AXCP-nin və “milli şura”nın bu günlər üzü gülür. Nə üçün. Mən deyim, siz də dinləyin. Bu yığnaq illərdir, hər gün bir bəhanə axtarıb ki, bununla bir haya bənd olaraq özünü büruzə versin, varlığını hiss etdirsin. Axı nə qədər otaqlarda yatmaq, xəyala dalmaq, düşünmək olar. Axı nə qədər vəzifə, kürsü, hakimiyyət xəyalı qurmaq olar? Odur ki, Qubad İbadoğlunun hüquqi məsuliyyətə cəlb edilməsi bu yığnaq üçün bir bəhanə olub.
İnanın Allaha da, Qurana da ki, məqsəd Qubad İbadoğlunun məsuliyyətə cəlb olunmasına narahatlıq deyil, bir haya bənd olub toplaşmaq arzusudur. Ki, onu da Qubad İbadoğlu bunlara ərməğan edib. Yoxsa AXCP hamıdan yaxşı bilir ki, heç kim günahsiz olmadığı təqdirdə həbs edilə bilməz. Deməli, günahın var ki, həbs olunmusan. Həm də bu məsələ hüquq-mühafizə orqanlarının işidir. Buna AXCPşou-nun qarışmağa ixtiyarı yoxdur. Çünki istintaq davam edir.
AXCP “narazılığını” bildirmək üçün çağırış edir. Ha çağırın, görək, sizin səsinizə səs verən olacaq?
Bunların damağında 1992-1993-cü illərin dadı qalıb ey, deyəsən. O illər ki, məqsədli çağırış edirdi, bunların da səsinə səs verən olurdu. Gedirdilər ki, görək nə deyirlər? Bunlar da deyirdilər ki, bəs, sərhədlərdə vəziyyət pisdir, ay camaat, gəlin pul toplayaq, silah alaq. Yazıq camaat da inanıb o kasıb illərdə əlində olanı bunlara verirdi. Axırda da hamı şahidi oldu ki, o pulları AXC-Müsavat cütlüyü yeyib, üstündən də su içdi. Axı torpağı satan nə üçün qalxıb silah almağa cəhd etməli idi ki? Kimə atacaqdı o silahı?
Bax, vaxtilə xalqı belə bayağı əyləncələrinizə cəlb edirdiniz. Həqiqətən şou göstərirdiniz meydanda. Bu günün prizmasından baxanda adam yerinizə xeyli utanır.
Keçmiş olsun, AXCP, çox təəssüf ki, çağırışınıza səs verən, boş xülyalarınıza inanan bircə adam da yoxdur ölkədə. Hərdən ətrafınıza yığdığınız, saxta sənəd vədləri ilə gözlərini boyadığınız adamları çıxmaq şərtilə, ta siz tərəfə kiminsə gəlməsi mümkün deyil. O 3-5 adam da özünüzünkülərdir ki, artıq onlar da sizdən üz çevirməkdədirlər. Bu xalqın isə sınağından üzüqara çıxmışınız. Siz hara, sizi tanıyanlar hara?
Camaatın dərdini Allah töküb ki, bu istidə gəlib görələr, nə deyirsiniz. Nə deyəcəksiniz axı. Yəni danışmağa bir sözünüz qalıb? 90-cı illərdə o qədər danışdınız, faydası nə oldu? Heç nə... O oldu ki, insanlar sizin məqsədinizi, məramınızı, amalınızı öyrəndilər. İndi Qubad İbadoğlunu bəhanə edib yenə şou göstərmək fikrinə düşmüşünüz. Lakin faydasızdır. Adamın gülməyi gəlir ey...
Yəni özünüzü inandırmağa çalışırsınız ki, ağlını sizin ağlınıza verən tapılar. Deyim ki, əsla. Məsləhət bilirəm ki, bu isti havada özünüzə belə sitəm etməyəsiniz. Çünki varlığınız qədər, düşüncəniz də isti havaya dözümsüzdür.
Mətanət Məmmədova