Ötən il Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq etdi. 2022-2023-cü tədris ilində yeni formalar məcburi xarakter daşımadığı üçün mövcud məktəblilər var olan formalarını istifadə etdilər, 1-ci sinfə başlayan və bəzi şagirdlər könüllü olaraq yeni forma geyindilər. Ötən il yeni forma alan valideynlər 4 mövcud rəngdən birini məktəb rəhbərliyinin diktəsi ilə seçmişdilər. Bu il həmin məktəblərdən bəzilərinin ötənilki formanın rənginin dəyişdiriləcəyi ilə bağlı tələbləri var.
Hələ ötən il, dövlət televiziyasının efirində, “Çıxışa doğru” proqramında bu məsələnin müzakirəsinə dəvət olunanda fikirlərimi canlı efirdən demişdim. Mən, yeni forma tətbiqində 3 ildən bir formanın rənginin pedaqoji şurada müzakirəyə çıxarılacağı fikrini absurd hesab edirəm. Fikrimcə, bu, valideynlərin cibinə girməkdir. 3 övladını məktəbə göndərməli olan valideyn böyük övladının kiçilən formasını kiçik övladına geyindirməklə ailə büdcəsinə qənaət etmiş olur, lakin uşaqlar arasında 3 il müddət varsa və böyüyün forması kiçiyə 3 il sonra olursa, bu, mümkün olmayacaq. Çünki hər işıq gələn yerdən pul qazanmağa çalışan, yumurtadan yun qırxan bəzi məktəb direktorları üçün bu qazanc mənbəyinə çevriləcək. Necə?
Deməli, ötən il təsdiq olunan yeni məktəbli geyimi modeli 4 rəngdə istehsal ediləcək - ağ, boz, yaşıl, mavi. Gülməli olan odur ki, hər 4 modeldə 3 növ ətək, 2 növ köynək var. Budur vahid forma? Adamın üstündə allah var, şalvar və jaket bir modeldir, yoxsa neyləyərdik? Hansı məktəb hansı rəngi istəsə o rəngi seçəcək, valideynlərə bildiriləcək, valideynlər də o rəng forma alacaq.
Arada biz valideynlər "çujoy-poxmel" gedirik. Əgər məktəblərin daxili nizamnaməsinə görə öz geyim formalarını seçmək ixtiyarı varsa, bu, nə vahid formabazlıqdır? Yenə də vahid forma olmayacaq axı, hər məktəbin öz geyimi olur. Böyük qızının formasını gələn il kiçik qızına geyindirmək istəyən valideyn, indidən fikrindən daşın, sənin kiçik qızın 3 ildən sonra onsuz da o geyimi geyinə bilməyəcək, çünki direktor 3 ildən sonra pedaqoji şuranı çağırıb geyimin rəngini dəyişə bilər. Buna məktəblərin daxili nizamnaməsinə görə icazə verilir və bu kimi qərarlara nazirlik müdaxilə etmir. Lakin görünən odur ki, direktorlar heç 3 il də gözləməyiblər, keçən il köhnə forma ilə yanaşı, yeni forma da tətbiq edilən bəzi məktəblərdə bu il fərqli rəngli forma tələb edilir. Əlimdə olan bəzi məlumatlara görə, keçən il yeni formanın rəngini seçib şagirdlərə aldıran məktəblər bu il həmin formanı qəbul etmirlər. Valideynlərə yeni rəng forma almağı tapşırıblar. Bununla bağlı araşdırmalarım davam edir.
Dediyim kimi, AZTV-nin efirində bu mövzuya geniş şərait yaradılmışdı, maraqlı müzakirə aparıldı. Mənim, yeni formaların 3 ildən bir müzakirə edilməsi icazəsinə iradımı eşidəndə proqramda iştirak edən nazirliyin şöbə müdiri canlı efirdə dedi ki, belə bir şey mümkün deyil, məktəblər bir forma seçəcəklərsə, şagirdlər daimi onu geyinəcəklər. İrad bildirdim ki, axı qərarda deyilir ki, məktəblərin bu ixtiyarı var, müzakirə etmək nə deməkdir? Əminsiniz dəyişməyəcəklərinə? Dedi, dəyişməzlər. Yəni, nazirlik də əmin deyil.
İl ortasında evini satıb başqa yerdən ev alan valideyn, kirayədən çıxmaq məcburiyyətində olan, başqa yerdə kirayə tutmalı olan valideyn, iş yerini dəyişdiyinə görə evini də dəyişməli olan valideyn, sənin “gəlhagəl”in olacaq. Çünki bu kimi hallarda uşağın məktəbini də dəyişməli olacaqsan. Belə olan halda da sən iki dəfə keflənəcəksən, çünki uşağın hazırkı məktəbində geyindiyi forma yeni məktəbin forması ilə düz gəlməyəcək.
Hələ məktəblərin açılmasına 1 ay var. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq, məktəb direktorlarının yeni forma ilə bağlı tələbləri, rəng seçimi barədə şikayətlər artacaq. Həmçinin, indidən valideynlərə ultimatum verən məktəb direktorları var, qızlara vahid məktəbli formasının dəstinə daxil olan şalvarın alınmaması barədə qadağa var, bildrilib ki, geyinməyə icazə verilməyəcək. Halbuki, qızlar üçün şalvar Nazirlər Kabinetinin təsdiqlədiyi vahid formanın qış versiyasına daxildir və geyinilməsi üçün heç bir problem yoxdur. Yəni, konkret olaraq qızlar üçün qış geyim dəstində şalvar da nəzərdə tutulub. Valideynlər hüquqlarını bilsə, heç bir direktor bu cür qadağa qoya bilməz.
Lalə Mehralı