Ölkədəki etiraz aksiyaları günbəgün şiddətlənir
Fransada etiraz aksiyalarının nəticəsi düşünüldüyündən də ağır olub. 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsi ilə başlayan etirazların gündən-günə artdığı Fransada hadisələrin başladığı gündən bu günədək minlərlə mağaza, dövlət idarələri və iaşə obyekti yağmalanaraq yandırılıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsinə reaksiya olaraq başlayan hadisəli etirazlarda indiyədək ictimai yerlərdəki 23 min 878 obyektin yandırıldığını bildirib.
Darmanin 27 iyunda başlayan və günlərlə polisin müdaxiləsi ilə yatırılmağa çalışan nümayişlərlə bağlı Senat komitəsinə ifadə verib. Nümayişlərin ilk günündən 273 hüquq-mühafizə binası və 105 bələdiyyə binasının yandırıldığını bildirən Darmanin, 168 məktəbə və 17 siyasi idarəçiyə qarşı hücumların edildiyini də qeyd edib.
Paris Polis İdarəsindən verilən açıqlamada nümayişlər çərçivəsində Paris ətrafındakı bir çox şəhərdə polisin yerli vaxtla 18.00-06.00 arası pilotsuz uçuş aparatlarından istifadəsinə icazə verildiyi açıqlanıb. Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib. Fransa prezidenti Emmanuel Makron ölkədə artan hadisələrlə bağlı deyib: “İşlər yolundan çıxanda biz sosial media şəbəkələrinə girişi kəsmək məcburiyyətində qala bilərik.
Fransanın daxili işlər naziri Cerald Darmanin Milli Assambleyadakı çıxışında nümayişlər zamanı saxlanılan 4000 nəfərin 10 faizindən azının əcnəbi olduğunu bildirib. Ədliyyə naziri Erik Dupond-Moretti etirazlar çərçivəsində 350 nəfərin həbs edildiyini açıqlayıb.
Qeyd edək ki, aksiyaların başlamasına səbəb Fransa polisinin iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Naeli öldürməsi olub. Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşdular.
Gənci qətlə yetirən polis əməkdaşı vəzifədən kənarlaşdırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.