Artiq bir neçə gündür ki, hicri-qəməri təqvimi ilə məhərrəmlik ayı başlayıb. Gözümüzü açandan bəri görmüşük ki, bu aya qədər hamı övladının toyunu, nişanını edib, söz almağa gedib. Bütün bu işləri elə planlaşdırıb ki, məhərrəmlik ayına qalmasın. Çünki bu aya sayğı duyulub, bu ayda xeyir işlər görmək, toy etmək hörmətsizlik hesab olunub. Hətta yeni evə köçmək, yeni əşya, paltar almaq, tikdirməyi də insanlar günah bilib, bu işləri ya məhərrəmlik ayından əvvəl edib, ya da sonraya saxlayıb.
Əslində, burada günah deyilən heç nə yoxdur. Valideynlərimiz də zaman-zaman dünyalarını dəyişir, gənc bacı-qardaşlarımızın da ömrü yarımçıq qalır, şəhidimiz də olur, lakin biz illər sonra bu acıları unutmasaq da, yenə də övladlarımız üçün toy da edirik, yeni mənzil də alırıq və sair. Lakin təbii ki, bu toyları, nişanları, xınayaxdıları o tarixlərin ərəfəsinə salmırıq, çünki o tarixlər hər birimizin yaralı yeri, əzizlərimizi itirdiyimiz tarixlərdir.
Bu günlər şadlıq evlərində toyların keçirilməsi ilə bağlı aparılan sorğularla mətbuatda tanış olarkən onların bəzilərinə toyla bağlı heç bir müraciətin olmaması, bəzilərinə isə xeyli sayda toy sifarişlərinin təklifi barədə məlumat alandan sonra məhərrəmlik ayında toy məsələsini yenidən gündəmə gətirməyə, bu barədə fikirlərimizi oxucularla bölüşməyə, ilahiyyatçı və dindar insanların bu məsələyə münasibətini öyrənməyə çalışdıq.
Məhərrəmlik ayında toy ola bilərmi? Məhərrəmlik ayında toy edəkmi? Bu fikirləri müzakirəyə başlayaq.
Sayğı, hörmət milli-mənəvi dəyərimizdir
Bəli, xalqımızın milli-mənəvi dəyərlərindən biri də sayğı-hörmətdir. Zaman-zaman şahidi olmuşuq ki, qonşuluqda yas düşüb, yaxın, uzaq qonşu bu yasa görə övladının toyunu təxirə salıb, qarşıdakı həftəyə keçirib. Qohumluqda isə bunun daha çox şahidi olmuşuq ki, yaxın qohumlarımız rəhmətə gedəndə toy təxirə salınıb, dünyasının dəyişən adamın vəfatının bir ili gözlənilib. Qonşumuzda kimsə vəfat edəndə qırx gün evlərimizdə televizor açılmayıb, musiqi səsləndirilməyib. Valideynlərimiz bizə qəti olaraq tapşırırdı ki, birdən bilməzsiniz, bayıra bu evdən bir səs çıxar, ayıbdır. Yaşlı qadınlar qonşunun xətrinə saçlarına xına, boya qoymurdular ki, ayıbdır: onlar yaslıdır, biz saçımızı boyamayacağıq ki... Bunlar insanların, qohum-əqrəbanın, qonşuların bir-birinə böyük hörmət hissindən, sayğısından irəli gəlirdi.
Biz isə zamanla bu mühitdə böyüyüb tərbiyə almışıq. Bu səbəbdən də milli-mənəvi dəyərlərimizin qoruyucusuna çevrilmişik, onları yaşadanlar olmuşuq.
Eləcə də məhərrəmlik ayı girdimi, görmüşük ki, toy, nişan, bitdi. Evə yeni əşya, təzə paltar almaq, tikdirmək dayandırıldı. Saxlandı məhərrəmlikdən sonraya. Bizə belə təlqin olunub ki, günahdır, toy etmək, nişan aparmaq, qırmızı bağlamaq olmaz. Yeni paltar almağı, tikdirməyi saxlamaq lazımdır məhərrəmlikdən sonraya. Yeni evə “günah” çıxandan sonra köçmək daha yaxşı olar. Bu təfəkkürlə də illərdir, belə qənaət formalaşıb ki, bəli, məhərrəmlik ayında xeyir iş görəriksə, xeyrini görmərik, ziyan çəkərik. Lakin bu, əslində bir qorxu deyil, daha çox inanc olub. Bunun əsasında isə sayğı və hörmət dayanıb.
Bəs müasir dövrümüzdə...
Müasir dövrümüzdə necədir? Bütün adət-ənənələrimiz kimi, gözəl dəyərlərimiz də unudulub, “müasirləşməkdədir”. Hələ məhərrəmlik ayını qoyaq bir kənara. Çünki bu, bir dini etiqaddır və hər kəs dinə eyni səviyyədə yanaşmadığından fərqli nüanslar da meydana çıxır.
