Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir
“Google”un xəbər məzmunu hazırlaya bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi bildirilir. İddialara görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan “The New York Times”, “The Washington Post” və “The Wall Street Journal”ın sahibi olan “News Corp”un rəhbərlərinə təqdim edilib.
Bildirilib ki, “Google”un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir. “Google” hesab edir ki, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət etmək üçün nəzərdə tutulmuş bu texnologiya daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcək.
Sözügedən təqdimatda iştirak edən medianın bəzi rəhbər şəxsləri bu ixtiranı “narahatedici” kimi xarakterizə edib və “dəqiq xəbərlərin yazılması üçün bəzi vacib məqamları nəzərdən qaçıra bilər” deyə bildiriblər. “Google” təmsilçisi Jenn Crider, "Genesis, jurnalistlərin məqalələrinin yazılması və redaktə edilməsində əsas rol oynamaq və ya onları əvəz etmək üçün nəzərdə tutulmayıb" deyir.
Nyu-York Şəhər Universitetinin professoru Jeff Jarvis, “Google”un yeni texnologiyasının potensial müsbət və mənfi cəhətləri olduğunu qeyd edir. "Əgər bu texnologiya faktiki məlumatları etibarlı şəkildə təqdim edə bilirsə, jurnalistlər ondan istifadə etməlidirlər" - deyə fikir bildirib. Lakin Jarvis, bəzi xəbərlərin yazılmasında jurnalistlərin və media orqanlarının göstərdiyi həssas münasibəti köməkçi texnologiyanın göstərə bilməyəcəyini vurğulayıb. Bu da, öz növbəsində, media orqanlarının etibarlılığına xələl gətirə bilər.
Dünyadakı nəhəng media orqanları öz xəbər iş proseslərində süni intellekt texnologiyalarından istifadə edib-etməmək barədə müzakirələr aparır. Bəzi KİV-ləri, o cümlədən “The Times”, “NPR” radiosu və “Insider” süni intellektin potensiallarını araşdırmaq planlarını açıqlayıblar ki, bunu da “saniyələr və dəqiqliyin çox vacib olduğu xəbər dünyasında necə məsuliyyətlə tətbiq oluna biləcəyini görmək" kimi izah edirlər.
“Associated Press” uzun müddətdir ki, korporativ hesabatlar kimi mövzularda reportaj hazırlamaq üçün süni intellektdən istifadə edir. Agentlik həmçinin xəbər arxivini süni intellekt modeli Chat GPT ilə paylaşacağını açıqlayıb. Digər tərəfdən, “NBC News” və “The Times” kimi media qurumları süni intellektin onların məlumatlarını icazəsiz qeyd etməsinə qarşıdır.
Lalə Mehralı