PDF Oxu

Sosial

  • 8 253

Şuşa ilə ikinci görüş

Şuşa ilə ikinci görüş

Bu yaxınlarda həyatımda ikinci dəfə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, muğam beşiyi, gözəlliyi və əzəməti ilə hamını heyran edən Şuşa şəhərinə səfər etdim. 2020-ci ilin iyul ayında möhtəşəm qələbəmizin müjdəçisi və təminatçısı şanlı Tovuz döyüşləri ərəfəsində könüllü şəkildə ordu sıralarına yazılmaq üçün aiddiyyatı orqanlara rəsmi surətdə bir neçə dəfə ard-arda müraciət etdim. Nəhayət sentyabr ayının 21-də hərbi təlim-toplanış məqsədilə Milli Ordumuzun tərkibində hərbi xidmətə cəlb olundum. Bir neçə günlük taktiki təlim tapşırıqlarından sonra, biz artıq illərdir böyük həsrətlə gözlədiyimiz və can atdığımız Qarabağın azad olunması yolunda genişmiqyaslı döyüş əməliyyatlarına başladıq.

İnanın, döyüş əmrini aldıqda sevincimizin həddi-hüdudu yox idi. Qisas günü yetişmişdi. Hər kəs bir-birini öpüb-qucaqlayır, ürək dolusu təbrik edirdi. Çox qəribə hisslər keçirirdik. Etiraf edirəm ki, mən ömrümdə heç bir zaman sevinc və həyəcan hissini bu qədər iliklərimə hopan görməmişdim. Döyüşlər boyu hər birimiz böyük əminliklə irəliləyirdik, çünki öz tarixi dədə-baba torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq-ədalət savaşı aparırdıq. Azərbaycan əsgəri Vətəninin, xalqının, ölkəsinin daha yaxşı gələcəyi üçün ölümünü də gözə almışdı. Silah yoldaşlarımızın gözlərində qisas qığılcımı o qədər aydın sezilirdi ki, onu görməmək mümkün deyildi.

N saylı hərbi hissənin tərkibində şərəfli və çətin döyüş yolu keçdik. Çətin deyə qeyd etməyimin səbəbi kapitanlar Ülvü Hüseynov və Həmid Cəfərli, baş leytenant Allahyar Telmanlı və Səid Rəşidzadə kimi qorxmaz, əsgərini, Vətənini canından çox sevib qoruyan, döyüşçü və zabit şərəfini hər şeydən uca tutan qəhrəman komandirlərimizin şəhid olmasıdır. Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət zamanı tanıdığım vətənpərvər insan, cəsur və qayğıkeş komandirimiz, hərbi hissədə rabitə xidmətinin rəisi vəzifəsini icra edən kapitan Ruslan Qəhrəmanov da bu döyüşlərdə əsl igidlik və şəxsi rəşadət nümunəsi göstərərək ön cəbhədə qəhrəmancasına şəhadətə qovuşdu.

Şuşa şəhərinin azad edilməsi uğrunda döyüş tapşırığında bizlər yaralandıq, Babək Mahmudlu, Əmrah Səfərli, İkram Səmidov kimi böyük hünər sahibləri silah dostlarımız, xidmət yoldaşlarımız isə ən uca məqamı-şəhidlik zirvəsini fəth etdilər. Yaralandığım zaman ilk ağlıma gələn bir neçə kilometr məsafəni də qət edib Şuşa şəhərinə özümü çatdıraraq məsciddə şükür namazı qılıb şəhadətə yüksəlmək fikri oldu. Mən belə düşünürəm ki, indi Vətən yolunda, haqq-ədalət uğrunda şəhid olmaqdan böyük səadət və ucalıq ola bilməz. Bu səadət nəsib olmayanlar da bu şərəfli ada layiq görülən qəhrəman şəhidlərimizin sayəsində, ordumuzun və xalqımızın birliyi və həmrəyliyi ilə fədakarlıq hesabına düşmən tapdağından azad edilmiş yurd yerlərimizi rahat ziyarət edə bilir.

Yol boyu erməni vəhşiliyi və vandalizmi nəticəsində xüsusi amansızlıqla dağıdılmış yaşayış məntəqələrini, məzarlıqları,tarixi binaları görən həssas qəlbli vətənpərvər soydaşlarımız bu ürək ağrıdan, qan donduran mənzərə qarşısında göz yaşlarına hakim ola bilmirlər. Bunları görməklə onların erməniyə nifrəti artırdı. Elə bil erməni faşistləri bunu etməklə bilməyərəkdən azərbaycanlı əsgərlərin daha böyük nifrətini qazanmışdılar. Bizi döyüşə daha çox rühlandırırdılar...

Möhtəşəm Zəfər yolu ilə irəliləyən ziyarətçilər Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan əsgərinin şəninə həsr edilmiş musiqi sədalarının müşayiəti ilə Şuşa şəhərinə doğru bu hisslərlə irəliləyirdilər. Sonda isə bu döyüşlər bizim Zəfərli qələbəmizlə sona yetdi. Azərbaycan əsgərləri Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik Qarabağ həsrətimizə son qoydu. Düşmən tərəfindən xarabazara döndərilmiş Qarabağın belə sürətlə bərpası və inanılmaz dərəcədə gözəlliyi, artıq buralara keçmiş sakinlərimizin qayıtması mənzərələrindən təskinlik və qürur hissindən müqəddəs torpaqlarımızın geri qaytarılmasında hər hansı formada əməyi və xidməti olanlar xoşbəxtdirlər.

