"Ata ilə oğul arasındakı soyuqluğun səbəbini ilk olaraq həmin atanın böyüdüldüyü evdə axtarmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, adətən, belə atalar özləri də soyuqqanlı bir ailədə böyüyürlər və eləcə də oğulları ilə bu şəkildə rəftar edirlər: "Yəni, hər birimiz doğulduğumuz və böyüdüyümüz evi tərənnüm edirik".
Psixoloq sözlərinə belə davam edib: "Adətən, əvvəllər ölkəmizdə belə bir tendensiya var idi ki, atalar öz uşaqlarını böyüklərin yanında öpməz, onları qucaqlamaz və yaxınlaşmazdı. Çünki bu, ayıb sayılardı. Hətta bəzi zonalarda valideynlər uşaq yıxılanda belə onu yerdən qaldırmırdı ki, böyüklərdən ayıbdır. Bu mühitdə böyüyən ata və oğul münasibəti əlbəttə isti ola bilməz. Amma yavaş-yavaş psixologiya həyatımıza girdikcə bu düşüncələr aradan qaldırılır".
Ayşən Vəli