Sosial

  • 3 407

“Araz” supermarket belə aldadır... TƏRS BAXIŞ

image

Dünən işdən sonra yolüstü “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “Araz” supermarketə girdim, kəsmik alacaqdım. Baxdım ki, 2 manat 25 qəpiyə olan “Lavanda” kəsmikləri 1 manat 85 qəpiyə endirimə salınıb. Kəsmiklərin son istifadə tarixi isə 30 may və 1 iyun idi. İki ədəd götürdüm, həm də 30 may tarixli olanı götürdüm ki, xəmirə vuracaqdım, niyə 1 iyun olanı götürüm ki?.. Bax, bu, biz müştərilərin düşüncəsi...

Aldım və getdim. Evdə təsadüfən çekə baxdım. Açığını deyim ki, çekə baxan, onu analiz edən biri də deyiləm. Çünki buna nə vaxt, nə də hövsələ çatır. Lakin getdim ki, evdə də işıq yanmır. Bekarçılıqdan çekə baxmalı oldum. Gördüm ki, supermarket mənə kəsmiyi endirimli qiymətə deyil, öz qiymətinə satıb. Düzü, ərindim bir də durub “Araza” getməyə. Dedim sabah işə gedəndə yolüstü baş çəkərəm.

Bu gün-25 mayda getdim və baxdım ki, bəli, yenə endirim var, kəsmiyin qiyməti 2.25 deyil, 1.85-dir. Lakin endirim lövhəsi dəyişdirilib, endirim tarixi 25 may-11 iyun göstərilib. Məhsulların son istifadə tarixinə baxdım ki, 6, 7 iyunadəkdir.

Maraqlıdır, dünənki 30 maya və 1 iyuna olan məhsullar qurtardımı? Nə tez? Nə isə, bu, ayrıca bir mövzudur... Lakin 6 və 7 iyuna olan son istifadə tarixli kəsmiklərin 11 iyunadək endirimdə olması da bir az qəribə gəldi. Bu da digər mövzudur...

Mən hələlikdə öz mövzuma qayıdım. Mağaza müdirini çağırdım. Dedim bəs, mən dünən kəsmik almışam. Lakin endirimdə ola-ola öz qiymətinə. Mağaza müdiri lövhəni mənə göstərib nə desə yaxşıdır? “Xanım endirim bu gündən başlanıb, baxın, 25 may”. Bilmədim cin məni vurdu, yoxsa mən cini vurdum... Dedim mənim yalan danışdığımı sanırsınız? Əgər endirim bu gündən başlayıbsa, mən dünən bu lövhəni görməmişəmsə, kəsmik almamışamsa, bu gün hansı məlumatla buraya gəlmişəm? Sözsüz ki, siz bu lövhəni hər gün dəyişirsiniz. Yəqin ona görə dəyişirsiniz ki, bir gün əvvəl aldatdıqlarınız sizə heç nəyi sübut edə bilməsinlər.

Belə olanda mağaza müdiri dünən də endirim olduğunu etiraf etdi, “yəqin kassada səhvlik olub, bağışlayın”,- dedi və məndən dünən artıq aldıqları 80 qəpiyi qaytaracağını bildirdi. Mən də bu adamı başa salmağa çalışdım ki, mən bura qəpikləri geri almağa yox, dünən nə üçün aldadıldığımın səbəbini soruşmağa gəlmişəm. Ola bilərdi ki, mənim cibimdə məhz iki kəsmiyin pulu olardı. Hesablayardım ki, 1.85 x 2= 3.70. Hə, ala bilərəm. Gedərdim kassanın qarşısında o qədər insanın içərisində kassir mənə 4.50 deyəndə nə vəziyyətə düşərdim? Bax, mən bunun davasını edirəm.

Mağaza müdirinə insanların heysiyyəti ilə oynadıqlarını nə qədər anlada bildimsə, bilmirəm, lakin onun mənə yalnız 80 qəpiyi qaytarmaqda maraqlı olduğunu gördüm. Bu da təbii ki, məni susdurmaq üçün. Mən də əlbəttə, haqqım olduğu üçün aldım.

Marketdən çıxhaçıxda mağaza müdirinə müşahidə etdiyim başqa bir gileyimi də bildirdim və dedim ki, camaatı aldatmayın. Bax, marketdə bütün məhsulların qiyməti belədir: 2.99, 1.49, 1, 69, 3.59 və sair. Deməli, nağd alver edirsənsə, bütün məhsulların üstündə 1 qəpiklər marketin xeyrinə olur, yəni, ödənişdə onların hamısı bir qəpik artırılır, lakin kartla ödəniş edəndə bunu edə bilmirlər. Beləliklə, əziz insanlar, hesablayın, görün, “Araz” supermarket gün ərzində sizi neçə dəfə aldadır, hələ kəsmik məsələsini qoyuram bir kənara.

Mağaza müdirinə onu da dedim ki, 1 qəpiyimiz çatmasa, sizin marketdən heç nə ala bilmərik. Bəs belə isə insanları nə üçün bu qədər aldadırsınız?

Ey insanlar, bütün bunları deməkdə məqsədim budur ki, ayıq-sayıq olun, aldanmayın. Çeklərə diqqət edin. Qiymətlərə fikir verin. Nağd ödəmədən birdəfəlik qurtulun. On adda məhsul alırsınızsa, heç olmasa nağd ödəmə ilə 5-10 qəpik “Araz”a “ianə” etmiş olursunuz. Hansı məhsul endirimə salınıbsa, ödəmə zamanı onu xüsusilə diqqətdə saxlayın. İndiyədək nə qədər aldadılmışıq, cəhənnəm, barı bundan sonra aldadılmayaq “Araz” supermarket tərəfindən...

Mətanət Məmmədova

Digər xəbərlər