sizin kimi hakimiyyət kürsüsündən yana övladını satmağı gözə alanlar o torpaqları ermənilərə satmamışdılarmı? Siz də 90-cı illərdə hakimiyyətdə idiniz də. İnsanlar Qarabağda kömək istəyəndə hərəniz bir masanın altında gizlənmişdiniz. Yüksək vəzifədə idiniz. Ordunun dirçəlməsinə hansı köməkliyi göstərmişdiniz? Qarabağın əldən getməməsi üçün hansı addımı atmışdınız?
Azərbaycanlılar erməni tankını görəndə heç vaxt qorxub qaçmayıblar, Rəsul “bəy”. Sizin sayənizdə əliyalın olan insanlar sinələrini o tankların qarşısına verdilər, şəhid, qazi oldular. İqtisadiyyatını çökdürdüyünüz ölkənin biçarə insanları erməninin silahı burnunda zorla torpaqlarından çıxarıldılar. Sizlər isə bütün bunlara göz yumdunuz. İndi də qalxıb azərbaycanlıları qorxaq adlandırırsınız? Xalqına, millətinə bu cür münasibətdə olduğunuz üçün nə qədər yazıq insansınız...
Deyirsiniz ki, Azərbaycan ordusu son beş ildə formalaşıb. Burada da ikibaşlı “siyasət” aparırsınız. Bağışlayın, 5 ilə formalaşan ordu 30 ildə ermənilərin torpaqlarımızda yaratdığı istehkamı yara bilərdimi? 44 gündə minlərlə hektar ərazini işğaldan azad edə bilərdimi? Düz 20 il idi ki, çökdürdüyünüz iqtisadiyyatın dirçəldilməsi ilə paralel aparılırdı ordu quruculuğu. Ölkədən kənarda yaşamaq o demək deyil ki, bunlardan xəbərsizsiniz.
Yaxşı xəbəriniz var. İynədən sapa kimi hər şeydən məlumatlısınız. Buradakı məfkurədaşlarınız bunların hər biri haqqında sizə təfsilatı ilə məlumat verib.
Qaldı digər söhbətlərinizə, bir neçə dövlətin adını çəkib ikibaşlı “siyasi” fikirlərlə çıxış etməyinizə, düşünürəm ki, bunlar yersizsən də yersiz oldu. Çünki ümumiyyətlə, siyasətdən çox kənar bir xarici görkəminiz və danışıq qabiliyyətiniz var. Odur ki, çəkilib yad, lakin doğma ölkənizdə başınızı aşağı salıb həyatınızın qalan hissəsini sakit, özünüzü büruzə vermədən yaşamağınız daha məsləhətli olardı.
Azərbaycanlıları qorxaq millət adlandırmağın cəzasını isə hökmən çəkəcəksiniz. Daha doğrusu çəkirsiniz də. Bu Vətəndə, bu millətin içərisində olmamaq ən böyük cəzanız deyilmi?.. Elə bizi qorxaq adlandırmağınız da sizi ölkəmizə qoymadığımız səbəbindən, yanıb-alovlanmağınız ilə bağlı deyilmi?
Yazıqlar olsun, vaxtında özünüzü elə aparardınız ki, ölkənizdə yaşamaq, burada ölmək şansınız olardı. Acığınızı bir millətin, həm də tarixin bütün dönəmlərində qəhrəmanlıq, igidlik, mərdlik təcəssümü olan bir millətin üzərinə tökməyiniz, onu qorxaq adlandırmağınız sizin, ümumiyyətlə, həyatla əlaqənizin kəsildiyini şərtləndirən amildir.
Bütün dünya, hətta yaşadığınız ölkə İkinci Vətən müharibəsində azərbaycanlıların cəsurluğuna, qəhrəmanlığına, həmrəyliyinə heyran qalmışdı, siz bunu görüb, eşitməmişdinizmi? O igidlər bilirsiniz kimlər idi? 90-cı illərdə satılan torpaqlarda şəhid, qazi olanların, illərlə məcburi köçkün kimi yaşayanların övladları idi. İndi bildiniz cəsarətin, məğrurluğun tarixi haraya gedib söykənir?
Xalqının tarixini, millətinin adət-ənənələrini, mental dəyərlərini bilməmək nə böyük bədbəxlikdir ki, bu, sizə nəsib olub. Təəssüf edirəm, Rəsul “bəy”. Təəssüf edirəm ki, Azərbaycan belə cəsur, qorxmaz, mərd övladlarla yanaşı, sizi də dünyaya bəxş edib.
Söhbətinizin sonunda isə özünüzü tamam batırdınız, bunu da deməsəm olmaz. Aşığın sözü qurtaranda “neynim-neynim” dediyi kimi, sizin də diliniz ağzınızda dolaşırdı. Qatdınız-qarışdırdınız hər şeyi bir-birinə. Bunların içindən çıxmağa macal tapan kimi etdiniz böyük səhvi, əslində günahın bağışlanması üçün (hansı ki, bu, bağışlana biləcək bir məsələ deyil) yalvarın bu xalqa.
Bir də sizin üçün torpaq, xalq, millət anlamı var məgər, mən bu qədər danışıram?..
Mətanət Məmmədova