PDF Oxu

Sosial

  • 3 521

Vətəndaşın dostu “DOST” TƏHLİL

Vətəndaşın dostu “DOST” TƏHLİL

Xalqımızın çoxəsrlik tarixində yardım etmək milli adət-ənənələrimizin əsas xəttini təşkil edib. Yardıma çatmaq, kömək olmaq isə zamanla əsl qonşu, yaxşı dost məfhumlarının formalaşmasına səbəb olub. Beləliklə də Azərbaycan xalqının sədaqətli dost kimi fərdi xüsusiyyəti başqa xalqlarla müqayisədə hər zaman üstünlük təşkil edib. Bu tarixi ənənə isə təbii ki, müasir cəmiyyətdə ümumilikdə vətəndaş rifahına xidmət edəcək başqa bir formada davam etdiriləcəkdi ki, bunu 5 il əvvəl ölkə başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin yaradılmasında gördük.

Azərbaycanın siması kimi...

Bütün çıxışlarında siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını vurğulayan dövlətimizin başçısının 20 illik fəaliyyəti dövründə uğurlu sosial siyasətinin əsasını Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdırılması təşkil edib. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Prezident İlham Əliyev 2019-cu ilin may ayında DOST Agentliyinin 1 saylı “DOST” mərkəzinin açılış mərasimində demişdir: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzində öz əksini tapır- islahat, innovasiya, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etdirilməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Artıq bu təşəbbüsün müsbət nəticələri özünü göstərir. “DOST” Azərbaycan vətəndaşının arzuladığı və arzularının gerçəkləşdiyi bir ünvandır. O ünvan ki, hər bir insan oraya doğma evi kimi yaxınlaşır və oradan böyük məmnuniyyətlə ayrılır. Çünki onu maraqlandıran, sosial həyatına xidmət edəcək bütün sualların cavabı elə onun rifahına hesablanıb.

Əhalinin həssas qrupunun sadiq “DOST”u

İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıdakı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olarkən bu Azərbaycan brendi ilə daha bir qürur duyduq. Çünki Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas qrupu daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı göstərilir.

Həmin tədbirdə verilən məlumatlar da söylədiklərimizi bir daha təsdiq etdi: Mərkəzin əsas məqsədi həssas əhali qruplarından olan şəxslər, o cümlədən şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etmək, onlara sosial-psixoloji dəstək göstərməkdir. Təxminən ilyarım əvvəl yaradılan Mərkəzdə hazırda 14 istiqamət üzrə 180-dən çox benefisiar təlim alır.

Azərbaycan və Türkiyənin birinci xanımlarının Mərkəzdəki audio-səsyazma, floristika və landşaft dizaynı, metal və ağac üzərində oyma, xalçaçılıq, toxuma və tikmə, keramika, musiqi, təsviri sənət studiyalarında keçirilən təlimlərlə, o cümlədən kitabxana ilə tanış olmaları, Mərkəzin təlimçiləri və təlim alanlarının, inklüziv kamera orkestrinin ifasında musiqi nömrələrini dinləmələri, benefisiarların əl işlərindən ibarət sərgi ilə tanış olmaları və onlarla şəkil çəkdirmələri həssas qrupdan olan vətəndaşlarımıza göstərilən dövlət qayğısının növbəti təzahürü ilə yanaşı, “DOST”un sadiqlyini nümayiş etdirən amil idi.

Sadiq və əsl dost kimi...

“DOST” mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 154 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihələrdəndir. Bu, 4 il öncə “DOST” mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində “ASAN xidmət”dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verirdisə, bu gün tam əminliklə deyə bilərik ki, həqiqətən də belədir.

DOST Agentliyi mərkəzlər vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərmək imkanına malikdir. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da ölkə vətəndaşlarının hər birinin “DOST”un xidmətlərindən istifadə etməklə sosial qayğılarının həll olunması deməkdir.

“DOST”un həmçinin köməkçiləri də var. DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramı üzrə 3 altproqram “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” altproqramları icra olunur. DOST könüllüləri DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir.

Həyata keçirilən proqramlardan biri “Gənc DOST” altproqramıdır. Bu proqram 16 yaşından 29 yaşınadək olan gənclərin, o cümlədən əlilliyi olan şəxslərin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, işgüzar vərdişlər əldə etməsi, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulması məqsədi daşıyır. Könüllülərin iki aylıq fəaliyyəti qiymətləndirilərək onlara müxtəlif dərəcəli sertifikatlar təqdim olunur, fəaliyyəti yüksək qiymətləndirilən şəxslər üçün gələcəkdə DOST Agentliyi və DOST mərkəzlərində karyera qurmaq imkanı yaradılır.

Digər proqram “Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır.

“Virtual DOST” altproqramı çərçivəsində isə təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqların onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Həmin altproqram əsasında müvafiq sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və evlərində könüllü kimi fəaliyyət göstərmək imkanına malik olur, müxtəlif mikrolayihələr həyata keçirirlər.

Vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və “DOST” mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Bu layihədə reallaşdırılan könüllülər proqramı gələcəyimizi etibar edəcəyimiz gənclərin həyatda özlərinə yer tapmalarında, karyeralarını qurmalarında, layiqli vətəndaş kimi yetişmələrində önəmli rol oynayır.

Beləliklə, “DOST”u həm köhnə dostlarına sadiq, həm də gənc dostlarını ətrafında birləşdirməklə onların gələcəyini təmin edən əsl dost adlandırmaq olar.

Mətanət Məmmədova

Digər xəbərlər