Sərhəd deyiləndə ilk ağıla gələn Vətən, Vətən deyiləndə isə ilk düşünülən sərhəddir. Çünki sərhəd Vətənin varlığını təsdiq edir. Onu əhatə edir, qoruyur ki, Vətən daim təhlükəsiz olsun.
Sərhədlərimizi qoruyan sərhədçilər isə Vətənin ər, igid oğullarıdır. Onlar daim sərhədlərdədir. Nə gecələri, nə gündüzləri var. Nə isti, nə şaxta bilirlər. Havanın necə olmasına baxmayaraq onlar sərhəddə, öz mövqelərində, vəzifə başındadırlar. Çünki üzərlərində böyük bir məsuliyyət var: Vətəni qorumaq. Hər cür təhlükə ilə də üz-üzə qalırlar, lakin bir an belə gözlərinə yuxu getmir. Çünki onlara Vətəni göz bəbəyi kimi qorumaq tövsiyə olunur.
18 avqust, bax, elə məhz sərhədçilərin günüdür. Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə 18 avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis edilmişdir. Elə bu əlamətdar gündə böyük tarixi yol keçmiş sərhəd mühafizəsindən söhbət açmaq, bir əsrdən artıq yaşı olan bu sahənin inkişafına nəzər salmaq yerinə düşər.
Tarixə qısa nəzər...
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra, 1919-cu ildə milli hökumətin qarşısında duran ən mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində təcili tədbirlər görməkdən ibarət idi. Odur ki, hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır.
18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edir. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılır.
Sərhədlərin qorunması istiqamətində qısa zaman kəsiyində bir sıra xeyli işlər görən Azərbaycan hökuməti sonrakı illərdə yerlərdə dövlət və hakimiyyət strukturlarını möhkəmləndirməklə müstəqil respublikanın sərhədlərini hərtərəfli mühafizə etməyə qadir qüvvələr formalaşdırmağı qarşısına məqsəd qoymuşdu. Lakin cümhuriyyəti gözləyən acı tale bu arzuların həyata keçməsinə maneçilik yaratmaqda idi. Belə ki, daxili mübarizələr və bolşevik Rusiyasının 1920-ci ilin 27 aprel təcavüzü Azərbaycanın ilk müstəqil dövlətinin süqutuna gətirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin yaradılması işini də yarımçıq qoydu.
20-ci illərin əvvəllərində, Azərbaycan Xalq Сümhuriyyəti dövründə respublikanın təxminən 114 min kvadratkilometr ümumi ərazisi vardı. Onun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri isə mübahisəli ərazilər hesab olunurdu. Müstəqilliyimizin itirilməsi həmin ərazilərin də daşnak-bolşevik ünsürlər tərəfindən bədnam qonşularımızın ixtiyarına keçməsi ilə nəticələndi. Beləliklə, həmin illərdə Azərbaycanın 29,8 min kvadratkilometr ərazisi itirildi.
Bu gün respublikamız İranla 765 kilometr, Türkiyə ilə 15 kilometr, Rusiya ilə 391 kilometr, Gürcüstanla 471 kilometr, Ermənistanla 1007 kilometr sərhədə malikdir. Su sərhədi isə 825 kiolometrdir.
Sovet İttifaqı dövründə artıq Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərirdi. Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini sovet sərhədçiləri qorumuşlar. Şərq, şimal və qərb istiqamətlərində isə heç bir sərhəd infrastrukturu olmamışdır. Necə ki, həmin dövrdə Azərbaycandan əsgəri xidmətə gedənlər fəhlə batalyonlarına göndərilirdilər, eləcə də sərhədlərimizdə yerləşdirilmiş hərbi hissələrdə xidmət edənlər içərisində azərbaycanlılar demək olar ki, yox idi. Məqsəd isə aydın idi: azərbaycanlıların hərb sahəsində inkişaf etməsini əngəlləmək.
Bu proses XX əsrin 70-ci illərinin əvvəlinə qədər davam etdi və yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən sonra onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətdə dəyişikliyə nail olundu, 1969-1982-ci illərdə milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü.
