PDF Oxu

Sosial

  • 2 944

Viki-müharibə: kim udur, kim uduzur? -ANALİZ

image

Vikipediya bir çox dillərdə istifadəçiləri tərəfindən birgə hazırlanmış ödənişsiz, müstəqil, reklamsız və qeyri-kommersiya xarakterli internet ensiklopediyasıdır. MediaWiki proqramından istifadə etməklə hazırlanır. Vikipediyaya daim əlavələr və dəyişikliklər edildiyi üçün onun heç vaxt tamamlanmayacağı güman edilir.

Onun təsisçilərindən biri olan Cimmi Uels Vikipediyanı “dünyadakı hər bir insana öz dilində ən yüksək keyfiyyətli pulsuz ensiklopediya yaratmaq və yaymaq səyi” kimi xarakterizə edir. Vikipediya sözü “wiki” və “pedi” sözlərinin birləşməsidir. “Viki” Havay dilindəki “wiki wiki” (sürətli və məlumat ötürmək məqsədli) sözündən götürülüb. "Pedi" Qədim Yunan Sivilizasiyasında "hərtərəfli mədəni təhsil sistemi" mənasını verən “payeia” sözündəndir.

Vikipediya- internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində könüllü istifadəçilər tərəfindən yaradılan internet ensiklopediyasıdır. Yarandığı dövrdən, yəni, 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, ensiklopediya hər gün daha çox məşhurlaşır, istifadəçisi artır.

Vikipediya- qeyri-hökumət təşkilatı olan “Wikimedia Foundation” tərəfindən yaradılıb. Vikipediyanı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.

Vikipediyanın yaradıcıları- Jimmy Wales və Larry Sanger 5 il əvvəl tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun internet ensiklopediyasını yaratmaq qərarına gəliblər. Bu təşəbbüs özünü doğrultdu və Vikipediya az sonra dünyanın ən məşhur 10 internet saytı sırasına daxil oldu.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən çıxış etməsidir. Yəni, burada “...ən güclü atamdir” kimi şəxsi fikirlərə yer olmamalıdır. Təbii ki, resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Qarabağ mövzusu ətrafında həm azərbaycanlılar həm də ermənilər fakt və fikirlərini bölüşə bilərlər. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız diskussiyalar, müzakirələr müəyyən edə bilər.

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlayıb. Buna Azərbaycanın açıq on-line ensiklopediyası kimi də baxmaq olar. Vikipediya ensiklopediyasında məqalələrin sayı hər gün artır. Hazırda Azərbaycan dilində 20 mindən artıq məqalə var.

Azərbaycanımızın şəhər və rayonları, şair və yazıçıları, mətbəxi, geyimləri, mədəniyyəti, tarixi, və s. haqda dürüst məlumatınız varsa, maksimum neytrallığı və obyektivliyi qoruyaraq, durmadan Azərbaycan Vikipediyasına əlavələr edin. Bunun üçün, sadəcə, qeydiyyatdan keçmək kifayətdir. Vikipediya bu gün dünyada güvənilən və çox populyar informasiya mənbəyi kimi tanınır.

Vikipediyanın ən mühüm siyasətlərindən biri onun neytrallıq siyasətidir. Neytral baxış bucağı təlimatı Vikipediyanın təməl daşlarından biridir. Xüsusilə, bütün mübahisəli məsələlər müzakirə tərəfləri ilə bərabər məsafə saxlanılaraq yazılmalıdır. Dini və siyasi məzmunlu məqalələr Vikipediyada ən çox hücuma məruz qalan və dəyişiklik edilən məqalələrdir. Unutmaq olmaz ki, Vikipediya bir millətin, qrupun, komandanın, sinfin və ya dinin ensiklopediyası deyil. Hər kəs istənilən dildə Vikipediyaya töhfə verə bilər. Hazırda Vikipediada 300-yə yaxın dildə məlumat bolluğu var, qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 93 milyona yaxındır. Dünyanın ən populyar 10 saytı sırasında yer alan açıq ensiklopediyada ingilisdilli məqalələrin sayı altı milyondan çoxdur.

Əgər Vikipeyaya yazan və ziddiyyətli mövqedə olan iki tərəf eyni məlumatı 24 saat ərzində 3 dəfədən artıq redaktə edirsə, bunu edən şəxsin Vikipediaya girişinə müddətli qadağan qoyulur. Düşünülür ki, bu müddətdə həmin şəxsin hirsi soyuyacaq və o daha obyektiv olacaq.

Dünyada informasiya savaşı getdiyi bir zamanda bu sahədə internetin əvəzedilməz rolunun olduğunu görərik. Azərbaycan bu savaşın tam ortasındadır. Ermənilər öz yalanları ilə dünya internet resurslarını doldurublar. Təəssüf ki, bu sahədə onlar bizi üstələyirlər. Halbuki, dünyada 50 milyon azərbaycanlı, 10 milyon erməni yaşayır.

Ermənilərdən sayca 5 dəfə artıq olmağımıza baxmayaraq onlara informasiya savaşında uduzmaq normal deyil. Üstəlik, ermənilərin viki-mənbələrə doldurduğu yalanlar, bizim yazacaqlarımzı isə saf gerçəklərdir. Bu səbəbdən də hər bir azərbaycanlı Vikipediyada heç olmasa 2-3 məlumat yerləşdirməyi özünün borcu hesab etməlidir. Yaxşı olardı ki, Azərbaycan həqiqətləri daha çox xarici dillərdə yerləşdirilsin. Azərbaycanın tarixi, ərazi bütövlüyü, I və II Qarabağ Müharibələri, Qarabağ mədəni mühitinin tarixi memarlıq və dini abidələri, folkloru və s. haqqında rus və ingilis dilində yeni-yeni məqalələrin yaradılması prosesi davam etdirilməlidir. İnformasiya cəbhəsində gedən amansız müharibədən də qalib çıxmaq şərtdir.

Lalə Mehralı

Digər xəbərlər