“İcbari tibbi sığortanın ölkə üzrə tam tətbiqinə başlanılıb. Burada əsas məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İTSDA-nın vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin vətəndaş müraciətləri şöbəsinin direktoru İlham Hüseynov deyib.Onun sözlərinə görə, tibbi xidmətlərlə bağlı vətəndaşların maliyyə yükündən azaldılması da işimizin əsasıdır: “Cənab Prezidentin tapşırığına əsasən Azərbaycan Respublikasının Prezident Andministrasiyası tərəfindən təsdiq edilmiş şəhər və rayonlarda keçiriləcək cədvələ uyğun olaraq Agentliyin idarə heyətinin sədri Zaur Əliyev tərəfindən bölgələrdə səyyar qəbul keçirilir. Cari dövr ərzində Sumqayıt, Mingəçevir, Xaçmaz, Beyləqan və Qəbələ rayonlarında vətəndaşların səyyar qəbulu keçirilib. Baş tutan səyyar qəbullar zamanı 243 vətəndaşın müraciətinə baxılıb. Eyni zamanda agentliyin rəhbər şəxsləri tərəfindən 117 vətəndaş qəbul edilərək, müraciətlərinə baxılıb”.