"İnsanda aqressiyanı yaradan səbəblər çoxdur. Əvvəla qeyd edim ki, aqressiya bir insanın özünə və ya digər insanlara ya fiziki, ya da mənəvi şiddətini özündə ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Fatimə Bayramova deyib.
Onun sözlərinə görə, aqressiyanın xarakterik hal almasına səbəb olan faktorlarına ailədə şiddət, valideynlərlə konfliktli münasibətin davam etməsi, həmyaşıdları tərəfindən "kənarda" qalması, təcavüz, perfeksionizm, özünütəsdiq, özünəqiymətin aşağı olması və yuxusuzluq kimi hallardır: "Aqressiya bəzən qorxudan da yaranır, insan özünü müdafiə etmək üçün daim digər insanlara kobud rəftar edir.
Göründüyü kimi, səbəb yaradan amillər çoxdur. Aqressiyanın bu cür xaricə ifadə edən tərzindən savayı passiv aqressiya da mövcuddur".
Fatimə Bayramova sözlərinə belə davam edib: "Aqressiyanın korreksiyası istənilən yaş dövründə insana yaxın, ailə və ya dostların sayəsində daha çox müsbət nəticələnir. Çünki bəzən aqressiya tərbiyə xarakter daşıyır, uşaq evdə daim konfliktin, ata- ana və ya digər ailə üzvlərinin mübahisələrinin şahidi olur. Bu zaman da uşaq özündən balaca və ya oyuncaqlarının üzərində aqressiv davranışı təkrar edir, oyuna köçürür, 5 yaşdan sonra tədricən isə xarakterinə çevrilir".
Ayşən Vəli