Sosial

  • 3 581

Azəriqaz: Yaxın vaxtda evlərdə və obyektlərdə yoxlamalar başlayır

image

“Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırdılar.

İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışarkən bildirib ki, artıq bununla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq cari ilin sentyabr ayından etibarən işlərə start veriləcək. Vətəndaşların təhlükəsizliyinə hesablanan texniki müayinələrin həyata keçirilməsində süni əngəllər törədən abonentlərə isə 5 iş günü ərzində vaxt veriləcək ki, növbəti texniki müayinənin həyata keçirilməsinə şərait yaratsınlar. Əks təqdirdə həmin abonentlərin qaz təchizatı dayandırılacaq.

Aksiyada çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev texniki müayinələr zamanı texniki şərtləri uyğun olmayan abonentlərin qaz təminatının dayandırılmasına aydınlıq gətirib. İB rəsmisi bu addımın məhz abonentlərin təhlükəsizliyi baxımından atılacağını bildirib.

Pozuntu aşkar olunan evlərdə və obyektlərdə həmin nöqsanların aradan qaldırılması üçün 1 ay vaxt veriləcək. Əgər aşkar olunan pozuntui təhlükəlidirsə onda qaz təminatı dayandırılır və problem aradan qaldırılandan sonra bərpa olunur. Bu Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən həyata keçiriləcək.

Evlərdə və obyektlərdə qaz qurğularının vəziyyəti, qaz cihazlarının olduğu otaqların vəziyyəti, qaz xətlərində sızıntı olub-olmaması, metan qazı və dəm qazı dedektorlarının sazlığı, sayğacların normal işləyib-işləməməsi yoxlanacaq.

Nöqsanlar aşkar olunan ev və ya obyekt sahibi, qaz istismar idarələri və ya müstəqil podratçı şirkətlər vasitəsilə bu nöqsanları aradan qaldırmalıdır. Bu işlər ödənişli həyata kçeiriləcək, amma müayinələrin aparılması ödənişsizdir.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib. Qeyd olunub ki, aparılmış işlər nəticəsində qaz itkiləri son illərdə dəfələlərlə azalaraq 5 faizə düşüb. Ölkənin qaz anbarlarında bütün abonentləri aylarla təmin etməyə kifayət edəcək qədər qaz ehtiyatının olduğu da bildirilib.

Elçin

Digər xəbərlər