PDF Oxu

Sosial

  • 4 179

İkinci şans da üzlərinə gülmədi -PROBLEM

İkinci şans da üzlərinə gülmədi -PROBLEM

Sertifikasiyadan kəsilən müəllimlərin əmək müqaviləsinə xitam verildi

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Ötən günlərdə 743 müəllim sertifikatlaşmadan keçə bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. Müəllimlərə daha bir il şans verildiyi və hazırlaşmaları üçün Elm və Təhsil Nazirliyinin bütün lazımi dəstəyi göstərdiyi iddia edilir. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.

Şabran rayonu, Pərviz İdrisov adına Ağbaş kənd tam orta məktəbinin pedaqoqu Balabəy Quliyevin sözlərinə görə, sertifikasiyadan keçə bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilməsi kədərlidir: “Bir çoxları, hətta toy-bayram edir. Axı nəyə sevinirsiniz? Bir müəllim tanıyıram, ibtidai sinif müəllimidir. 4-cü siniflər arasında keçirilən monitorinqdə onun sinfi yüksək nəticə göstərmişdi. Şagirdlərin oxu bacarıqları əla, riyazi bilikləri əla, tərbiyələri nümunəvi. Amma müəllimə sertifikasiyadan keçə bilmədi. Bu nədir, axı niyə belə oldu anlamaq olmur”.

Pedaqoq deyir ki, indi “müəllim savadsızdırsa, hamını kor qoyacaq” kimi fikir formalaşıb: “Gəlin belə danışaq, ali məktəblərin diplom verdikləri müəllim necə savadsız ola bilər? Bəs 5 il ali məktəb bu müəllimlərə savad verib axı, bu müəllimlər diplom alıblar axı. Müəllimə "savadsızsan" demək ədəbsizlikdir. Bir dəfə TV kanalların birində həkimlərlə onları sertifikasiyadan keçirənlər birgə verilişə dəvət olunmuşdular. Mən həkimlərimizin birliyinə, setifikasiya komissiyasının üzvlərinə qarşı ittihamlarına qulaq asdıqca onların həmrəyliklərinə valeh oldum. Verilişdə sertifikasiyadan keçə bilməyən bir gənc həkim də iştirak edirdi. Professor o gənci elə müdafiə etdi ki, komissiya üzvləri bu həkimi kəsdiklərinə görə sanki peşman oldular. Hələ indiyə kimi mən şəxsən imtahandan kəsilib işsiz qalan həkim tanımıram. Bilirsiz niyə? Çünki onların həmkarları bu məsələni məxfi saxlayırlar. Biz nə edirik?”

Müsahibimiz sertifikasiyadan keçə bilməyən müəllimləri hədəfə alan insanlar barədə danışdı: “Statusları və şərhləri oxuyanda inana bilmirsən ki, bunları yazanlar müəllimlərdir. Nəyi müzakirə edirsiz? Kəsiliblər, deməli, işləməyəcəklər. Bu biyabırçılıq nəyə lazımdır? Təhqir edirsiz, tənqid edirsiz, az qalmısız ki, tələb edəsiniz ki, edam olunsunlar. Heç maddi vəziyyəti fikirləşməyək, onların psixoloji vəziyyətindən xəbəriniz var? Bir daha qeyd edirəm,"gələcəyimiz", "uşaqlarımızı kor günə qoyurlar" və s. fikirləri təkrarlamayın şərh yazanda. Bu fikirləri niyə sertifikasiyadan qabaq 3-4 il bundan əvvəl demirdiniz? Hətta kəsilən müəllimlər üçün hədiyyələr də alırdınız. Onların hamısı mənə aydındır. Artıq bu müəllimlərin işinə xitam verilib. Müzakirələrinizə, onları lincləməyinizə ehtiyac yoxdur. Bu heç də qəhrəmanlıq sayılmır. Yaxşı olardı ki, kəsilən müəllimlərə MİQ-də iştirak etmək imkanı yaradılsın. Kim hər şeyə yenidən başlamaq istəyirsə hazırlaşıb imtahan versin”.

