Elə hadisələr, elə mənzərələr var ki, onlara tərs baxmayıb, necə baxasan? Tərs də baxırsan, hələ üstəlik, bu mənzərələri yaradanların arxasınca da əməlli-başlı danışırsan.
Maraqlıdır, biz nə üçün təbiəti sevmirik? Biz nə üçün bizim üçün yaradılanlara xor baxırıq? Biz nə üçün bizim olanların qədrini bilmirik?
Bəzən o qədər təzadlı yaşayırıq ki, dərindən düşünəndə ağlayarıq. Lakin təəssüf ki, bəzi insanları Ulu Yaradan bu hisslərdən uzaq edib.
Ağaclar həyatımızda mühüm əhəmiyyətə malikdir, elə deyilmi? Bu isti yay günlərində küçəyə çıxıb istiləyən kimi bir ağac axtarıb kölgəsinə sığınmaq istəyirik. Və gedib o ağacı tapırıq. Altındakı skamyada otururuq, başlayırıq istirahətə. İstirahət də ki, nə istirahət. Nə yeyiriksə, artığını, tullantısını atırıq ağacların dibinə. Hansı ki, tullantı qabları əlimizi uzatsaq, çatacaq qədərdir.
Siqaret həyatımızı bizdən alıb, buna şübhə yoxdur. Qiyməti bahalaşır da, zərərləri haqqında danışılır da, bizə öhdə olmur ki olmur. Otururuq ağacların kölgəsində, siqaretdən çəkib özümüzü də, təbiəti də zəhərləyirik, sonra da kötüyünü atırıq ağacların altına ki, su veriləndə çəksin canına, məhv olsun, özümüz kimi...
Mağazadan su alıb içirik, dondurma alıb yeyirik, bunların tullantılarının yeri haradır? Əlbəttə ki, küçələr, ağacların, güllərin dibi.
Biz nə üçün beləyik? Nə üçün təbiətə sevgimiz yoxdur? Şəhər mədəniyyətindən uzağıq?
İki gün öncə metronun “Koroğlu” stansiyasının çıxışında gördüyüm mənzərə bütün bunları söyləməyimə o qədər stimul verir ki, deyə bilmərəm. Ətrafda hara baxırsan, istirahət parkı, yaşıllıqlar, ağaclar, səliqə-sahman, skamyalar... İnsanların istirahəti üçün hər cür şərait yaradılıb. Addımbaşı tullantı qabları qoyulub. Lakin gəl, bu şəhərin gününə bax. Gəl, bu şəhərdəki ağacların acı taleyi ilə tanış ol.
Gəlin, görək, dünyanın daha hansı şəhərinə bizim bu şəhərimizə etdiyimiz sitəm edilir? Tək “Koroğlu”dan söhbət getmir. Hər yer belədir. Harada ki, biz insanlar varıq, orada təbiət zərər görür.
Yeyirik, atırıq, çəkirik, atırıq, içirik, atırıq. Bəs görəsən tullantı qutuları nə üçündür? Kim bizə ixtiyar verir ki, bu şəhərə, bu şəhərin təbiətinə bu qədər ziyan vuraq?
Parka gedirsən, iki gənc əyləşib-qız, oğlan. Tum çırtlayıb tökürlər ayaqlarının altına. Bir qədər o tərəfə gedirsən, biri suyu içib, butulkanı şappıltı ilə atdı yerə. Bir qədər aralıda biri dondurmanı yedi, tullantı qutusunun yanından keçib, qabığı atdı gül kollarının dibinə.
Bəs nə vaxtadək? Nə vaxtadək biz həm özümüzə, həm də tökdüklərimizi əyilib gün boyu təmizləyən küçə xidmətçilərinə qarşı hörmətsizlik sərgiləyəcəyik? Nə vaxt ürəyimizə bir azacıq ədalət gələcək ki, axı bizim yerə atdıqlarımız qədər əyilib onu götürənlər var. Onların yaşı da az deyil. Baxırsan ki, yaşlı qadın, kişidir, əlində süpürgə-xəkəndaz, süpürür, götürür. Yazıq gedir parkın o başına, qayıdanda görür ki, həmən həməndir.
Yəni fikirləşəndə heç də təzə nə isə danışmıram burada. Buyurun, şəkillərə baxın və bizim təbiət sevgimizlə, şəhər mədəniyyətimizlə bir daha tanış olun.
Bəlkə nə isə etmək lazımdı? Bəlkə kim isə elə bir təklif edə bilər ki, şəhərimizdə bu kimi mənzərələrin qarşısı alınar? Düşünürəm ki, buna bizim ehtiyacımız var. İnşallah, belə bir adam öz yenilikçi ideya və təşəbbüsləri ilə ortaya çıxacaq və belələrini durduracaq
Mətanət Məmmədova