PDF Oxu

Sosial

  • 3 574

Günəş yanıqları sağlamlıq üçün təhlükə yarada bilər HƏKİM MƏSLƏHƏTİ

image

Yay aylarında günəş altında qaldığımız zaman ən çox rast gəlinən sağlamlıq problemlərindən biri də günəş yanığıdır. Ümumiyyətlə, açıq dərili insanlara daha çox təsir edən günəşin yaratdığı yanıqlara düzgün müdaxilə və müalicə böyük əhəmiyyət kəsb edir. Bəzən tətbiq etdiyimiz bir çox üsullar günəş yanıqlarını daha da pisləşdirir. Dərimizə sürtəcəyimiz qatıq kimi süd məhsullarında olan bakteriyaların infeksiyaya səbəb ola biləcəyini söyləyən Dermatologiya mütəxəssisi Ceyda Çaytemel günəş yanıqlarında dəri yaxşılaşmadan bayıra çıxmamağın vacib olduğunu söyləyir: vücudunuzdakı maye itkisini əvəz etmək üçün çoxlu maye içməli və dərinizi tez-tez qıcıqlandırmayacaq bir nəmləndirici ilə nəmləndirməlisiniz. Soyuq kompreslər ağrı və qızartıları aradan qaldırmaq üçün faydalıdır.

Həm UVA, həm də UVB şüalarına məruz qalırıq

Dərinin ultrabənövşəyi (UV) işığına həddindən artıq məruz qalması günəş yanığı kimi müəyyən edilir. Günəş səbəbiylə həm UVA, həm də UVB şüalarına məruz qalırıq. UVB radiasiya UVA ilə müqayisədə eritema və ya qızartıya səbəb olan daha güclü təsirə malikdir. Həddindən artıq və qəfil məruz qalma nəticəsində dəri özünü qorumaq üçün qalınlaşır və melanin adlı rəng piqmentini daha çox istehsal etməyə başlayır. Nəticədə günəş yanığı meydana gəlir.

Zərərli günəş şüalarının dərinin özünümüdafiə qabiliyyətinə zərbə vurmaqla yanaşı, dəri hüceyrələrində birbaşa DNT zədələnməsinə səbəb ola biləcəyini vurğulayan Ceyda Çaytemel, “Günəş işığına tez-tez məruz qaldıqda DNT zədəsi qalıcı ola bilər və bu şəkil dəri xərçəngi üçün ciddi risk yaradır. 10 ildə beş dəfə günəş yanığı və ya hər 10 ildən bir günəş yanığı ölümcül xərçəng növü olan melanoma riskini üç dəfə artıra bilər”,- deyir.

Həkim xəbərdarlıq edir: günəş yanığı ultrabənövşəyi şüalara məruz qaldıqdan sonra 4 saat ərzində dəridə qızartı ilə özünü büruzə verir. Bundan əlavə, dəridə həssaslıq, ağrı, istilik, şişlik və qabarcıq əmələ gəlir, soyulma başlayır. Ağır reaksiyalarda qızdırma, titrəmə və halsızlıq kimi sistemik simptomlar inkişaf edə bilər və termik yanıqlara bənzər müalicə üçün xəstəxanaya yerləşməni tələb edə bilər.

Ağır vəziyyətdə müalicə uzun vaxt alır

Günəş yanığının müalicəsində orta və ağır şəraitdə iltihabı azaltmaq üçün problemli nahiyəyə qısa müddətə aşağı güclü kortizonlu kremlər tətbiq oluna bilər. Bəzi ağrıkəsicilər də ağrıları idarə etməyə kömək edir.

Ceyda Çaytemel geniş sahələri əhatə edən şiddətli günəş yanıqlarının maye-elektrolit balanssızlığına, ürək və böyrək problemlərinə səbəb ola biləcəyi üçün bu cür xəstələrin xəstəxanaya yerləşdirilməsinin və xəstəxana rejimində müalicə almasının vacibliyini vurğulayır. Qeyd edir ki, bundan əlavə, yaralarda iltihab və axıntı varsa, ikincili infeksiyalar baxımından həkim müayinəsi son dərəcə əhəmiyyətlidir. Müalicə ilə günəş yanıqları orta hesabla 3-5 gün ərzində sağalır və təxminən bir həftəyə qabıqlanma başlayır. Ancaq ağır hallarda səpgilər bəzən uzun müddət davam edə bilir.

Günəş yanıqlarında 10 vacib qayda

Dermatologiya mütəxəssisi Ceyda Çaytemel günəş yanığının sürətlə sağalması üçün nəzərə alınması lazım olan qaydaları belə sıralayır:

1.Günəş yanığı baş verdikdə sağalmadan günəşə çıxmayın.

2. Bədəninizdəki maye itkisini əvəz etmək üçün bol su için.

3. Yağlı krem ​​və ya məlhəm sürtməyin, çünki dəridə istiliyi saxlayır, ağrıları daha da artırır.

4. Dərinizi qıcıqlandırmayacaq bir nəmləndirici ilə tez-tez nəmləndirin.

5. Ağrı və qızartıları aradan qaldırmaq üçün soyuq kompres (soyuq su ilə nəmlənmiş dəsmal) qoya bilərsiniz.

6. İlıq duş qəbul etmək dərinizi rahatlaşdıra bilər.

7. Günəş yanıqları üçün qatıq tez-tez istifadə edilsə də, soyuq kompreslərdən daha yaxşı təsir göstərmir. Bundan əlavə, süd məhsullarında olan bakteriyalar infeksiyaya səbəb ola biləcəyi üçün tövsiyə edilmir. Qatığın tərkibində olan maddələr qıcıqlanmaya səbəb ola bilər.

8. Bəzi ağrıkəsici kremlər və lokal anestezik kremlər dəri reaksiyalarına səbəb olduğundan həkiminizlə məsləhətləşmədən istifadə etməyin.

9. Dar paltar geyinməyin, çünki dərinin nəfəs almasına və özünü sağaltmasına mane olur.

10. Dəridə yaranan qabarcıqları qoparmağa çalışmayın, qalan dəri parçası təbii yara sarğı rolunu oynayır. Beləliklə, yaralarınızın daha tez sağalmasına imkan verir və onlara infeksiya keçməsinin qarşısını alır. Lazım gələrsə, onu cuna ilə örtə bilərsiniz. Hər hansı bir blister öz-özünə partlayırsa, topikal antibiotik məlhəmi tətbiq edə bilərsiniz.

Tərcümə-Mətanət Məmmədova

Digər xəbərlər