“İlk olaraq qeyd etməliyik ki, həddi-buluğa çatanların boynuna Həcc ziyarəti gəlir. Həcc eynilə namaz, oruc kimi vacib olan ibadətlərdən biridir. Ola bilər ki, Həccə gedənlər özləri ilə azyaşlı uşaqlarını da aparsınlar. Amma nə qədər ki oğlanın yaşı 15-dən, qızın yaşı isə 9-dan aşağıdır, onun boynunda Həcc vacibat olmur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.Onun sözlərinə görə, uşaq vaxtı getməklərinə baxmayaraq həddi-buluğa çatdıqdan sonra onların boynuna yenə də Həcc ziyarəti gəlir: “Həccə getmək üçün əsas şərtlər odur ki, maddi durumu yüksək olmalı, həddi-buluğa çatmalıdır. Qurban bayramında insan Həcdə olmalı və qurbanı Məkkə yaxınlığında yerləşən Mina dağında kəsməlidir. Buna böyük Həcc deyilir. Kiçik Həcc isə Ümrə ziyarətinə deyilir. İnsan bu ibadəti yerinə yetirsə belə boynunda böyük Həcc qalır. Çünki ən vacibi böyük Həcc dediyimiz ziyarətdir”.Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, əgər bir insanın maddi durumu yaxşı deyilsə, onun üçün Həcc ziyarəti vacib sayılmaz: “Həcc ibadəti Məkkədə tamamlanır. Daha sonra ziyarətçilər Mədinəyə yola düşürlər. Orada Peyğəmbər məzarını ziyarət edirlər. Mədinədə olan ziyarətlər savabdır. Ümumilikdə Qurban bayramından 10 gün qabaq Həccə gediş başlayır, bayramdan 10 gün sonra isə insanlar ziyarətdən Vətənə qayıdırlar".
Müəllif: Ləman Əlizadə