Sərhədlərimiz 90-cı illərdə
Həmin dövrdə Azərbaycan Respublikasının Sərhəd Qoşunları ciddi problemlərlə üzləşmişdi. İran İslam Respublikası və Türkiyə ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğular dağıdılmış, hərbi texnika və digər maddi-texniki vasitələr yararsız hala salınmışdı. İxtisaslı kadrlara ciddi ehtiyac duyulurdu. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İran İslam Respublikası ilə dövlət sərhədinin 132 kilometr sahəsinə nəzarət etmək qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən öz məqsədləri üçün yararlanmağa çalışırdılar. Bütün bu amillər dövlət sərhədinin pozulması hallarının sayının kəskin artmasına gətirib çıxarmışdı.
Həmçinin həmin illər ərzində dövlət sərhədinin mühafizəsi əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış köhnə mühəndis texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilmiş, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri uyğunlaşdırılmış binalarda, vaqonlarda yerləşdirilmişdi.
O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ulu Öndər Heydər Əliyevin iradəsi, qətiyyəti və nüfuzu sayəsində yalnız muxtar respublikadakı sərhəd infrastrukturları qorunub saxlanıldı və sovet sərhədçiləri hərbi texnika və vasitələri bütünlüklə təhvil verərək ölkəni tərk etdilər. Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycan sərhədçiləri zəruri sərhəd infrastrukturlarının yaradılması işlərinə faktiki olaraq sıfırdan başlamışlar.
Sərhədlərimiz müstəqillik illərində
Müstəqillik əldə etdikdən və 1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. Odur ki, 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.
Müstəqilliyin ilk illərində ölkəmizin daxilindəki qeyri-sabitlik digər sahələrdə olduğu kimi, dövlət sərhədlərimizin mühafizəsi işinin təşkilinə də mənfi təsir edirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin tarixində yeni mərhələ başlandı, qısa zaman ərzində tənəzzülün yerini inkişaf mərhələsi aldı.
İctimai-siyasi, iqtisadi, mədəni həyatımızın bütün sahələrində olduğu kimi, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması işlərində də ciddi dönüş yarandı. Yuxarıda da qeyd etdiyimiz kimi, müstəqillik illərində sərhədlərin mühafizəsi sahəsində əldə edilmiş bütün uğur və nailiyyətlərin kökü hələ ötən əsrin 60-80-ci illərində xalqımızın böyük oğlu Heydər Əliyevin qəbul etdiyi taleyüklü qərarlarla sıx bağlıdır. Məlumdur ki, sovet dövründə Silahlı Qüvvələrdə, o cümlədən Sərhəd Qoşunlarında milli azlıqların xidməti inkişafına qeyri-rəsmi və süni maneələr yaradılırdı. Yalnız Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində DTK kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında da azərbaycanlı zabitlərin xidməti inkişafına xüsusi diqqət yetirildi, milli kadrların yüksək vəzifələrə irəli çəkilmələri təmin olundu. 1967-ci ilə qədər milliyyətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov polkovnik rütbəsini aldığı halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdı.
Milli silahlı qüvvələrin, o cümlədən də Sərhəd Qoşunlarının peşəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müstəsna əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hərbi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar yetişdirmək məqsədi ilə təsis edilmiş məktəb milli ordu quruculuğu sahəsində böyük əhəmiyyətə malik olmuşdur.
1995-97-ci illərdə Azərbaycan-Rusiya sərhədində Xudat Sərhəd Dəstəsi və Şəki Əlahiddə Sərhəd Komendantlığı, Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala və Şəmkir sərhəd dəstələri yaradılmış, Sərhəd Qoşunlarının formalaşması prosesi yüksək məsuliyyətlə aparılmışdır.
Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci ilin avqust ayının 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin yaradılmasına qədər bütün proseslər Ümummilli Liderin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər müstəqil dövlətimizin sərhədlərinin qorunması, Sərhəd Qoşunlarının yaradılaraq formalaşdırılması proseslərini daim nəzarətdə saxlamış, bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq qərarlar vermişdir. Nəticədə Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya sübut edilmiş, dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza yaradılmışdır.
Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır
Ümummilli Lider Heydər Əliyevin siyasi və mənəvi varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.
