PDF Oxu

Sosial

  • 3 699

Vahid forma? Yox canım, 4 növü var... -ABSURD

image

Adı vahid, özü çeşid məktəbli formaları ətrafında narazılıq böyüyür

Ötən il Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq etdi. 2022-2023-cü tədris ilində yeni formalar məcburi xarakter daşımadığı üçün mövcud məktəblilər var olan formalarını istifadə etdilər, 1-ci sinfə başlayan və bəzi şagirdlər könüllü olaraq yeni forma geyindilər. Ötən il yeni forma alan valideynlər 4 mövcud rəngdən birini məktəb rəhbərliyinin diqtəsi ilə seçmişdilər. Bu il həmin məktəblərdən bəzilərinin ötən ilki formanın rənginin dəyişdiriləcəyi ilə bağlı tələbləri var.

Yeni forma tətbiqində 3 ildən bir formanın rənginin pedaqoji şurada müzakirəyə çıxarılacağı fikrini absurddur. Ən yumşaq ifadə ilə, bu valideynlərin cibinə girməkdir. 3 övladını məktəbə göndərməli olan valideyn böyük övladının kiçilən formasını kiçik övladına geyindirməklə ailə büdcəsinə qənaət etmiş olur, lakin uşaqlar arasında 3 il müddət varsa və böyüyün forması kiçiyə 3 il sonra olursa bu mümkün olmayacaq. Çünki hər işıq gələn yerdən pul qazanmağa çalışan, yumurtadan yun qırxan bəzi məktəb direktorları üçün bu qazanc mənbəyinə çevriləcək. Necə?

Deməli, ötən il təsdiq olunan yeni məktəbli geyimi modelinin köynəkləri 4 rəngdə istehsal ediləcək - ağ, boz,yaşıl, mavi. Gülməli olan odur ki hər 4 modeldə 3 növ ətək, 2 növ köynək var. Budur vahid forma? Adamın üstündə allah var, şalvar və jaket bir modeldir, yoxsa neyləyərdik? Hansı məktəb hansı rəngi istəsə o rəngi seçəcək, valideynlərə bildiriləcək, valideynlər də o rəng forma alacaq. Məsələ burasındadır ki, bəzi məktəblər də NK-nin qəbul etdiyi 4 rəngə daxil olmayan çəhrayı rəngdə forma tələbi qoyub.

Qeyd edim ki, məktəblərin daxili nizamnaməsinə görə, Pedaqoji Şura öz geyim formalarını seçmək ixtiyarına sahibdir. Daha bu nə vahid formabazlıqdır? Yenə də vahid forma olmayacaq axı, hər məktəbin öz geyimi olur. Böyük qızının formasını gələn il kiçik qızına geyindirmək istəyən valideyn, indidən fikrindən daşın, sənin kiçik qızın 3 ildən sonra onsuz da o geyimi geyinə bilməyəcək, çünki direktor 3 ildən sonra pedaqoji şuranı çağırıb geyimin rəngini dəyişə bilər. Buna məktəblərin daxili nizamnaməsinə görə icazə verilir və bu kimi qərarlara nazirlik müdaxilə etmir. Lakin görünən odur ki, direktorlar heç 3 il də gözləməyiblər, keçən il köhnə forma ilə yanaşı, yeni forma da tətbiq edilən bəzi məktəblərdə bu il fərqli rəngli forma tələb edilir. Bəzi məlumatlara görə, keçən il yeni formanın rəngini seçib şagirdlərə aldıran məktəblər bu il həmin formanı qəbul etmirlər. Valideynlərə yeni rəng forma almağı tapşırıblar. Əfsus ki, valideynlər şikayət etmir, direktor nə çalırsa, o havaya oynayırlar.

İl ortasında evini satıb başqa yerdən ev alan valideyn, kirayədən çıxmaq məcburiyyətində olan, başqa yerdə kirayə tutmalı olan valideyn, iş yerini dəyişdiyinə görə evini də dəyişməli olan valideyn, sənin “gəlhagəl”in olacaq. Axı bu kimi hallarda uşağın məktəbini də dəyişməli olacaqsan. Belə olan halda da sən iki dəfə keflənəcəksən, çünki uşağın hazırkı məktəbində geyindiyi forma yeni məktəbin forması ilə düz gəlməyəcək.

Məktəblərin açılmasına 10 ay var. Əksər valideyn məktəbin yönləndirdiyi dükanlardan forma tədarükünü görüb. Məktəb, dükandan alınan formanın qəbzini tələb edir. Belə çıxır ki, məktəb-dükan işbirliyi var. Valideynlər Sədərək Ticarət Mərkəzində 10 manata təklif edilən məktəbli formasının köynəklərini bu dükanlardan 15-18 manata, bazarda 15 manata olan şalvar və ətəkləri dükanlardan 25 manata almalı oldular. Çünki məktəblər valideynlərə bazardan alınan formanın qəbul edilməyəcəyini bildirib. Bu günlərdə bazarda satılan formaların ekoloji təmiz olmadığı barədə açıqlamalar da yayıldı. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq, məktəb direktorlarının yeni forma ilə bağlı tələbləri, rəng seçimi barədə şikayətlər artacaq.

Həmçinin, indidən valideynlərə ultimatum verən məktəb direktorları var, qızlara vahid məktəbli formasının dəstinə daxil olan şalvarın alınmaması barədə qadağa var, bildirilib ki, geyinməyə icazə verilməyəcək. Halbuki, qızlar üçün şalvar Nazirlər Kabinetinin təsdiqlədiyi vahid formanın qış versiyasına daxildir və geyinilməsi üçün heç bir problem yoxdur. Yəni, konkret olaraq qızlar üçün qış geyim dəstində şalvar da nəzərdə tutulub. Valideynlər hüquqlarını bilsə, heç bir direktor bu cür qadağa qoya bilməz.

Lalə Mehralı

Digər xəbərlər