Lakin gəlin görək bir-birimizə sayğı və hörmətimiz illər öncəki qədər qalıbmı? Dəfələrlə şahidi olmuşuq ki, qonşuluqda yas mərasimi keçirilir, bu biri qonşu çal-çağırla evinə gəlin gətirir. Yas mərasiminin iştirakçıları qapı-pəncərələrdən içəriyə dolan bu səsi dinləməli olurlar.
Qapibir qonşumuzda vəfat edən olur, camaat yas mərasiminə yığışır, küçədə gənc qonşu oğlanın maşınından ətrafa elə bir musiqi səsi yayılır ki, qulaq tutulur. Öz kefində maşın yuyur və yaxud da sadəcə maşınını həyətdə saxlayıb, musiqi dinləyir və “dinlədir”...
Eləcə də televizorların, maqnitofonların səsi əvvəlkitək susdurulmur daha. Bu gün qohumda, qonşuda dünyasını dəyişən adamın yaxını səhəri gün evimizə gələndə televizoru da açıq görür, hələ üstəlik qulaqbatıran musiqi ilə də qarşılaşır.
Biz itirə-itirə gedirik. Haradək gedəcəyik, bu itirdiklərimizin yerini nə ilə dolduracağıq, bax, əsas məsələ budur. Faktdır ki, artıq dəyərlərimizi dəyərdən salmışıq. Dəyərdən saldıqlarımız isə əslində bizim özümüzü dəyərsizləşdirir.
Elə məhərrəmlik ayının timsalında bax bu dəyərlərə də toxunmağımız düşünürəm ki, yerinə düşdü. Çünki məhərrəmlik ayını da zaman-zaman dəyərlərimizdən birinə çevirmişdik. Bu gün bu dəyərin də üstündən xətt çəkib, ilin 365 gününün cəmi 40-50 gününü gözləyə bilməyənlərin, nədənsə toyunu məhz elə həmin günlərə sığdırmaq istəyənlərin görəsən arzusunun səbəbi nədir?
İlahiyyatçı və dindarlar deyir ki...
Məhərrəmlikdə toyların olub-olmaması ilə bağlı ilahiyyatçı Vüqar Abbasovla söhbətləşdik. Vüqar müəllim deyir ki, müqəddəs “Quran-i Kərim”də məhərrəmlik ayında toyların keçirilib-keçirilməməsi ilə bağlı heç nə göstərilməyib. Lakin din spirtli içkiləri qadağan edir. Bu səbəbdən də məhərrəmlik ayında toy etmək olar, ya olmaz, sualı meydana gəlir. İlahiyyatçı düşünür ki, içkisiz toy keçirməkdə heç bir problem yoxdur.
Dindar Məhərrəm Qasımov isə ilahiyyatçımızdan fərqli olaraq düşünür ki, illərdir, bu ənənəni qoruyub saxlamışıq. İslam dininin möhkəmlənməsi uğrunda şəhid olan insanların ruhuna hörmət hissi olaraq bu ayda şadyanalıq etməmişik. Hələ üstəlik gündəlik həyatımızda bəzi məişət yeniliklərini də təxirə salmışıq. Gözləmişik ki, məhərrəmlik çıxsın, sonra bütün işlərimizi həyata keçirərik. Bu, ata-babalarımızdan qalan bir miras olub, onu zamanla yaşadanlar isə biz olmuşuq. Lakin eşidirik ki, məhərrəmlik ayında toy, nişan edənlər olur. Düşünürsən ki, yəni bu insanlar 12 ayda vaxt tapmayıb, elə bu ayı gözləyirmişlər?
Söz yox ki, hər kəsin dinə baxışı ayrıdır. Bəzi insanlar bu ayda şəhid olmuş din adamları ətrafında birləşir, onların əməllərini, ideyaları yaşadır. Bəzi insanların isə dinə baxışı tam fərqlidir. Onlar bu ay haqqında sadəcə məlumata sahibdirlər. Və bu barədə bildikləri onlar üçün sadəcə adi bir həyat hadisəsidir. Ona görə də hər kəsin fikirlərinə də hörmətlə yanaşmaq lazımdır. Görsək ki, illər uzunu bir xeyir iş üçün bu ayın ötməsini gözləyən adam məhərrəmlik ayında toy, nişan etməyə cəhd göstərir, bəli, onda bizə qəribə gələr ki, bu adam nə üçün dəyışdi?
Ümumilikdə isə qəbul etdiyimiz dinə hörmətlə yanaşmaq hər kəsin daxilindən gələn bir hissdir.