Azərbaycan dili və ədəbiyyat müəllimi Elgün Əfəndiyevin sözlərinə görə, sözügedən məsələ ilə bağlı bir çox müəllimlər Elm və Təhsil Nazirliyini baltalamaqla məşğuldurlar: “Bir dəfə də günahı özünüzdə axtarın, əziz müəllimlər. Öz üzərində işləməyən müəllim getsin başqa işlə məşğul olsun. Sistem idealdır demirəm, sadəcə, bilik səviyyəsi yerlə sürünən müəllimləri də az tanımıram. Sertifikasiyaya hazırlıq prosesində kar və cingiltili samitləri ayıra bilməyən müəllimləri az görməmişəm. İşlətdiyi KSQ-ni düzgün yoxlamayan müəllimlərdən danışmıram hələ. Bu, dəhşətli bir şeydir bir müəllim üçün. Ona görə də ETN yaxşı edir, amma düz etmir. Daha doğrusu, kəsilənlərin işdən çıxarılmasını yaxşı edir, amma onların yenidən MİQ yolu ilə işə qayıtmasını düz etmir. Çünki bu, təhsildir. Təhsillə zarafat etmək olmaz. Başqa sahələrdə güzəşt etmək olar, amma təhsildə qətiyyən. İnanıram ki, sertifikasiya prosesi təhsilin inkişafına təkan verəcək. Axı bu müəllimlərə ETN ikinci şansı verir və yenə də kəsilirlər. Buna baxmayaraq, hamını da borclu çıxarırlar. Təhsildən uzaqlaşmaları əla addımdır.

Pedaqoq Selcan Ağazadənın özlərinə görə, tibbdə və təhsildə güzəşt olmamalıdır: “Bəzən kompyuterlə işləməyi bəhanə göstərirlər. Müəllim bir il əvvəldən bilirdi ki, gələn il imtahan verəcək. Bircə ay, hər axşam oturub cəmi 10 dəqiqəsini ayırsaydı, çoxdan öyrənmişdi kompyuterlə işləməyi. Bir də ki, imtahan zamanı orada proqram tərtib etmirsən. Bir nöqtəyə tiklayırsan, vəssalam. Yəni orada tragik heç nə yoxdu. İddia edirlər ki, vaxtı çatdıra bilməyiblər imtahanda, bu, özü bir böyük problemdir. Bəs sinifdə 45 dəqiqədə dərsi necə çatdırır, maraqlıdır. Əgər bu müəllimin oxuyub anlaması zəifdirsə, uşağa nə öyrədir? O ki qaldı müəllimin kredit borcuna və ya güzəranına. Guya müəllim olmayıb fəhlə olanın borcu ola bilməz? Nə əlaqəsi var bunun dərslə?”

Müəllimə deyir ki, cəmiyyət olaraq başa düşməliyik ki, indi dövr çox sürətlə inkişaf edir və biz bu sürətə ayaq uydura biləcək savadlı kadrkar yetişdirməliyik. Millətimizin, cəmiyyətimizin, xalqımızın sabahı bu savadlı kadrlardan asılıdır. Nə vaxta qədər bizim kasıb xəstəmiz yaxşı müalicə üçün xaricə getməyə və bunun üçün ianə toplamağa məcbur qalacaq? Bizə savadlı həkimlər, məhz vətəndə lazımdır. Eləcə də butun sahələrdə. Bünövrəsi kor olmuş uşağı elə bilirsiz düzəltmək olur? Əsla! İşləyən müəllimlər yaxşı bilir. Aşağı sinifdən zəif gələn uşaqdan heç vaxt yüksək nəticə almaq olmur. Əgər o uşaq fitri istedad deyilsə. İllərlə sistemli öyrənilən biliklə daha yaxşı uğur əldə etmək olur, nəinki 10-11 də öyrənilənlə. Ona görə də bu məsələyə bu qədər barmaqarası baxmaq qətiyyən yolverilməzdir. Sertifikasiya bu gun elan olub, sabah keçirilməyib. Bir il əvvəldən öyrənməli idi, bir il də kəsiləndən sonra. Əgər bir müəllim iki ilə 30 balı keçə bilmirsə, bu, sözün bitdiyi yerdir”.

Psixoloq Sevinc Əlizadənin sözlərinə görə, müəllimlərin psixoloji vəziyyətinə dair komissiya təşkil olunması da yaxşı addım olardı. Orta yaş müəllimlər kişi, qadın hormonal problemləri şagirdlərin üzərində ciddi hiss olunur: “Düşünün, şagirdin keçid dövrü ilə müəllimin keçid yaş dövrü üst-üstə düşdüyü üçün ciddi psixoloji çatışmazlıqlar yaşanır. Kişilərdə andropoz, qadınlarda menopoz prosesi ağır keçir. Bu da məktəb və universitet müəllimlərində özünü ciddi göstərir. Əslində, bu problem hər sahədə hiss olunur. Amma müəllimlər toplumun ən kasıb xidmət verəni olduğu üçün, bu dönəmdə psixoloji və bioloji mualicəyə gücü çatmır. Amma istənilən sahədə imtahan varsa, detallı hazırlaşmaq lazımdır deyə düşünürəm”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər