Elçin Bayramlı
20 iyun qaz təsərrüfatı işçilərinin peşə bayramı günüdür
Azərbaycanda əhalinin rahat yaşayışı üçün ən vacib sahələrə kommunal təchizatlla bağlı olan elektrik, təbii qaz və su təchizatı sistemləri daxildir. Bu sahələrdə son dövrlərə qədər çox ciddi problemlər var idi. Belə ki, Sovet İttifaqının dağılmasından sonra ölkədə bu sistemlər bərbad hala düşmüş, elektrik, qaz və su təchizatında çox ciddi problemlər yaranmışdı. Ölkənin çox yerində elektrik və qaz yoxa çıxmışdı, su isə əksər yerlərdə fasilələrlə verilirdi.
Getdikcə bu sahələrdə əsaslı yenidənqurmalar və bərpa işləri həyata keçirildi. İlk aradan qaldırılan elektrik problemi oldu. İçməli suyun keyfiyyəti yaxşı olmasa da, həcmi ilə bağlı problemlər aradan qaldırıldı. Bunların ardınca qaz təchizatı sistemi də yeniləndi və əhaliyə verilən qazın həcmi artırıldı. Qaz verilişinin dayandırıldığı ərazilərə yenidən qazın verilməsi bərpa olundu, heç vaxt qaz təminatı olmamış yaşayış məntəqələrinə qaz xətləri çəkildi. Bu həm əhalinin rahatlığı üçün, həm də ekologiyanın qorunması üçün çox vacib idi. Belə ki, istilik və digər məqsədlər üçün elektrik istifadəsi qazdan dəfələrlə baha başa gəlir. Bundan başqa, ucqar kəndlərə qazın verilməsi ağacların, meşələrin qırılmasına son qoydu.
Lakin qaz təchizatı sistemində problemlər tam həll olunmamışdı. Əhalidən müxtəlif məzmunlu şikayətlər gəlməkdə davam edirdi, sayğaclar, qazın verilişində fasilələr, qazın keyfiyyəti ilə bağlı və s. Lakin ARDNŞ-ın tərkibinə daxil olan Azəriqaz İstehsalat Birliyində son illərdə aparılan əsaslı islahatlar və yeni rəhbərliyin yeni yanaşması bu problemləri demək olar ki, tam aradan qaldırdı. Azəriqaz ölkədə ən şəffaf işləyən, əhali və mediaya açıq olan dövlət orqanlarından birinə çevrildi.

Son illərdə abonentlər tərəfindən edilən şikayət və müraciətlərə dərhal reaksiya verilməsi, Azəriqaz-ın rəhbər şəxslərinin mütamadi olaraq “Açıq qapı” aksiyalarında, vətəndaşlarla görüşlərdə, həmçinin sosial şəbəkələr üzərindən canlı yayımlarda şəxsən iştirakı, mərkəzi idarəyə və region idarələrinə gələn şikayətçilərin dərhal məsul şəxslər tərəfindən qəbul edilməsi təqdirəlayiq işlərdəndir və abonetlərlə İB arasında münasibətlərin yaxşılaşmasına səbəb olub.
Son illərdə Azəriqazda ciddi kadr dəyişiklikləri olub, əməkdaşların peşəkarlığı artırılıb, abonetlərlə davranış qaydaları müsbətə doğru xeyli dəyişib. Artıq qaz təsərrüfatı işçiləri abonentlərin problemlərini mümkün qədər tez aradan qaldırmaq, qaz təhlükəsizliyini təmin etmək, fasiləsiz və keyfiyyətli qaz verilməsini təmin etmək üçün həqiqətən də peşəkarlıqla çalışır.
Bütün bunları Azəriqaz İB-nin baş direktoru , texnika üzrə fəlsəfə doktoru Ruslan Əliyevin peşəkar idarəetmə və şəffaf fəaliyyət prinsiplərini tətbiq etməsinin məntiqi nəticəsi hesab etmək olar. Baş direktor tez-tez Azəriqazın sosial şəbəkə kanalları vasitəsilə birbaşa efirə çıxır, yüzlərlə abonentin təklif, müraciət və ya şikayətlərini oxuyur və həlli barədə yerindəcə göstəriş verir. Paytaxtda və regionlarda tez-tez keçirilən görüşlərdə də vətəndaşlarla birbaşa görüşlər təşkil edən Ruslan Əliyev bir çox problemlərin yerindəcə həllini təmin edir. Rəhbərliyin işə belə məsuliyyətli və vicdanlı yanaşması, peşəkar fəaliyyəti İB-nin bütün əməkdaşlarına da sirayət edib və abonentlər onların işindən razılığını bildirir.
Təsadüfi deyil ki, Azəriqazın apardığı maarifləndirmə, qaz sistemini yeniləmə və təhlükəsizliyin təmin edilməsi işləri nəticəsində son illərdə qazla bağlı baş verən partlayışlar, dəm qazından zəhərlənmə halları minimumadək azalıb.
Əlbəttə, iş olan yerdə problem də ola bilər və hətta olmalıdır. Elə biz də hansısa şikayət, problem olanda bunu işıqlandırır və həllinə töhfə verməyə çalışırıq. Öz təcrübəmdən dolayı bilirəm ki, Azəriqaza yönəldilən bütün problemlər qanun çərçivəsində qısa müddətdə həllini tapır.
Bütün bunları nəzərə alaraq, Azəriqazın bütün şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edir, onlara öz işlərində uğurlar arzulayıram. Necə deyərlər, sükanı belə saxlayın. Bayramınız mübarək.