Avtobusda yanaşı oturduğum sərnişin vaxtilə Şuşada doğulmuş tarixi və əsilzadə bir nəslin nümayəndəsi Fərid Əbrəxandır. Fərid mənə yolboyu Şuşanın zəngin tarixinə dair dəyərli və faydalı məlumatlar çatdırdı. Şuşaya qalxana qədər bir çox kəndləri, yaşayış yerlərini görüb, ürəyimdə danışıb heyrətlənərək qürurlanıram, həm də duyğulanıram. Bir neçə il bundan öncə biz buradan düşmənləri kəndbəkənd qovub çıxartdıq, onların nə qədər qorxaq və yırtıcı olduğunu gördük, bu səhnələrin şahidi olduq. Düşmən müharibə müddətində yenə də öz çirkin və məkrli niyyətindən əl çəkmirdi. Peşəkarlığı və və qəhrəmanlığı ilə dünyanı heyrətə gətirən Milli Ordumuzun, onun xüsusi təyinatlı dəstələrinin qarşısında tab gətirə bilmədiyini görüb Ermənistan Silahlı Qüvvələri mülki sakinlərimizi, dinc əhalini atəşə tuturdu.

Onların 44 gün ərzində törətdiyi müharibə cinayətlərini sadalamaqla bitməz. Biz bir daha düşmənə faktiki olaraq sübuta yetirdik ki, güclü olduğumuz qədər də biz bir insanıq və mərhəmətliyik. Onlar hələ bundan sonra da etdikləri vəhşiliklərin, törətdikləri soyqırım və qırğınların cəzasını artıqlaması ilə alacaqlar. Şuşaya çatdıqda Hüseyn adlı birisi səyahət zamanı yaxınlaşdı.

Hüseyn avtobusda bizimlə bərabər Şuşaya gəlmişdi. Mənim tək olduğumu görüb çəkilişlər aparmağım üçün əlindən gələn köməkliyi əsirgəmədi. Çox vətənpərvər ruhlu, alicənab bir insan idi. Söhbətimiz zamanı aydın oldu ki, Hüseyn Hüseynov tarix müəllimidir və bu onun Şuşa şəhərinə ilk gəlişidir. Hüseyn müəllim Şuşanın əsasını qoyan dahi sərkərdə Pənahəli xan Cavanşir, Şuşa qalası və Qarabağ xanlığı haqqında zəngin məlumatlara malikdir. Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinə daxil olub şükür namazı qıldım və digər ibadətləri yerinə yetirdim. Şəhid olan əziz dostlarımın, qardaşlarımın mübarək ruhlarına dualar etdim. Şuşada misli görünməyən yenidənqurma işləri sürətlə davam etdirilir. Dövlət başçımız 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın dirçəlişinə və yerli sakinlərin öz yurd yerlərinə qayıtmasına xüsusi diqqət ayırır. Bizi, şəhid ailələrini diqqət mərkəzində saxladıqlarına görə,göstərdikləri psixoloji-mənəvi dəstək, qazi və yaralılara, veteranlara yaratdıqları hər cür şərait üçün Masallı şəhəri yerli icra orqanlarına, mərd, qeyrətli və fədakar xalqımıza öz dərin minnətdarlığımı bildirirəm.

44 günlük Vətən müharibəsi zamanı və postmüharinə dönəmində,borcumuz olsa da, Azərbaycan xalqının bizə göstərmiş olduğu dəstək və yardımı heç bir zaman unutmayacağıq. Bu şanlı və təkrarolunmaz qalibiyyətin əldə edilməsində şəhidlərimiz başda olmaqla, qəlbi Azərbaycanla,ordumuzla döyünən hər bir kəsin öz payı var. Biz çox xoşbəxtik ki, belə mübariz, döyüşkən və qədirbilən bir millətə mənsubuq. Xalqımızın bizə olan hörmət və etimadını hər zaman doğrultmağa və qoruyub saxlamağa çalışacağıq.

Bundan sonra da dövlətimizin suverenliyi,xalqımızın rifahı və ölkəmizin çiçəklənməsi üçün öz sahəmizdə əlimizdən gələni əsirgəməyəcəyik. Bizə zəfər sevincini bəxş edən şəhid qardaşlarımızın ailələrinə uca Allahdan səbr diləyir,onların qarşısında baş əyirik. Ordumuzun qəhrəmanlığı neçə qərinələr, əsrlər boyunca yetişəcək olan gələcək nəsillərimizə stimul qaynağı olacaqdır. Onlar igid oğul və qızlarımızın canı-qanı bahasına əldə olunmuş azadlığımızı qoruyub saxlayacaq, bayrağımızı hər zaman yüksəklərdə dalğalandıracaqlar.

İndi bədənimdə düşməndən mənə miras qalmış qəlpələrlə yaşayıram. Ancaq buna heyfislənmirəm, çünki dövlətimiz tərəfindən rayon rəhbərliyi, deputatlarımızın və xeyriyyəçilərin tam qayğısı ilə hərtərəfli əhatə olunmuşam. Heç vaxt hələ də bədənimdə gəzdirdiyim qəlpələrdən şikayətlənməyə haqqım yoxdur. Ona görə ki, Vətən müharibəsində Qələbədə kiçik xidmətlərimə görə ölkə başçımızın sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, ”Vətən müharibəsi iştirakçısı”və digər sinəmi bəzəyən, daim mənə qürur və ucalıq bəxş edən təltifləri qürurla sinəmdə gəzdirirəm. Və nə vaxt lazım gəlsə, bu dəfə yenə də Dövlət müstəqilliyimiz və müqəddəs torpaqlarımız uğrunda şəhid olmaq üçün bizlər hazırıq və həmişə sərvaxtdıq.

Cavid NURİ,
Vətən müharibəsi qazisi

Digər xəbərlər