PDF Oxu

Sosial

  • 3 212

Tanınmış yazıçı və əməkdar jurnalistin pulunu belə mənimsədilər - FAKT

image

Son vaxtlar müxtəlif internet platformalarda onlayn dələduzluq halları kütləvi vüsət alıb. Bir çox fırıldaqçılar sosial şəbəkələrdə və elan saytlarında müxtəlif məhsulların reklamını qoyur. Fərqli foto və videolarla məhsulları reklam edir və özünü rəsmi mağaza kimi qələmə verir. Halbuki, ortada mağaza filan yoxdur, foto və videolar internetdən götürülüb. Üstəlik həmin məhsulları bazar qiymətindən xeyli aşağı qiymətə qoyurlar. Müştərilər əlaqə saxlayanda isə deyir ki, bizdə pulsuz çatdırılma xidməti də var.

Danışıqlar adətən Vatsap messenceri üzərindən aparılır və müştəriyə bank hesabı göndərilir, o da vəsaiti ora köçürür və gözləyir ki, məhsulu gələcək. Lakin nə məhsul gəlib çıxır, nə də həmin şəxs telefona cavab verir. Beləliklə on minlərlə şəxs aldadılır və bu dələduzlar vətəndaşların milyonlarla manat pulunu mənimsəyir. Belə hallarla bağlı son vaxtlar DİN və digər aidiyyatı orqanlar xeyli belə halı araşdırıb həmin şəxsləri məsuliyyətə cəlb etsə də, heç də hamısı haqda tədbir görmək olmur. Çünki bu cinayətkar qrupların bəziləri xarici ölkələrdədir və bu dələduzluq kampaniyasını oradan idarə edirlər. Lakin ölkəmizin özündə fəaliyyət göstərənlər də az deyil.

Prosesi o qədər peşəkar və inandırıcı təşkil edirlər ki, hətta jurnalistləri belə aldada bilirlər. Dünən bir jurnalist dostumuzun da başına belə bir iş gəlib. Evinin damı xarab olduğundan onu dəyişməyə qərar verən həmkarımız internet satış saytlarında dam örtüyü axtarıb. Lalafo.az elan saytında satış səhifəsini görüb. Səhifədə xeyli sayda məhsullar sərfəli qiymətə qoyulubmuş. Həmkarımız qeyd olunmuş telefon nömrələri ilə əlaqə saxlayıb danışıblar, telefonu götürən şəxs özünü Dərnəgül Dam Örtükləri Zavodunun rəsmi əməkdaşı Samir müəllim kimi qələmə verib və ödəniş bank hesabına köçürüldüksən dərhal sonra sifarişi göndərəcəklərini deyib. Həmkarımız 338 manat vəsaiti bank hesabına köçürüb və sifarişi gözləyib. Lakin sifariş gəlib çıxmayıb. Həmin telefon nömrələrin isə heç cür düşmək mümkün olmayıb. Vatsapa yazılan mesajlar çatsa da, şəxs cavab verməyib.

Həmkarımız həmin bank kartının və telefon nömrələrinin qeydiyyatda olduğu şirkətlərə müraciət etsə də, şəxsin tapılması mümkün olmayıb. DİN-in 102 qaynar xəttinə faktla bağlı məlumat verilib, oradan işi araşdıracaqlarını bildiriblər. Həmin şəxs hazırda ölkədədir, şəxslə yazışmalar və danışıqlar, səhifəsinin ünvanı, işlətdiyi telefon nömrələri (070 283 04 05, 077 373 08 09) və Kapitalbanka məxsus bank hesabı da (4169738832285617) polisə təqdim olunub. Yəqin ki, dələduz tezliklə tapılıb layiqli cəzasını alacaq və həmkarımızın da vəsaiti geri qaytarılacaq.

Bu işdə Dərnəgül Dam Örtükləri Zavodu, Kapitalbank və Lalafo.Az onlayn satış saytı da maraqlı olmalıdır. Çünki bu dələduzluq faktı onlardan istifadə edilməklə həyata keçirilib. Aldadılan və pulu mənimsənilən şəxs tanınmış yazıçı və əməkdar jurnalistdir. Yazıda adını açıqlamırıq, lakin şəxs özü müvafiq orqanlara müraciət edib və inanır ki, həmin dələduz tezliklə aşkar olunacaq.

Oxucularımıza bu məsələlərdə ehtiyatlı olmağı, məhsul alışı zamanı tanımaqdıqları şəxslərə əvvəlcədən bank vasitəsilə pul köçürməmələrini tövsiyyə edirik. Belə hallarla qarşılaşdıqda isə ictimailəşdirmələrini xahiş edirik ki, digərlərini aldada bilməsinlər.

Məsələni diqqətdə saxlayacağıq.

Elçin Bayramlı

Digər xəbərlər