PDF Oxu

Sosial

  • 3 365

Atalıq məzuniyyəti ataların haqqıdır

Atalıq məzuniyyəti ataların haqqıdır

Ötən ildən etibarən ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilib. Həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alır, həmin tibbi arayışı iş yerinə təqdim edir. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün ödənişli məzuniyyət verir. Məzuniyyət hüququndan istifadə edən atanın məzuniyyət pulu isə standart qaydada ödəniləcək. Bu imtiyaz bir uşaq üçün nəzərdə tutulmur, atalıq namizədi hər bir övlad üçün bu hüquqdan istifadə edə bilər.

Qanunlarımıza görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü məzuniyyət verilir. Bu məzuniyyətin 70 günü doğuşdan öncəki, 56 günü isə doğuşdan sonrakı müddət üçün nəzərdə tutulub. Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda, doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətinə qədər uzadılır. Qeyd edək ki, bu məzuniyyət müddəti ərzində qadın işlədiyi müəssisədən əməhaqqını tam şəkildə alır.

Kişilərə atalıq məzuniyyəti vermək alqışlanacaq bir qərardır, təbii ki, ödənişli olması baxımından. Ötən ilədək bu məzuniyyət işçinin öz hesabına verilirdi. Təbii ki, bir çox işçi bu hüququndan imtina edirdi. Axı ata bu müddət ərzində ailəsinin maddi təminatını da gerçəkləşdirməlidir. Xüsusilə ailə üzvlərinin sayının artdığı bir dövrdə ataların məzuniyyətinin ödənişsiz olması doğru deyildi. Axı ata bu dövr ərzində ailəsinə və yeni doğulmuş körpəsinə daha çox pul xərcləməli olur. Körpənin ehtiyacları, ananın ehtiyacları üstəgəl evin digər problemləri və qayğıları. Bütün bu problemlərin içindən isə mütləq maddi cəhətdən təminatlı olan ata çıxa bilər. Məhz buna görə də kişilərin bir çoxu məzuniyyət hüququndan imtina etməli olurdu.

Qanunun atalara ödənişli məzuniyyət verməsi qadına və doğulacaq körpəyə müsbət təsir edir. Qadın hamiləlik dövründə olduqca həssas olur, özünü tək-tənha hiss edir, doğuş prosesindən qorxur. Körpə isə ana bətnində bütün bunları hiss edir, bu da onun da səhhətinə pis təsir edir. Döl hər şeyi anlayır və anasından gördüyü nəvazişi atasından da duymaq istəyir. O hələ doğulmamış ola bilər, amma canlıdır, ərtafda olanları hiss edir. Ona görə də, həm doğuşdan öncə, həm də sonra ata ananın yanında olmalıdır, bu həm körpənin, həm də ananın sağlamlığı üçün önəmlidir. Buna görə ataların ödənişli məzuniyyət haqqı ailənin həmin dövrü daha rahat keçirməsinə verilmiş dəstəkdir.

Kanadada valideynlik məzuniyyəti 50 həftədir. Bu dövr valideynlər tərəfindən hər birinə 25 həftə olmaqla bölünə bilər. Finlandiya qanunlarına görə, ana və ata eyni vaxtda 18 gün məzuniyyət götürə bilərlər. Portuqaliyada valideynlərin 22 həftə, Cənubi Koreyada 17, Belçikada 15 gün, Fransada 2 həftə, Almaniyada 2 həftə, İsveçrədə 2 həftə, Türkiyədə 1 həftə kimi müddətə ödənişli məzuniyyət haqqı var. ABŞ dünyada ailələrə ödənişli analıq məzuniyyəti verməyən 7 ölkədən biridir. Digər 6 ölkə isə Marşal adaları, Mikroneziya Federativ Ştatları, Nauru, Palau, Papua Yeni Qvineya və Tonqadır.

Lalə Mehralı

Digər xəbərlər