Sosial

  • 3 538

“Son zəng” dəvətnaməsi -FELYETON

image

WhatsApp, “Qızlar” qrupu: Əziz qızlar, sizi qızım “A”in “Son zəng”inə dəvət edirəm. Tədbir “-“ nömrəli məktəbdə, sonra isə “filan” restoranda davam edəcək.

Qrupa sükut çökür. Xeyli vaxtdan sonra qızlar bir-bir təbrik yazmağa başlayır. Sonra şəxsi profilə keçirlər və qeybət başlanır.

-Ay qız, “Son zəng”ə nə vaxtdan dəvətnamə verməyə başlayıblar?

-Gedəcəksiniz?

-Getsək, nə aparaq?

-Bəlkə pul yığaq?

-Gəlin, məktəbə getməyək, birbaşa restorana gedək.

-Bizim məktəbdə nə işimiz var axı?

-Saatlarla ayaq üstündə qalmaq nəyimizə lazımdır?

WhatsApp, şəxsi profil: Əziz “L” xanım. Sizi oğlum “T”un “Son zəng”inə dəvət edirəm. Tədbir məktəbdə, sonra isə “filan” kafedə olacaq.

“L” xanımın bir xeyli matı-qutu quruyur. Öz-özünə: bunun da işi-gücü yoxdur ey, deyəsən. Mənim sənin oğlunun “Son zəng”ində nə işim var? Başları xarab olub ey, bu camaatın. Ay canım, “Son zəng”ə də dəvətnamə verərlər?

Bir qədər sonra isə “L” xanım cavab yazır: canim mənim, gözün-başın aydın olsun. Əlbəttə ki, gələcəyəm. Bəs mən gəlməyim, kim gəlsin. Xalası qurban, gün o gün olsun ki, ali məktəb qonaqlığına yığışaq.

WhatsApp, şəxsi profil: əzizim, “İ” xanım. Mənim və ailəmiz üçün dəyərli olduğunu nəzərə alıb, səni qızım “Y”un son zəng tədbirinə dəvət edirəm. Tədbir evdə keçiriləcək.

Mesajı görən “İ” xanım bilmədi, cin onu vurdu, yoxsa o cini: bəxtəvər başıma, ad günləri, kiçik toy, böyük toy, qız toyu, oğlan toyu, xına, uşağın cinsiyyət “partisi” bitdi, bir qalmışdı “Son zəng” qonaqlığı. Bu camaatın axırı necə olacaq, görəsən? Bunlarda üz var ey, dəqiqə başı, bir dəvətnamə. Əşi, 3 uşaq da mənim var, səni onların hansının “Son zəng”inə çağırmışam?

Bir qədər sonra isə yazır: əziz bacım, çox mübarəkdir, əlbəttə, gələcəyəm. Deməsəydin, səndən inciyərdim. Bilirsən ki, “Y” mənim öz balamdır. Hələ inşallah, ali məktəbə girəndə, gör, xalası nə edəcək.

Telefon zəng çalır:

-Salam, “V”, necəsən, canım?

-Salam, canım, yaxşıyam, sən necəsən?

- Yaxşılıqdır, şükür. Vaxtını çox almaq istəmirəm, səni qızımın “Son zəng”inə dəvət edirəm.

Sükut xeyli sürür. Bu arada “V” xanımın ürəyindən keçənlər: aha, işə düşmək buna deyərlər də. Yüngüllüyə bax hələ. Ay başınıza dönüm, “Son zəng”ə nə vaxtdan dəvət etməyə başlayıblar? Camaat getdikcə cılızlaşır ey.

Cavab: Çox mübarəkdir. Gələcəyəm, heç gəlməyə bilərəm. Sənin balan mənim balamdır. Xətrini də nə qədər istəyirəm, Allah bilir. Bəs harada olacaq?

-Həyətə salmışam. Ağacların altına, kölgəliyə. Restoranda nə var axı, dedim. Iki gündən bir oradayıq da.

-Düz etmisən. Görüşərik.

Beləliklə, “Son zəng”i onbirincilər tək yox, analarının yaxınları, qonşuları, qohumları, rəfiqələri, tanışları, iş yoldaşları, dərziləri, kosmetoloq, ginekoloq, stomatoloq... həkimləri, saç, manikür-pedikür ustaları ilə birlikdə çalırlar. Sonra da yaxşı yeyib-içmək olur.

Afərin!

Mətanət Məmmədova

Digər xəbərlər