Sosial

  • 6 171

Qocalan Azərbaycan: Uşaqpulu kimə və niyə verilməlidir? - AKTUAL

image

Əhalinin 30 yaşa qədər olan hissəsinin ümumi əhali sayında yüksək çəkisinə və artımına görə Azərbaycan uzun müddət gənclər ölkəsi adlanıb. Amma bu vəziyyət tədricən dəyişir. Artıq əhalinin qocalması prosesi müşahidə olunur. Təkcə son 10 ildə Azərbaycanda yaşlı əhalinin xüsusi çəkisi 6,2 faizdən 7,2 faizə yüksəlib. Son 17 ildə 0-17 yaş qrupunda olan uşaqların sayı 31,8%-dən 26,3%-ə düşüb, 60 yaşdan yuxarı əhalinin sayı isə 65 faiz artıb. Yəni, Azərbaycan əhalisi qocalır. Bu da yaxın gələcəkdə demoqrafik balansın kəskin dəyişməsi nəticəsində əlavə sosial-iqtisadi problemlərə səbəb olacaq.

BMT-nin Əhali Fondunun proqnozlarına görə, 2050-ci ildə Azərbaycanda qocalar üstünlük təşkil edəcək. Həm beynəlxalq təşkilatların proqnozları, həm real zamanda müşahidə etdiyimiz tendensiyalar demoqrafik fəlakətə doğru getdiyimizi aydın göstərir. Uşaqlar və ailələrlə bağlı statistikalar da vəziyyətin təhlükəli olduğunu sübut edir. Eləcə də pensiyaçılar və əhalinin yaş balansı ilə bağlı statistikalar. Burada rəqəmləri səsləndirib sizi yormaq istəmirəm, bunlar tez-tez mediada dərc olunur. Artıq 1 uşaqlı ailə modelinə keçmişik, nadir halda 2 və ya 3 uşaqlı ailələrə rast gəlinir. Normal ailə isə 3 uşaqdan başlayır. Bir xalqın, cəmiyyətin mövcudluğunu qoruması üçün ən minimum halda 1 ailədə 3 uşaq olmalıdır.

Faktiki olaraq əhalinin qocalması prosesi gedir. Bu təkcə mənəvi-psixoloji problem deyil, həm də siyasi-iqtisadi problemdir. Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlət üçün maliyyə cəhətdən əlavə yükdür, iqtisadi aktivliyin azalmasıdır, hər 1000 işləyənə daha çox pensiyaçının düşməsidir, işləyənlərin əməkhaqqının azalmasıdır, dövlətin sosial xərclərinin artmasıdır. Bunun üçün də əksər dövlətlər öz əhalisinin artması, uşaq və gənclərin xüsusi çəkisinin çoxalması üçün çoxsaylı tədbirlər həyata keçirirlər. Buraya çoxsaylı stimullaşdırıcı güzəştlər və yardımlarla yanaşı aylıq uşaqpulu verilməsi də daxildir.

Məsələn, Rusiyada aylıq uşaqpulu regionlardan asılı olaraq dəyişməklə təxminən 300 manat civarındadır. Bu o deməkdir ki 3 uaşğı olan ailə dövlətdən 1000 manat yardım alır ki, bu da uşaqların sağlam böyüdülməsini təmin edir. Üstəlik, doğuma görə birdəfəlik ödənişlər uşaq sırasına görə dəyişməklə 10-15 min manat arasındadır. Təəssüf ki, bizdə bu istiqamətdə strateji proqramlar həyata keçirilmir və ildən-ilə bu sahədə vəziyyət pisləşir.

Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, həmçinin bəzi deputatlar, ictimai xadimlər tərəfindən hökumətə və parlamentə uşaqpulunun bərpası ilə bağlı təkliflər verilir. Bunun üçün lazım olan maliyyə-iqtisadi imkanlar da artıqlaması ilə var. Lakin təəssüf ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə heç olmasa hər uşağa görə aylıq 100 manat, doğuma görə birdəfəlik 5000 manat yardım ödənilə bilər.

Bəzi opponentlərimiz deyirlər ki, sosial yardım ona ehtiyacı olanlar üçündür, yüksək maddi təminatlı vətəndaşlara niyə sosial yardım edilsin ki? Müəyyən qədər haqlıdırlar. Daha ədalətli olardı ki, maddi təminat cəhətdən aşağı təbəqələrə verilsin. Məsələn, ilkin mərhələdə aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələrə ödənilsin. Adambaşına bundan yuxarı məbləğ düşən ailələrdə uşaqların ciddi maddi problemi ola bilməz və onların dövlətin yardımına o qədər də ehtiyacları yoxdur. Əlbəttə, daha yaxşı olardı ki bütün uşaqlara verilsin. Lakin bu artq maliyyə imkanları və hökumətin xərcləri necə bölüşdürmə məsələsidir.

Hazırda 6 və daha çox uşaqlı ailələrə uşaqpulu verilir. Lakin indiki dövrdə 6 və daha çox uşaq çox nadir rast gəlinən haldır. Əgər bütün uşaqlara görə uşaqpulu ödəmək çətinlik yaradırsa, yaxşı olardı ki, ilkin etapda heç olmasa 3 və daha çox uşağı olan ailələrə uşaqpulu verilərdi. Unutmamalıyıq ki, uşaqpulu uşaq doğumu sayının artırılması üçün deyil, mövcud uşaqların sağlam böyüdülməsinə fəstəkdir.

Bəzi məmurlar və deputatlar deyirlər ki, bizdə ünvanlı sosial yardım verilir. Bəli, belə bir sistem var. Amma buna baxmayaraq, yoxsulluq içində yaşayan uşaqlar az deyil. Demək bu sistem effektiv deyil. Uşaqpulu ünvanlı sosial müavinətdən daha ünvanlı və daha şəffaf sistemdir. Burada korrupsiya və qanunsuzluq imkanı sıfıra bərabərdir. Ona görə də, əgər əlavə vəsait tapılmırsa, ÜSY-nin ləğv edilərək uşaqpulunun verilməsi daha ədalətli və daha şəffaf olardı.

Bununla yanaşı etiraf etməliyik ki, ailələrdə uşaq sayının kəskin azalması, əlbəttə təkcə sosial-iqtisadi problemlə bağlı deyil. Çünki əksər imkanlı ailələrdə uşaq sayı 1-2 olur. MÜasir gənclərin yaşayış tərzləri, mənəvi dəyərləri, psixologiyaları dəyişib. Hamı “müasir” olub və artıq çoxları öz həyatını uşaqlara "xərcləmək" istəmir, deyir ki, mən bütün həyatımı öz əyləncəm üçün yaşamalıyam. Bir sıra digər obyektiv səbəblər də var, məsələn, evliliklərin sayı azalıb, sonsuzluq halları artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndidən tədbir görməsək, sonra gec olacaq.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Digər xəbərlər