Elə bütün bunların nəticəsidir ki, ötən 20 ildən artıq dövrdə sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib.
"Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır" deyən dövlətimizin başçısı onu da bildirir ki, Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik, əmin-amanlıq ölkəmizin inkişafı üçün əsas şərtdir. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun. Dostlarımız üçün qapılar açıq, düşmənlər üçün bağlı olmalıdır. Sərhəd mühafizəsinin təşkili nəticəsində, Azərbaycanda daxili təhlükəsizliyin təmin edilməsi daha da yüksək səviyyədə təşkil olunur.
Bu sahədə “Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması və Proqramdan irəli gələn vəzifələrin icrasının sürətlə və keyfiyyətli şəkildə həyata keçirilməsi yüksək nəticələrin əldə edilməsinə şərait yaradıb.
Zabit heyətinin komplektləşdirilməsi ötən 20 il ərzində də xüsusi diqqət mərkəzində olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci il iyun ayının 12-də yaradılan Dövlət Sərhəd Xidmətinin Akademiyası ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasında mühüm rol oynamaqla, sərhədlərimizin daha mükəmməl şəkildə qorunmasını təmin edir.
Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminat sahəsində də mühüm tədbirlər görülmüşdür. Sərhəd dəstələrində videonəzarət sistemlərinin yaradılması, sərhəd zastavalarında müşahidə kameralarının quraşdırılması və görüntülərin dəstə qərargahına ötürülməsi nəticəsində, bilavasitə sərhəd xəttində xidmətin təşkilinə nəzarət gücləndirilmişdir.
Sərhədçilərimiz Vətən müharibəsində
2020-ci ilin 44 günlük Vətən müharibəsi milli ordumuzun zabit və əsgərləri ilə yanaşı, sərhədçilərimizin də nəyə qadir olduqlarını göstərdi. Belə ki, Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.
Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edildi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu.
Dövlət Sərhəd Xidməti tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.
DSX pilotları Abbas Qasımov və Xalid Gözəlov da müharibənin ilk günü şəhidlik zirvəsinə ucaldılar.
İkinci Vətən Müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub.
Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə yenı zastavalar yaradılmışdır.
Vətən sərhəd, sərhəd Vətəndir...
Bəli, sərhəd Vətəndir, Vətən də sərhəddir. Bu iki məfhum eyni fikri ifadə edir. Ona görə də sərhədçilərimiz sərhədlərimizi qorumaqla, Vətəni qoruyurlar. Təhlükəsizliyini onlara etibar edən milyonlarla insanı qoruyurlar. Bu insanlar arasında onların namusu olan nənələr, analar, bacılar, qızlar var. Bu insanlar arasında onlara əzmindən, ərlik və igidliyindən töhfə verən babalar, atalar var. Bu insanlar içərisində onların sabah Vətənə verəcəkləri övladları var. Elə bütün bunlara görə də qədim Azərbaycanın mərdlik, qəhrəmanlıq, rəşadət və namus simvolu olan oğulları 44 günlük müharibədə də olduğu kimi, hər zaman Vətənlə, onun şərəf və ləyaqəti ilə birgədirlər.
Bu oğullar gecə də, gündüz də oyaqdırlar. Gözlərini yuxu tuta bilməz. Onlara nə isti, nə də soyuq öz təsirini göstərə bilməz. Çünki bu oğulların ürəyi Vətən sevgisi ilə döyünür. Bu sevgi olan yerdə isə gecə aydınlıqdır, isti sərinlik, şaxta isə istilikdir. Çünki onların bir andı var: Vətən, namus, şərəf.
Bayramınız mübarək, əziz sərhədçilər! Bu gün Zəfərli ölkəmizdə üzüağ, alnıaçıq şəkildə Vətəni, onun ərazi bütövlüyünü, təhlükəsizliyini qoruyursunuz. Üzünüz hər zaman ağ, başınız dik, alnınız açıq olsun!
Mətanət Məmmədova
Allergiya xəstələrinə tozcuq mövsümünün ən qızğın dövründə məsləhətlər verilib...
Şəxsi fond: Böyük pul ailəni möhkəmləndirmək üçün bir vasitəyə necə çevrilə bilər..?