PDF Oxu

Sosial

  • 3 226

AXCP, Müsavat və Real, bu, namus işidir!

image

Bəli, söhbət Vətəndən, torpaqdan, ərazi bütövlüyündən, həmin ərazidə xidməti vəzifəsini həyata keçirən soydaşlarımızdan, onların həyati təhlükəsindən gedirsə, bu, bir namus işidir. Necə ki, 2020-ci ildə 30 il işğal altında inləyən torpaqlarımızı xilas etmək üçün xalq dövlət başçısının səsinə səs verib ayağa qalxdı, milli ordumuzun zabit və əsgərləri Ali Baş Komandanın əmri ilə ərazilərimizi işğaldan azad edib, eyni zamanda namusumuzu xilas etdilər, indi də torpaqlarımızda terrorizmə qarşı antiterror tədbirlərinin həyata keçirilməsi namus işidir. Lakin sizlər yenə də kənarda qaldınız. Yenə də dövlətin və xalqın yanında olmadınız. Yenə də erməni terrorçularına dəstək olduğunuzu bəyan etdiniz.

Susmaq... Bu, ata-babadan razılıq əlaməti olub, bilməmiş olmazsınız. Susursunuz, deməli, səsini qaldıran, Dəstək Bəyanatı imzalayan 23 siyasi partiyadan fərqli olaraq olanlara göz yumur, susmaqla erməni terroristlərinin doğru yolda olduğunu təsdiqləyirsiniz? Susmaqla “əcəb edib torpaqlarımızda at oynadırsınız”, deyirsiniz? Susmaqla ərazi bütövlüyümüzə, konstitusiya quruluşumuza xələl gətirənlərə haqq qazandırırsınız?

Nə üçün sizlər ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur məsələlərində həmişə kənarda qalırsınız? Bilirsiniz, nə düşünürəm? Bəlkə də yüz dəfə düşünmüşəm və yazmışam, yüzlərlə dəfə də yazacağam, çünki təkrar biliyin anasıdır. Düşünürəm ki, ona görə bu məsələlərdən kənardasınız ki, vaxtilə o torpaqları satan siz olmusunuz axı. Bütün bunların fonunda həqiqətən, niyə də narahat olub dəstək nümayiş etdirməli idiniz ki?

Əslində siz çox məntiqlə düşünmüsünüz. Ya fikirləşmisiniz ki, Dəstək Bəyanatına dəstək olan kimi gülünc obyektinə çevriləcəksiniz. Ya düşünmüşünüz ki, öz satdığımız torpaqlar uğrunda müdafiəyə qalxsaq, bizə nə deyərlər. Ya da bu cür yanaşmada qrandlarınızın kəsiləcəyindən, arxanızdakıları itirəcəyinizdən qorxmuşunuz, deyilmi?

Lakin axı bu, namus işidir. Hər kəs ölkədə bu namus məsələsinə reaksiya verərkən, qonşuluqdan kənar erməni tör-töküntüsünün bizim torpaqlarda terror hadisələri törətməsinə qarşı çıxarkən siz üçünüzün kənarda qalması bilirsinizmi, nə deməkdir? Vallah. Adam bu barədə düşündükcə, dəhşətə gəlir.

Sizin dəstək olub-olmamağınız heç nəyi dəyişmir. Bunu çox gözəl bilirsiniz. Sanki bir tərəfdə dağ dayanıb, bir tərəfdə də 2-3 yabanı bitki. Bax, dəstək Bəyanatına dəstək olmamağınız buna bənzəyir. Lakin bu namus məsələsinə hər kəsin reaksiya verməsi fonunda kənarda qala bilməyiniz, gözünüz önündəcə torpaqlarımızda törədilən terror hadisələrinə göz yuma bilməyiniz bir qədər qəribə görünür. Axı çıxışlarınızda çox pafosla “xalq, xalq, demokratiya”, deyirsiniz.

Deməli, varlığınız kimi, danışdıqlarınız da yalandır. Sizlərin bir amalı var: hakimiyyət. Axı 90-ların dadı damağınızda qalıb. Çox az hakimiyyətdə oldunuz, dadını gördünüz, səfasını yaşamağa başlamışdınız ki, bir kənara atıldınız. Axı bütün xalq şahid oldu ki, bir az da hakimiyyətdə qalsaydınız, bütövlükdə ölkəni itirməli olacaqdıq. İndi də düşünürsünüz ki, nə edək yenidən xalqın etimadını qazanaq, lakin xalqla bir olmayan onun etimadını haradan qazanacaq ki?

Sizin yerinizə kim olsaydı, bu ölkəni tərk edərdi. Çünki xalqın bu dar günündə onunla deyilsinizsə, sonra hansı üzlə üzünə çıxacaqsınız? Daha bizim yanımızda bir söz danışmağa, səsinizi çıxarmağa üzünüz olacaq?

Olar, sizdə olar. Lakin özünüz danışıb, özünüz də qulaq asmalı olacaqsınız, həmişəki kimi. Çünki bu xalqın bir nümayəndəsinin belə sizə dönüb baxmağa vaxtı yoxdur. O ətrafınıza min bir vədlə yığdığınız 3-5 nəfər də bu namus məsələsindən sonra sizdən uzaqlaşacaq, əmin olun.

Unutmayın ki, Dəstək Bəyanatında iştirak etməməklə həm təkrar olaraq xalqdan uzaqlaşdınız, həm də bu gün həllinə çalışdığımız namus məsələsindən.

Bu, unudulacaq məsələ deyil.

Mətanət Məmmədova

Digər xəbərlər