Məhərrəm müəllimə müasir dövrdə milli-mənəvi dəyərlərin unudulması ilə bağlı sual verəndə, o, bu barədə çox narazılıqla danışdı. Qeyd etdi ki, bu, hər bir ağsaqqal-ağbirçəyin yaralı yerdir. Çünki biz nəsilləri bu cür yetişdirməmişdik, belə olmasını da əsla istəməzdik. Hər gün biz dəyərimizi itirməklə haraya gedib çıxa bilərik? Qohumluq, qonşuluq əlaqələri hörmətlə, dəyərlərlə sıx bağlıdır. Bu dəyərlər itirildikcə, təəssüf ki, münasibətlərə də təsirsiz qalmır. Bir də baxıb görürük ki, nə böyük qalmış, nə kiçik, nə yol qalmış, nə də iz...
Dindar Musa Əliyev isə məhərrəmlik ayında toy edilməməsini məsləhət görür. Vurğulayır ki, biz öz yaxınlarımıza necə hörmət bəsləyiriksə, dinimizin yaradıcısı olan Məhəmməd Peyğəmbərin ailə üzvlərinə də eyni sayğı ilə yanaşmalıyıq. Ata-anamızın rəhmətə getdiyi günlər toy edirikmi? 20 Yanvar, Xocalı faciəsinin törədildiyi gün toy edirikmi? Əlbəttə, xeyr. Belə isə məhərrəmlik ayında da toy etməyi məsləhət bilmirəm. Çünki bu ayın müxtəlif günlərində müxtəlif hadisələr baş verib. Unutmayaq ki, bu gün qəbul etmədiyimiz, pozmağa çalışdığımız dəyərlər var ki, sabah baxıb görəcəyik ki, əlimizdə onlardan heç biri qalmayıb. Bu səbəbdən də dəyərlərimizi qorumağa çalışaq.
Qoy həmişə toy olsun, lakin dəyərlərimiz çərçivəsində
Bizdə belə bir inanclar da var ki, bəzən uğursuz nikah zamanı düşünüb-daşınırıq ki, bu toy may ayında olub. Deyirik ki, gərək may ayında etməzdik. Yəqin ona görə belə oldu. Uşaq xəstə olur, düşünüb tapırıq ki, bunun valideynlərinin toyu Ramazan ayında olmuşdu, gərək etməzdik, yəqin ona görə belə oldu. Yol qəzası baş verir, düşünüb tapırıq ki, məhərrəmlikdə səfərə çıxdıq, yəqin bu səbəbdən oldu. Cavan itkimiz olur, yenə düşünüb tapırıq ki, bu nə üçün belə vaxtsız həyatını itirdi, ona görə ki, məhərrəm ayında spirtli içki içirdi. Yeni evimizdə hansısa bir xoşagəlməz hadisə ilə qarşılaşanda deyinirik ki, axı bu evə biz nə üçün məhərrəmlikdə köçdük, gərək gözləyərdik bu ay çıxardı. Görürsən zərərini çəkirik.
Bax bunları deyən də özümüzük, məhərrəmlikdə, Ramazanda toy-nişan edən də özümüzük. Əslində bu hadisələrin bəlkə də bu aylardakı toy-düyünlə, nişanla əlaqəsi yoxdur. Lakin ürəyimizə gətiririk ki, bunlar bu səbəbdəndir. Sonra da yenə məhərrəmlik, Ramazan aylarında toy-nişan etmək fikrinə düşürük.
Qoy həmişə toy olsun. Lakin əlbəttə, dəyərlərimizə hörmət, sayğı çərçivəsində. Bu gün qonşuluqda yas mərasimi keçirilirsə, maşınlar siqnal verməsə də olar, gəlin vağzalısız da evdən çıxa bilər və yaxud yeni evinə musiqisiz də daxil ola bilər. Yadımdadır, 2020-ci ildə müharibədən xeyli sonra toylar başlandı. Lakin hələ şəhidlərimizin il mərasimi olmamışdı. Həqiqətən xalq onların yolunu gözlədi. Bir o qədər təntənə ilə rastlaşmadıq. Lakin olurdu, aradabir maşınların gəlin apararkən siqnal səsləri eşidilirdi. Bu an ürəyimiz nifrət hissi ilə dolurdu. Hansı düşüncə ilə bu siqnalların verilməsini qınayırdıq. Toy edən insanları ittiham edirdik: bizim şəhidimiz var, bunların siqnalına baxın.
Belə isə dərindən düşünəndə nəyi etməyi, nəyi etməməyi anlamaq o qədər asan olur ki... Odur ki, gəlin dərindən düşünək. Dəyərlərimizi yaşadaq ki, onları və bizləri də yaşadanlar olsun...
Mətanət Məmmədova